Mediada ciddi imzalar azalır – GÜNÜN PROBLEMİ



Başlıca səbəb bu sahənin az gəlirli olması ilə izah olunur 



 “Dörd-beş gün kitab oxuyub, bir köşə yazısı yazıb, 25 manat qonorar alıramsa, bu iş artıq rentabelli olmur”



Qəribə bir tendensiya yaranıb. Jurnalistikada peşəkarlaşıb özünü təsdiq edəndən sonra əksəriyyət mətbuatdan, televiziyalardan uzaqlaşıb başqa bir sahədə işləməyə üstünlük verirlər. Halbuki, mediada bir peşəkar kadr hazırlamaq çox əziyyətli işdir. Bu kadrlar cəmiyyət üçün güzgü və ictimai rəy üçün barometr ola bilər. Qərbdə, Rusiyada, Türkiyədə bu peşəkarlara böyük layihələr tapşırılır, hamının etimad etdiyi xəbər spikerləri olur, böyük məbləğli efir layihələrinə rəhbərlik edirlər. Bizdə isə əksinədir: Kimsə daha mediada karyera qurmaq barədə fikirləşmir. Hamı ilk fürsətdəcə qaçır.

60-70 yaşlı qərb jurnalistləri ekstremal vəziyyətdə, müharibə bölgələrində  hansısa reportajı hazırlayır, amma bizdə 30-40 yaşdan sonra jurnalistlər karyera barədə düşünür. Qərb jurnalisti üçün peşə ölənə qədərdir. Ola bilsin, bu, maddi durumla da bağlıdır. Bəlkə Qərb jurnalisti daha rahat və maddi təminatlıdır, amma bizdə belə deyil. Qərb jurnalistləri jurnalistikadan tramplin kimi istifadə etmirlər. Sadəcə sevdikləri işlə məşğuldurlar və jurnalistika onlar üçün həyat tərzidir. Bizdə isə insanlar özlərinə yaxşı çevrə qurmaq, vəzifəyə yaxınlaşmaq üçün mediadan tramplin kimi istifadə edir. Sözsüz ki, bütün əziyyətlərə qatlaşıb qalanlar da var. Ölkənin bir çox ictimai fiqurlarının fəaliyyətlərinə nəzər salsaq, bunun əyani sübutunu tapmış olarıq.

Bəs, jurnalistlərin bu sahədən uzaqlaşmasının səbəbi nədir? Əməyin qiymətləndirilməməsi, yoxsa gəlir azlığı?


"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli jurnalistikadan bir tramplin kimi istifadə edib, vəzifəyə keçməyi normal hesab edir. Müəyyən bir müddət jurnalistikada çalışıb, uğur qazanan insanların özlərini digər sahədə də sınamaq istəyi alqışlanmalıdır:

"Heç kimin arzu və istəklərinin qarşısına sərhəd çəkmək olmaz. Bir neçə həmkarımız Azərbaycan jurnalistikasını Milli Məclisdə layiqincə təmsil edir. Ayrı-ayrı dövlət qurumlarında çalışan jurnalist həmkarlarımız da özlərini doğruldublar. İnsanların jurnalistikadan getməsinin səbəbləri müxtəlifdir. Başlıca amil isə bu sahənin az gəlirli olması ilə bağlıdır. Gəlin real danışaq. Uzun müddət jurnalistikada çalışan və bu sahədə peşəkarlaşan insanlar ən yaxşı halda redaktor ola bilir. Çünki ölkədə nəşr olunan qəzetlər və elektron saytlar özəldir və hər birinin də öz sahibi var. Əgər həmkarlarımız uzun illər bir qəzetdə müxbir, redaktor kimi çalışmaq istəmirsə, bizə ancaq onlara uğur arzulamaq düşür. Ancaq çalışıb jurnalistikanı daha cəlbedici və gəlirli bir sahəyə çevirməliyik ki, peşəkarlar bu sahədən uzaqlaşmasın. Dünyanın bir çox sahələrində olduğu kimi bizdə də medianın gəlirləri artsa, peşəkar jurnalistlərimiz də ömürlərinin axırına kimi köşə yazıları yazıb, müxtəlif təhlillər apararlar.
Uzun illərdir,  bu sahədə çalışan biri olaraq jurnalistikanın perspektivi yoxdur deyib, hər şeyin üzərindən xətt çəkməyi doğru hesab etmirəm".

