Media seçkidə tərəfsizliyini qorumalıdır - AKTUAL


Prosesin azad və demokratik aparılması üçün namizədlərə qanunla bərabər şərait yaradılmalıdır



Seçki dövründə KİV-in rolu danılmazdır. Kütləvi informasiya vasitələri seçkinin təbliğatı və təşviqat prosesində əhəmiyyətli, tutarlı çəkiyə malikdir. Buna görə də siyasilər, deputatlığa namizədlər hər zaman öz təbliğatlarının istər yazılı, istərsə də elektron mediada aparılmasında maraqlı olur. Üstəlik, ölkədə müxtəlif maraqların çatdırılmasına imkan verən və fərqli strukturlar tərəfindən dəstəklənən rəngarəng KİV-lər fəaliyyət göstərirsə, mənzərə daha da maraqlı görünür. 

Həmçinin, bütövlükdə media qurumları arasında sağlam rəqabət mühiti də formalaşır. 
İndiyədək ölkəmizdə bir çox seçki prosesi baş tutub. Bu seçkilərin hər birində ölkə mediası daha mütəşəkkil şəkildə iştirak edib. Şübhəsiz ki, müstəqilliyin ilk illərində seçkilərin mediamızda işıqlandırılması bu sahədə daha təcrübəli olan Qərb ölkələrinin KİV-lərindən geri qalırdı. Amma indiki halda Azərbaycan KİV-i müəyyən qədər təcrübə qazana bilib. Bir sözlə, ölkəmizdə fəaliyyət göstərən əksər media quruluşları seçki prosesinin yerli və beynəlxalq qanunlara uyğun şəkildə işıqlandırılmasında və vətəndaşların maarifləndirilməsində əsas vasitəyə çevrilə biliblər. Hətta son illər mətbuatın seçkilərə dair aktivliyi müşahidə olunur ki, bu da seçicilərdə maraq oyadır. Buna rəğmən qeyd edək ki, bəzi media orqanları seçki prosesində seçki və media prinsiplərinə zidd davranışlara yol verir. Bunun da səbəbini ekspertlər müxtəlif amillərlə - qeyri-peşəkarlıq, tərəfli mövqe və s. izah edirlər. Bütün deyilənlər "Seçki prosesində Azərbaycan mediası necə davranmalıdır” müzakirəsini açır.  

“Media seçki prosesini obyektiv işıqlandırmalıdır”


“Medianın üzərinə seçki prosesində hansı vəzifələr düşür” sualına cavab axtarırıqsa, bir müddət öncə Avropa Şurası Mərkəzi Seçki Komissiyası ilə birlikdə Bakıda "Seçkinin mediada işıqlandırılması” mövzusunda təşkil edilmiş informasiya sessiyasını xatırlatmaq yerinə düşür.  
Qeyd edək ki, sözügedən tədbir Avropa Şurasının "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində keçirilmişdi. Əsas məqsəd fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığının artırılması idi. Tədbirdə 60-a yaxın media nümayəndəsi, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edirdilər.
Sessiyada çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirmişdi ki, seçki prosesində media fəal iştirak edir. Bu da Azərbaycan dövlətinin şəffaf, demokratik seçkilərin keçirilməsi üçün ortaya qoyduğu siyasi iradənin ən bariz nümunələrindən biridir. Seçkilər mətbuat üçün açıq olmalıdır, KİV bu prosesdə önəmli rol oynamalıdır. Çünki istənilən ölkədə əhəmiyyətli tədbirin ictimaiyyətə çatdırılmasında ən önəmli rol mətbuatın üzərinə düşür: “MSK da mətbuatla birgə işləməyə hər zaman xüsusi diqqət göstərir. Çalışmışıq ki, yerli mətbuatla yanaşı, beynəlxalq KİV nümayəndələri də bizim tədbirlərin işıqlandırılmasında fəal iştirak etsinlər”.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova bildirmişdi ki, 2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq. O, ölkəmizdə Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq islahatların həyata keçirildiyini deyib. Qeyd edib ki, son islahatlar kəmiyyət və keyfiyyət baxımından əvvəlki illərdən xeyli fərqlənir. İslahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institutlarına öz təsirini göstərəcək.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, fevralın 9-da keçiriləcək parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun tərkib hissəsidir.
Seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV-in qeydiyyatdan keçdiyini diqqətə çatdıran Səadət Yusifova seçkilər dövründə medianın üzərinə böyük yük düşdüyünü bildirib. O əlavə edib ki, media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. "İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”, - deyə Prezident Administrasiyasının rəsmisi qeyd etmişdi.

