“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) son vaxtlar bəzi saytlarda və sosial şəbəkədə yayılan məlumatlara aydınlıq gətirib.
"Sherg.az"ın report-a istinadən məlumatına görə, AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov bildirib ki, Azərbaycan Televziyası ilə bağlı bu yazılar və iddialar barədə kanalda sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədova qarşı tərəfin mövqeyinin öyrənilməsi, yaxud aydınlıq gətirilməsi üçün heç bir zəng olmayıb:
“Həmin yazılar çoxsaylı qrammatik səhvləri, primitiv cümlə quruluşları, bəsit və birtərəfli yanaşması ilə müəllifin hansı bacarığa, səviyyəyə malik olduğunu açıq şəkildə ortaya qoyur. Amma nə edəsən, jurnalistikada belələrinə də rast gəlinir. Yazılarda müəllif qeyd edir ki, “məsələ ilə bağlı AzTV sədri Rövşən Məmmədovun telefonuna etdiyimiz zənglər cavabsız qaldı”. Özünü qələm əhli hesab edən müəllif hələ bilmir ki, hər hansı məsələ ilə bağlı qarşı tərəfin, bu halda isə təşkilatın fikrini öyrənmək üçün həmin qurumun rəhbərinə deyil, ictimaiyyətlə əlaqələr şöbəsinə zəng etmək lazımdır. Halbuki, nə kanalda sədr səlahiyyətlərini icra edən R.Məmmədova, nə də Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri kimi mənə belə zəng gəlməyib".
Kanalda verilişlərin bağlanması iddiası ilə bağlı bildirilib ki, nəinki AzTV-də, həmçinin Mədəniyyət və İdman kanallarında onlarla veriliş bağlanılır və yeniləri açılır: "Azacıq televiziya anlayışı olan və ya ümumiyyətlə, TV-yə baxan istənilən şəxs gözəl bilir ki, hər hansı verilişin, xüsusən də mövsümün sonunda bağlanması, yaxud açılması istənilən media qurumunun daxilində baş verən normal prosesdir. İstənilən kanal tamaşaçı marağına cavab vermək və baxımlı olmaq üçün bu addımı atır və atmalıdır. Yaxşı, əgər verilişlərin bağlanması kimlərisə narahat edirsə, o zaman yeni verilişlərin adları niyə çəkilmir? Qeyd edilən 24 bağlanan verilişin əvəzinə həftə içi 5 gün yeni studiyadan, yeni formatda efirə gedən “Əsas Məsələ” siyasi tok-şousu ilə yanaşı, bu verilişlər efirə gedir:
1. Kitab klubu (AzTV)
2. Milli istehsal (AzTV)
3. Gün başladı (AzTV)
4. Sağlam ol (AzTV)
5. Uğur düsturu (AzTV)
6. Texnoxəbər (AzTV)
7. Tarixin izi ilə (AzTV)
8. Məmləkətim (AzTV)
9. Günellə səyahət (AzTV)
10. Təhsil üçbucağı (AzTV)
11.Nəsillərin debatı (AzTV)
12.“Rakurs” (AzTV)
13. Ağ-qara (AzTV)
14.Gəncsən (AzTV)
15.Gənclik stansiyası (AzTV)
16.Döyüşçü (AzTV)
17.Vətənə xidmət (AzTV)
18.Telesəhər (AzTV)
19. İrfan səması (Mədəniyyət TV)
20.Şirin yuxular (Mədəniyyət TV)
21.Torpağın sirri (Mədəniyyət TV)
22.Səhərçağı (Mədəniyyət TV)
23.Teleafişa (Mədəniyyət TV)
24. Peloton (İdman Azərbaycan)
25. Legioner mətbəxi (İdman Azərbaycan)
26. Ay-ulduzlu liqa (İdman Azərbaycan)
27.Transfer gündəmi (İdman Azərbaycan)
28. Sabahın ulduzları (İdman Azərbaycan)
29.Döyüşçü klubu (İdman Azərbaycan)
30.Döyüş zonası (İdman Azərbaycan)
31.Tur de Stad (İdman Azərbaycan)
