Qlobal informasiya müharibəsinin gedişində xaricidilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bütün bunlar nəzərə alınaraq ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentliyi mövcuddur ki, Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir.
Bu, əslində ölkəmizin doğru yöndə tanınması üçün ən önəmli amillərdəndir. Amma bu istiqamətdə həyata keçirilən tədbirlərin gözlənilən effekt verməsi üçün başlıca şərtlərdən biri xaricidilli jurnalistlərin olmasıdır ki, ekspertlər və baş redaktorlar bu sahədə vəziyyətin qənaətbəxş olmadığı qənaətindədir. Hesab edirlər ki, ölkəmizin dünya informasiya məkanına daxil olması üçün aparıcı dilləri bilən jurnalistlər yetişdirilməlidir. Bu sahədə mütləq proqressiv addımlar atılmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində diqqət ayrılmalı və maraqlı layihələr həyata keçirilməlidir.
Şakir Ağayev: “Tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünyaya çatdırmaq mümkün deyil”
Toxunduğumuz məsələnin çox aktual və önəmli olduğunu vurğulayan "Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, qloballaşmış dünyada azərbaycanlı jurnalistlərin xarici dil bilməsi çox önəmlidir:
"Dünyanın bir tərkib hissəsi olaraq, dünyada baş verən prosessləri bilməli və ölkəmizlə bağlı vacib əhəmiyyətli işləri, probemləri dünyaya çatdırmalıyıq. Bunun üçün jurnalistlərimizin xarici dil bilmələri çox önəmlidir. Bizim bu sahədə çatışmazlıqlarımız var. Şəxsən mən rusdilli qəzetin baş redaktoru olaraq bu problemlərlə qarşılaşıram. Bizim jurnalistlərin ən azından rus və ingilis dillərini bilmələri önəmlidir. Çox təəssüf ki, bu sahədə bir məktəb formalaşmayıb. Dil bilənlər isə jurnalist kimi fəaliyyət göstərmir. Bunun təbii ki, obyektiv və subyektiv səbəbləri var. İlk növbədə bizim sahədə əmək haqqının az olmasıdır. Dil bilən şəxs firmalarda daha yüksək əmək haqqı ilə işləməyi üstün tutur. Jurnalistlərimizin xarici dili bilməyi məlumatın oxucuya daha tez çatdırılmasında mühüm rol oynayır. Bəli, bəzi təşkilatlar var ki, jurnalistlər üçün dil kursları təşkil edir, amma bu, mövcud problemi aradan qaldırmır. Hesab edirəm ki, aidiyyəti qurumlar bu prosesdə maraqlı olmalı və jurnalistlərimizin xarici dil öyrənməsi üçün bir proqram hazırlanmalıdır. Bu gün bizim ən ağrılı problemimiz olan Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması üçün də dil bilgisi çox vacibdir. Tək Azərbaycan dili ilə ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkün deyil. Bunun üçün bizim jurnalistlər aparıcı dilləri mükəmməl şəkildə mənimsəməli və qərb mediası ilə əməkdaşlıq etməlidir. Ən azından rus və ingilisdilli mütəxəssislər yetişdirilməlidir. Dünyanın ən mühüm mətbuat orqanları bu dildə yayımlanır".
Seymur Verdizadə: “Peşəkar, üstəlik, xarici dil bilən jurnalisti qəpik-quruşla işdə saxlamaq olmaz. Baş redaktorlar səxavətli olmalıdırlar”
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə qeyd edib ki, orta və yaşlı nəsli təmsil edən jurnalistlərin əksəriyyəti rus dilini bilir. Gənc nəsil isə bu məsələdə sələflərini üstələyib:
“Hazırda gənc jurnalistlərimizin arasında rus və ingilis dillərini bilən xeyli qələm sahibi var. Əlbəttə, bu, qürurvericidir, səsimizin Biləcəridən o tərəfdə eşidilməsini təmin edən başlıca faktordur. Amma peşəkarlıq dil bilgilərini tamamlamalıdı. Bu sahədə nəzərəçarpan problemlər var. Müxtəlif səbəblər üzündən, ələlxüsus da maddi problemlər ucbatından bir çox peşəkar jurnalist mətbuatı tərk edib. Media üçün xarakterik olan "peşəkar axını" bu gün də davam edir. Peşəkar, üstəlik, bir neçə dil bilən jurnalisti qəpik-quruşla işdə saxlamaq olmaz. Baş redaktorlar bir az səxavətli olmalıdırlar. Xarici dil bilən jurnalistlərimizin sayının çox olması bizi qürurlandırdığı kimi, öz ana dilində normal cümlə qura bilməyən qələm sahiblərinin sayının artması məyusluq yaradır. Jurnalist öz ana dilində bazar leksikonu ilə danışmamalıdır. Jurnalistin nitqi səlis olmalıdır. Bu problem özünü teleməkanda daha qabarıq şəkildə göstərir. Özünü "dahi" hesab edən televiziya aparıcılarının çoxu Azərbaycan dilində danışa bilmir. Valideynlərə məsləhət görürəm ki, övladlarına xarici dilləri öyrətməzdən əvvəl Azərbaycan dilini öyrətsinlər".
Azər Həsrət: “Xaricidilli jurnalistlərin az olması mediamızın xaricə inteqrasiya imkanlarını məhdudlaşdırır”
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bu sahədə Azərbaycanda vəziyyətin ürəkaçan olmadığını deyib. Şəxsən tanıdığı bəzi jurnalist həmkarlarının bir sıra xarici dil bildiyini vurğulayan A.Həsrət onların ölkəmizi layiqincə təmsil etdiklərini əlavə edib:
"Ümumilikdə vəziyyət qənaətbəxşdir, lakin bu sahədə irəliləyişin olması vacibdir. Nə etmək lazımdır? Əlbəttə, jurnalistlər arasında yüksək peşəkarlığı olanların xarici dilləri öyrənməsinə çalışmaq lazımdır".