“Əsas məsələlərdən biri gender bərabərliyidir” 


Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Zoltan Hernyes çıxışı zamanı gender bərabərliyi məsələsini qabardaraq bildirmişdi ki, seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır. Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı üzv ölkələrə tövsiyələr verib. Bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. İstər seçkilərdən əvvəl, istər seçkilər zamanı, istərsə də seçkilərdən sonra media bu prosesdə fəal iştirak etməlidir.
Seçki dövründə mühüm məsələlərdən birinin də gender bərabərliyi olduğunu vurğulayan Zoltan Hernyes bildirib ki, gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov deyib ki, seçki prosesində medianın rolu qanunvericiliklə tənzimlənir. O, seçkiqabağı təşviqat zamanı televiziya və radio kanallarının əməl etməli olduğu məsələlərdən danışıb. Qeyd edib ki, Azərbaycanda özəl televiziya və radio kanalları təşviqatda iştirak edə bilməz. İctimai Televiziya seçkiqabağı təşviqatı ödənişli və ödənişsiz yolla həyata keçirir. Ödənişli efir vaxtı pulsuz efir vaxtından iki dəfə çox olmalıdır. Bəzən qiymətlərin yüksək olduğu iddia edilir. İctimai Televiziya tərəfindən müəyyən edilən ödənişli efir vaxtının bir saniyəsinin minimum 22 manat, maksimum 65 manat olması normal qiymətdir və mövcud reklam şərtlərinə uyğun hesablanıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Şura səsvermə günü öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Qurumun "Qaynar xətt”i fəaliyyət göstərəcək. "Qaynar xətt”ə daxil olan məlumatlar əvvəlcə Mərkəzi Seçki Komissiyasına ötürüləcək. Əvvəlki seçkilərdə "Qaynar xətt”ə daxil olan problemlər həllini tapıb, bu seçkilərdə də həllini tapacağına inanırıq. Bu rejim kütləvi informasiya vasitələri təmsilçilərinə seçkini işıqlandırarkən üzləşdikləri çətinliklər barədə operativ məlumat vermək imkanı yaradır. Builki parlament seçkisində də eyni fəaliyyət göstəriləcək», - deyən Ə.Amaşov «qaynar xətt»ə daxil olan faktlar barədə müvafiq dövlət qurumlarına müraciət ünvanlanacağını vurğulayıb.
MŞ sədri həmçinin bildirib ki, seçki günü Şuranın İdarə Heyətinin üzvlərindən ibarət monitorinq qrupu formalaşdırılacaq. Həmin qrup paytaxtdakı və bölgələrdəki dairə və məntəqələrdə seçkinin gedişini izləyəcək. Bundan başqa, MŞ qarşıdakı müddətdə ölkənin aparıcı KİV-lərində seçki ilə bağlı gedən materialların monitorinqini aparmağı da nəzərdə tutur.
Mətbuat Şurasının üzvləri bölgələrdə də seçkinin monitorinqində iştirak edəcəklər.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov "Seçkinin mediada işıqlandırılması: Azərbaycan qanunvericiliyi və təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib.
Tədbir çərçivəsində "Seçkinin mediada işıqlandırılmasına dair Avropa Şurası standartları”, "Seçkinin mediada işıqlandırılmasına dair Azərbaycan qanunvericiliyi və təcrübəsi” və "Seçkinin mediada işıqlandırılması gender bərabərliyi kontekstində” mövzularında çıxışlar edilib. 

“Çap mediasına da maraq var, onlayn mediaya da” 


"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli hesab edir ki, hansısa media orqanı qeydə alınmış namizədlərin ödənişli əsaslarla təbliğatında iştirak etmək istəyirsə, Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir: "Seçkilərin işıqlandırılması və seçki prosesi barədə maarifləndirici məlumatların yayılması mətbuatın missiyasıdır. Təbii ki, siyasi proseslər nə qədər aktiv olarsa, mediada daha çox mövzu yaranır. Bu baxımdan istənilən media quruluşu seçkidə iştirak etməyə çalışır”.
Baş yazarın sözlərinə görə, KİV seçkidə tərəfsizliklərini qoruyub saxlamalıdır: "Media "KİV haqqında” qanun tələblərinə əməl etməlidir”.
Hər seçki ərəfəsində ölkəmizə olan basqılardan söz açan müsahibimiz vurğulayıb ki, Azərbaycan mətbuatı dünyada baş verən prosesləri yaxından izləməyi bacarır: "Bu məsələdə mətbuat Azərbaycan dövlətinin və xalqının maraqlarından çıxış etməlidir, edir də. Lakin belə mətbu orqanlarımızın sayı azdır. Azərbaycan mediası bu istiqamətdə xarici media qurumları ilə əlaqələrini genişləndirməlidir. Bacardıqca daha çox işləmək lazımdır. Eyni zamanda mətbuatımızın digər dillərdə yayımı təşkil olunmalıdır. Digər yandan medianın maddi-texniki bazasını gücləndirmək lazımdır. Hesab edirəm ki, həmin istiqamətdə daha ciddi layihələr həyata keçirilməlidir”.
"Qeydə alınmış namizədlər qəzet və saytlarda öz təbliğatlarını aparmaqda maraqlıdırlarmı” sualına gəlincə, həmsöhbətimiz qeyd edib ki, təbliğatın çap və elektron mediada aparılmasına gəlincə, deyərdim ki, bu, namizədin öz istəyindən asılıdır. Bəzən təbliğatını çap mətbuatında aparanlara da rast gəlinir. Əsasən bölgələrdə çap mediası ilə işləmək ola bilsin ki, kiminsə marağındadır. Amma faktdır ki, elektron mediaya maraq göstərənlər də var. Bir sözlə, bu, hər kəsin öz seçimindən, təşviqat mərhələsində hansı üsullara üstünlük verməsindən asılıdır”.