Bütün bu verilişlər, “Xəbərlər” informasiya buraxılışlarının sayının artırılması, yeni studiyası, canlı bağlantılar, təqdim olunan rəngarəng sujetlər, şənbə reportajları, televizyanın nəzdində fəaliyyət göstərən "Azərbaycantelefilm"in işinin bərpası, çəkilşinə start verilən teletamaşalar, bədii televiziya filmləri, sənədli oçerklər ( Nəsiminin 650 illiyinə həsr olunan “Sonuncu gecə” filmi, “Gül dedi bül-bülə”, “Zəng” kimi teletamaşalar), həmçinin kanalın rebrendinqi, təbliğat və sosial xarakterli müxtəlif videoçarxlar, eləcə də müxtəlif istiqamətlərdə təşkil olunan müsabiqələr (Muğam müsabiqəsi, Nəsimi şerləri üzərində qurulmuş bədii qiraət müsabiqəsi, vokal müsabiqəsi və s.) cəmi 5 ay ərzində reallaşdırılan layihələrdir. Xüsusən qeyd etmək istəyirik ki, açılan yeni verilişlərin heç biri yazılan kimi “prodakşn” verilişlər deyil. Bu layihələrin hər birini AzTV, Mədəniyyət və İdman Azərbaycan kanallarının əməkdaşları hazırlayır. Bu layihələrin hər birinə görə, həmin əməkdaşların qonorarı 2, bəzi hallarda 3 dəfə artıb. Proses davam edir. Əlbəttə, yeni və kreativ proyektlər yeni işçi heyəti də tələb edir ki, bu gün sıralarımıza TV sahəsində öz sözünü deyən peşəkar əməkdaşlar cəlb olunur. Onlar arasında Lider TV ilə yanaşı, müxtəlif kanalların əməkdaşları da var. Üstəlik, kanalda fəaliyyət göstərən TV Akademiyasının məzunları bu gün bizimlə əməkdaşlıq edir".
M.Aslanov qeyd edib ki, sosial şəbəkələrdə, əsasən də naməlum profillər və bəzi şəxslər tərəfindən ən azı bir il əvvəl efirdə buraxılmış hər hansı texniki səhvi “bu günün səhvi” kimi təqdim olunmasının özü qərəzin ən yüksək həddindən xəbər verir: "Rəqəmlərin dili ilə desək, son 6 ayda ümumilikdə 230 nəfər işlə təmin olunub (məlumat üçün deyim ki, onların heç biri R. Məmmədovun qohumu deyil). Əlbəttə, müxtəlif səbəblər üzündən işdən azad olunanlar da var və bu normal prosesdir. Üstəlik, son 6 ayda TV-də təxminən 442 nəfərin əmək haqqı, 70 faiz əməkdaşın qonorarı artırılıb. Həmçinin, yeni texniki avadanlıqlar alınır, müasir studiyalar tikilir, iş şəraiti yaxşılaşdırılır və s. Deməli, bəzi saytlarda AzTV-də kütləvi ixtisarlar və ya əməkdaşların maaşsız qalması ilə bağlı yer alan yazılar da əsassızdır.
Onu da əlavə edək ki, TV-də kadr məsələsi yazıldığı kimi Zemfira Əliyevaya həvalə olunmayıb. AzTV-nin Kadrlar və xüsusi işlər departamentinin rəhbəri İlhamə Hüseynovadır və onun da hər hansı qohumu TV-də çalışmır.
Maliyyə məsələsinə gəlincə, TV-də maliyyə işinə necə həssas yanaşıldığını sədr səlahiyyətlərini icra edən R. Məmmədovun fəaliyyətinin ilk günündən, xüsusən bu sektorda aparılan kadr islahatlarından da aydın görmək olar. Əlavə olaraq onu da qeyd edək ki, iyulun 1-dən kanalda Audit departamenti fəaliyyət göstərir. Qurumun məqsədi sırf maliyyə sahəsində mövcud neqativləri aşkarlamaq və vaxtında qarşısını almaq, TV daxilində tam şəffaflığa nail olmaqdır.
Nəhayət, biz dəfələrlə demişik, həmkarlarımız AzTV-də aparılan islahatlar, atılan addımlarla bağlı hər hansı məlumat əldə etmək istəyirsə TV-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərlər. Amma təəssüflər olsun ki, son zamanlar buna rast gəlmirik".