E.Mirzəbəylinin sözlərinə görə, jurnalistikada qalıb onun prinsiplərinə xəyanət edib, peşə kodeksinə uyğun gəlməyən yollara əl atmaqdansa, iddialı insanların gəlir əldə etmək üçün başqa sahələrə yönəlməsi daha məqsədəuyğundur. 

"Yeni Müsavat" qəzetinin redaktoru  Elşad Məmmədli isə burada fərqli meyarların  olduğunu düşünür:

"Deməzdim ki, başqa sahələrə üz tutanların hamısı gəlirlərin azlığına görə bu addımı atır. Peşəkar jurnalistika ilə məşğul olmaq həm də yaxşı bir kadr kimi yetişmək deməkdir. Məsələn, yaxşı yetişmiş bir jurnalist bilik və bacarıqları ilə dövlətin müvafiq şəxslərinin, qurumlarının diqqətini çəkir və onu müəyyən bir vəzifəyə dəvət edirlər. Digər bir qisim isə əvvəldən jurnalistikaya tramplin kimi yanaşır. Yəni burada özünü tanıdır, təsdiqləyir, təqdim edir və sonra təcrübəli şəxs olaraq hansıa vəzifəyə getmək arzusunu reallaşdırır. Bir qisim də var ki, onlar gerçəkdən jurnalistikada uğur qazana bilmir. Mən hər zaman deyirəm: “Jurnalist olmurlar, jurnalist doğulurlar”. Jurnalistikaya təsadüfən gəlmiş adamlar özlərinə yer tapa bilməyəndə, özünü doğrultmayanda, yaxud da belə deyək ki, burada şansı gətirib, qəfildən və ya birbaşa baş redaktor ola bilməyəndə, məcburdur başqa sahəyə üz tutsun. Və nəhayət, bir qisim də var ki, onlar daim az gəlirlə çalışırlar, yaxşı qonorar, maaş ala bilmir və bununla dolana bilməyəndə digər bir iş axtarır, ora yönəlir. Bunlar təbii proseslərdir. Jurnalistika yaradıcılıq baxımından spesifik sahədir, eyni zamanda təhlükəli, ağır peşələrdən hesab olunur. Bəziləri də bu səbəblərdən burada uzun müddət qala bilmir və ya qalmaq istəmir".

Media eksperti Elçin Bayramlı isə jurnalistlərin bir hissəsinin əsil fədakar olduğunu və  onların bu sahəyə tramplin kimi baxmadıqlarını deyib:

"Hansısa dövət orqanına və ya iri şirkətə mətbuat katibi keçmək üçün çalışmırlar. Onlar az maaşa belə on illərlə bu sahədə qalıb işləyirlər. Bütün güclərini, enerjilərini xalqa ölkəyə fayda verməyə sərf edirlər. Bəzi hallarda artıq bu maaşla yaşamaq mümkün olmadıqda və ya onlara qarşı haqsızlıq edildikdə isə başqa sahədə adi işə keçirlər, lakin bundan sonra belə təmənnasız olaraq sosial iqtisadi və s. problemlərlə bağlı yazılar yazıb pulsuz verirlər. İkinci qrup isə bu sahədən yalnız vəzifəli, imkanlı şəxslərlə yaxın əlaqələr yaratmaq, imkan düşən kimi yaxşı vəzifəyə keçmək üçün istifadə edirlər. Onları əsl jurnalist saymaq olmaz və onlardan cəmiyyətə, ölkəyə xeyir gəlməz. Təəssüf ki, bizim cəmiyyətdə birinci qrupa yox, ikinci qrupa hörmət olunur. Halbuki, bu cəmiyyətin maraq və mənafeləri uğrunda yalnız birinci qrup mübarizə aparır. Belə şəraitdə onların fəaliyyətini əsl fədakarlıq saymaq olar. Belələri çox təəssüflər olsun ki, xeyli azdır".