A.Həsrət Azərbaycanda kütləvi xarici dil bilən jurnalist təbəqəsinin olmadığını bildirib: «Əsasən sovet dövründən qalan jurnalistlər rus dilini bilir və bu dildə fəal yazmaq imkanları var. Yeni nəsil jurnalistlər arasında isə ingilis dilini bilənlərə az rast gəlirik. Həmçinin də az sayda fransız dilli jurnalistlərimiz var. Alman dili ilə bağlı isə çox ciddi problemlər var. Alman dilinin kifayət qədər vacib dillərdən biri olmasına baxmayaraq bu dildə yazıb-poza bilən jurnalistlərimiz yoxdur. 4 dil bilməyimə baxmayaraq 5-ci dil kimi alman dilini də öyrənməyə başlamışam. Faktiki olaraq, gündəlik alman dilli mətbuatı izləyirəm. Məsələ budur ki, jurnalistlərimiz yerlərində saymalı deyillər. Hətta xarici ölkələrdə, xüsusən bürolarda və nümayəndəliklərdə çalışan jurnalistlərimiz mütləq getdikləri ölkənin dilini öyrənməlidirlər".
Media ekspertinin sözlərinə görə, Azərbaycanda Türkiyə türkcəsində yazan jurnalistlərin fəaliyyəti də yetərli deyil:
"Ara-sıra Azərbaycanın bəzi jurnalistlərinin Türkiyə mediasında yazılarına rast gəlsək də, bu azdır. Bizim üçün çox vacib amillərdən biri də ərəb-fars dillərində yaza bilən jurnalistlərin olmasıdır ki, bu sahədə də qıtlıq var. Bu nöqteyi-nəzərdən Azərbaycanda xarici dilli jurnalistlərin sayının ürəkaçan durumda olmadığını düşünürəm. Yaxşı olar ki, həm jurnalist təşkilatları, həm də jurnalist kadrları hazırlayan ali məktəblərimiz bu problemin aradan qaldırılması üçün proqramlar həyata keçirsinlər. Jurnalistika fakültəsini bitirən jurnalist tələbələr ən azından ingilis və rus dillərini bilməlidir ki, onlar öz gələcək fəaliyyətlərində ölkəmizi xarici media orqanlarında təmsil edə bilsinlər».
A.Həsrət hesab edir ki, Azərbaycanda xaricidilli jurnalistlərin sayının az olması mediamızın xaricə inteqrasiyası imkanlarını məhdudlaşdırır: «Şəxsi təcrübəmdən bilirəm ki, xarici dil bilməmək həm jurnalistin özü, həm də onun çalışdığı media orqanı, hətta dövlətimiz üçün çox ciddi problemlər yarada bilir. Yeni medianın, müasir texnologiya vasitələrinin bizim həyatımıza daxil olduğu dönəmlərdə artıq Azərbaycanda da onlayn mediaya keçid prosesi başlamışdı. İngilis dil bilgim olduğuna görə çox qısa bir müddətdə mən bütün proqramları mükəmməl formada mənimsəyib onlayn media sahəsinə keçə bildim. Amma xarici dil bilməyən həmkarlarımın adaptasiyası çətin oldu. Yaxud da xarici səfərlər zamanı dil bilgim mənə insanlarla sərbəst təmas qurmağa, müəyyən çıxışlar etməyə, edilən çıxışlara reaksiya verməmə imkan yaradıb. Dil bilməyən jurnalistlər isə bu cür tədbirlərdə «gözünü döyür» və Azərbaycana əliboş qayıdır. Və ən nəhayəti, Azərbaycan jurnalistlərinin xaricə çıxması üçün dil bilgisi mütləqdir. Bir neçə xarici dil bilən jurnalistlər qərb mediası ilə əməkdaşlıq edərək pul da qazana bilərlər. Eyni zamanda, beynəlxalq jurnalist təşkilatlarında təmsilçilik məsələsində də dil bilgisi çox effektlidir».
Ekspertin fikrincə, dövlətin bu sahəyə müəyyən dəstək verməsinə ehtiyac var: "Çünki istənilən halda dövlət dəstəyi olmadan bu məsələni həll etmək çətindir. Fərdi şəkildə də bu, reallaşa bilər. Amma az sayda jurnalist belə addım atacaq. Dövlət konkret layihələr gerçəkləşdirərsə, o zaman xarici dillərin kütləvi şəkildə öyrənilməsinə imkan yaranmış olar. Bu baxımdan düşünürəm ki, həm dövlət, həm də cəmiyyət olaraq məsələni həll etməliyik".
Anar Rüstəmov: “Azərbaycanın təbliği və beynəlxalq tədbirlərdə iştirak üçün xarici dil mütləqdir"
"AzVision.az” saytının redaktoru Anar Rüstəmov isə hesab edir ki, jurnalistlərin ən azından xarici dil olaraq rus və ingilis dilini bilməsi vacibdir:
"Digər dilləri bilmək isə əlavə üstünlükdür. Hesab edirəm ki, jurnalistlərin dil bilgisi baxımından mediamızda vəziyyət normaldır. Yaxşı olardı ki, gənc jurnalistlər dil biliklərinin artırılmasına çalışsınlar. Ölkə hüdudlarından kənara çıxmaq, Azərbaycanın təbliği və xarici ölkə vətəndaşları ilə rahat şəkildə ünsiyyət qurmaq, beynəlxalq tədbirlərdə iştirak etmək üçün xarici dil, əsas da ingilis dilini bilmək mütləqdir".