Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı reallaşdırılacaq.
Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə müvafiq kriteriyalar üzrə seçilmiş iştirakçılar üçün xüsusi proqram üzrə təlimlər keçiriləcək. Təlimlər 4 gün – 17, 18,19 və 20 iyun tarixlərində vebinar formatında baş tutacaq.
Proqramın ikinci mərhələsi vebinar təlimlərini uğurla bitirmiş iştirakçılar arasında keçirilən müsabiqədən ibarətdir. Proqramın bu hissəsində seçilmiş mövzular üzrə real halların araşdırılması və həmin istiqamət üzrə rəqəmsal xidmətlərin oxucu dilinə çevrilməsi həyata keçiriləcək. Proqram iştirakçılarının mövzulara stimulunun artırılması məqsədi ilə ən yaxşı məqalələr seçilərək müəllifləri pul mükafatı ilə mükafatlandırılacaqlar. I yerin sahibi 1000 AZN, II yerin sahibi 700 AZN, III yerin sahibi isə 500 AZN pul mükafatı əldə edəcək.
Proqramda informasiya texnologiyaları, elektron hökumət, elektron xidmətlər, rəqəmsal həllər üzrə çalışan media nümayəndələri, həmçinin bu sahədə öz biliklərini artıraraq gənc blogger kimi yetişmək və cəmiyyətin maarifləndirilməsi istiqamətində töhfə vermək istəyən şəxslər iştirak edə bilərlər.
Təşəbbüsü “Sherg.az”a qiymətləndirən media eksperti Ələsgər Məmmədlinin sözlərinə görə, əsas məsələ təlimlərin məzmunundadır:
“Əlbəttə, istənilən halda belə seminarların, proqramların təşkil edilməsi özü müsbət təşəbbüsdür. Ancaq həmin bir neçə gün ərzində iştirakçıların nələr öyrənəcəyi nəzərə alınmalıdır. Onlar sadəcə gəlib-gedəcək, ya müəyyən bilik və bacarıqlara sahib olacaqlar? Əlbəttə, ikinciyə çalışmaq lazımdır. Bunun üçün isə “olmaz”ları başa salmaqdan imtina etməliyik. “Dördüncü hakimiyyət” nümayəndələri cəmiyyətin görən gözü, eşidən qulağı, danışan dilidirlər. Bu mənada onlar istədiklərini deyə, yaza bilərlər. Təlimlərin necə, hansı məzmunda keçirilməsi isə birbaşa proqrama cəlb olunan ekspertlərdən asılıdır. Həmin mütəxəssislər mütləq media prinsiplərini, KİV-in hüquqi tənzimlənməsini, beynəlxalq jurnalistika hərəkatını bilməlidirlər ki, gənc jurnalistlərə faydalı olsunlar”.