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri  Seymur Verdizadə vurğulayıb ki, jurnalistlərə verilən qonorarın azlığı onları bu sahədən uzaqlaşdırır:

“Peşəkar jurnalistlərimizin əksəriyyəti obyektiv, subyektiv səbəblərdən mətbuatı tərk edib. Hamı daha gəlirli iş yeri tapmaq sevdası ilə yaşayır. Buna görə də jurnalistikanın müəyyən prinsiplərindən uzaq düşmüşük. Təbii ki, mətbuat, o cümlədən köşə yazarlığı da bunun əziyyətini çəkməkdədir. Meydanda ciddi imzalar sürətlə azalır. Artıq yeni bir nəsil formalaşıb və internet jurnalistikası üçün köşə yazarlığı o dərəcədə önəm kəsb etmir. İstər Türkiyə, istər Rusiyanın köşə yazarları ilə müqayisədə azərbaycanlı köşə yazarları o qədər də yaxşı yaşamırlar və qazanmırlar. Təbii ki, maddiyyat ürəkaçan olmadığına görə köşə yazarları da üzərlərində işləmək barədə az düşünürlər. Bir köşə yazarına 25-30 manat qonorar verilirsə, həmin köşə yazarından fantastik yazı, ya ictimai rəyi yönləndirəcək bir məqalə tələb edə bilmərik. Mən bəzən bir köşə yazısını yazmaq üçün 300 səhifəlik bir kitab oxumalı olmuşam. Bu kitabı üç günə oxuyub, bir-iki gün də qeydlərimi bir araya gətirib, dörd-beş günə bir köşə yazısı yazıb, ona 25 manat qonorar alıramsa, bu iş artıq rentabelli olmur. Onu da qeyd edim ki, baş redaktorların böyük əksəriyyəti çox xəsisdirlər. Köşə yazarlarına əldəki, ayaqdakı altıncı barmaq kimi baxırlar. Onlara pul ödəməkdə çox xəsislik edirlər, həvəs göstərmirlər. Buna görə də Azərbaycanda köşə yazarlığı institutu özünün tənəzzül dövrünü yaşayır”.

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev isə bu məsələnin müasir Azərbaycan jurnalistikasının əsas problemlərindən biri olduğunu deyib:

"Jurnalistikaya gələn, bu sahədə müəyyən təcrübə toplayan qabiliyyətli qələm adamları qısa müddətdən sonra başqa sahələrdən təklif alır, ora transfer olunurlar. Bu gün bizim özəl sektorda, böyük şirkətlərdə, dövlət orqanlarında, nazirliklərdə, dövlət komitələrində, agentliklərdə, maliyyə qurumlarında çalışan xeyli sayda jurnalist həmkarlarımız var. Bəzən bizim həmkarlardan kimlərsə, bu cür transfer olunanda mən onların adına sevinir, amma jurnalistikamızın halına acıyıram. Belələri gedəndə jurnalistikamız itirir. Məhz bu səbəbdən biz peşəkarlıq problemləri ilə üzləşirik. Məhz bu səbəbdən cəmiyyətdə jurnalistika ilə bağlı çoxsaylı tənqidlərin şahidi oluruq. Bunun səbəbinə gəlincə, ilk növbədə əməyin qiymətləndirilməsindəki problemləri qabardardım. Bu problem uzun müddətdir ki, Azərbaycan jurnalistikasında mövcuddur. Jurnalistlərin orta aylıq əmək haqları heç də arzuolunan səviyyədə deyil. Bunun nəticəsidir ki, hətta öz peşəsinə böyük sevgi ilə yanaşan insanlar da sektordan getmək məcburiyyətində qalırlar. Düşünürəm ki, bu problem mümkün qədər tez bir müddətdə aradan qaldırılmalıdır. Biz çalışmalıyıq ki, həmkarlarımız bu sektoru maddi problemlərə görə tərk etməsinlər. Əksinə, digər sektorların istedadlı insanları jurnalistikaya transfer olunsunlar".

Jurnalistlərin Həmkarlar İttifaqının sədri  Müşfiq Ələsgərli bu prosesin yeni olmadığını  deyib:

"Ötən ilin sonlarından xeyli sayda jurnalist bu sahəni tərk edib fərqli sahələrə istiqamətləndilər. Səbəb isə həmin vaxt jurnalistikanın vəziyyətinin  kifayət qədər acınacaqlı olması ilə bağlıdır. Əmək müqaviləsi yox, əməkhaqqı aşağı,  jurnalistlərin hüquqları qorunmurdu. Bu səbəbdən də bir çox qələm sahibləri medianı tərk edirdilər. Düşünürəm ki, o illərə baxanda proses nisbətən səngiyib. 2008-ci ildən sonra geridönmələr  olur.  Bu gün jurnalistlər ölkənin imtiyazlı  təbəqəsi hesab olunduğundan bu sahəyə  axın başlayıb".