Parlament Jurnalistləri Birliyi (PJB) 1918-1920-ci illərdə fəaliyyət göstərən parlament jurnalistlərinin tanıdılması üçün təkliflə çıxış edib.
Modern.az xəbər verir ki, qurumun bir qrup üzvü tarixçi alim Firdovsiyyə Əhmədova ilə birgə Üzeyir Hacıbəyli və Cəfər Cabbarlının məzarını ziyarət edib.
O zaman Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Cəfər Cabbarlı, Şəfi bəy Rüstəmbəyli kimi şəxsiyyətlər az qala hər iclasında tarix yaşanan, köklü qərarlar verən parlamentin ictimai həyatdakı səsi idilər...
Eyni zamanda, Azərbaycan parlamentinin işinin işıqlandırılmasında Xəlil İbrahim, Əhməd Həmdi Qarağazadə, Əli Yusif, Fərhad Ağazadə “Azərbaycan” qəzetində məqalələrlə çıxış edirdilər.
Maraqlısı odur ki, Azərbaycan milli hərəkatının ideoloqu Məhəmməd Əmin Rəsulzadənin belə, zaman-zaman parlamentin fəaliyyəti ilə bağlı “Azərbaycan” qəzetində geniş yazıları dərc olunurdu.
Dövrünün ən aktiv jurnalistlərindən olan, parlament müxbiri kimi fəaliyyət göstərən dahi şəxsiyyətlərdən biri də Cəfər Cabbarlı idi. Əksəriyyyət onu dramaturq, nasir kimi tanısa da, C.Cabbarlının AXC dövründə parlamentdə böyük xidmətləri olub.
Min bir çətinliklə AXC parlamentinin qərarlarını yazmağa, mətbuatda işıqlandırmağa tələsənlər... Parlamentin başqa millətlərdən, müxalif partiyalardan olan üzvləri Azərbaycan mənafeyi əleyhinə bir söz deyərkən deputatlardan çox məhz onlardan çəkinirdilər.
Elələri var idi ki, hökumət kabinetində yüksək vəzifə tutmalı olduğu halda, AXC parlamentində jurnalist kimi çalışırdı. Bu, onlar üçün daha ülvi və ali məslək sayılırdı...
Azərbayançılıq eşqi ilə yaşayan həmin şəxsiyyətlərin adını əbədiləşdirmək üçün maraqlı bir təklif də var.