Dünya mediası təmsilçilərinin də, necə deyərlər, “onlayn masa” ətrafına toplaşması təcrübəsi formalaşır artıq. Yəni, koronavirus bəlası müasir texnologiyalardan istifadəni gündəmə gətirir. Bir sıra dövlətlərdə müşavirələr, konfranslar onlayn qaydada keçirilməyə başlanıb, o cümlədən də Azərbaycanda.
“Modern.az” saytının baş redaktoru Elşad Eyvazlının təşəbbəsü ilə Beynəlxalq jurnalist təşkilatı olan Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) Türkiyə, Azərbaycan, Amerika Birləşmiş Ştatları, Rusiya, Almaniya, İngiltərə, Belçika, Quzey Kipr Türk Cümhuriyyəti, İran İslam Respublikası, Yunanıstan, Bolqarıstan və digər ölkələrdəki təmsilçilərinin iştirakı ilə ilk onlayn konfransı aprel ayında təşkil etdi. Həmin videokonfrans GJC sədri Mehmet Ali Dim və qurumun xarici əlaqələr üzrə sədr müavini Elşad Eyvazlının moderatorluğu ilə təşkil olundu.
Konfransda təşkilat üzvləri pandemiyanın öz ölkələrində müxtəlif sektorlara, xüsusilə də mediaya təsirini onlayn qaydada müzakirə etdilər. Nəticədə maraqlı informasiyalar paylaşıldı. Dünya dövlətlərində koronavirusla necə mübarizə aparıldığına dair xəbərlər əldə edildi. Faydalı müzakirələr aparıldı.
Az sonra Beynəlxalq jurnalist təşkilatı Global Journalism Council - (Küresel Gazeteciler Konseyi) ikinci videokonfrans təşkil olundu. Bu dəfə Türk dövlətləri jurnalistlərinin iştirakı ilə. Türk dövlətləri jurnalistlərinin videokonfransında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və qonşu Tacikistandan jurnalistlər qatılmışdı. Konfrans barədə məlumatda qeyd olunur ki, müzakirələrə onlayn qaydada qoşulan türk jurnalistlər pandemiyanın yaşadıqları ölkələrin müxtəlif sektorlarına, xüsusilə də mediaya təsirini müzakirə ediblər. Videokonfransda GJC-nin sədri Mehmet Ali Dim, Türk Şurasının rəsmisi Kahraman Halısçelik də iştirak etmişdi. Həmkarlarımız bildirmişdilər ki, Türkiyədə media hazırda çətin durumdadır. Səyyar satış və abunə ilə rəsmi elanlardan savayı gəliri olmayan bölgə mətbuatının son illərdə yaşadığı iqtisadi krizis hazırda koronavirus səbəbindən daha da dərinləşib. Dövlətin təcili surətdə bölgə mediasına özəl dəstək paketi açıqlamasını arzulayırıq. Yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinə iqtisadi islahatlar paketi təqdim olunacaq. Bu paketdə bölgə mətbuatının dəstəklənməsinin əksini tapması arzu edilir. Media dəstək paketi ilə bağlı maddələr tərtib edib. Təmsil etdikləri bölgələrə bələd olan millət vəkillərindən də təkliflərin dəstəkləməsi xahiş edilir. “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı da Azərbaycanda medianın eyni durumda olduğunu, qəzetlərin satışında problem yarandığını, əvəzində saytların oxunma sayının artdığını, ancaq pandemiyaya qarşı mübarizədə ölkənin digər ölkələrlə müqayisədə daha ciddi tədbirlər gördüyünü və daha az itki verdiyini dilə gətirmişdi. Pandemiya davam edir və yoluxma təhlükəsi olduğundan daha çox onlayn görüşlərə, müsahibələrə üstünlük verilir.
“Mətbuat orqanları maarifləndirmə sahəsində ciddi iş aparır”
PJB-nin MM-in komitə sədrləri ilə təşkil edəcəyi onlayn görüşlərin ilk qonağı, əvvəldə xatırlatdığımız kimi millət vəkili Musa Quliyev olub. Komitə sədri koronavirus pandemiyası ilə bağlı səslənən suala cavab verib.
Deputat heç də koronavirus pandemiyasına qarşı insanların hamısının inamsız olmadığını bildirib:
- İnsanlarımızın böyük əksəriyyəti bu məsələni çox ciddi qəbul edir. Son 2 həftədə yoluxmaların sayı sürətlə artır. Görünür, insanlarımız bu artımların nəticəsində xəstəliyin real olduğuna daha çox inanır. Təəssüf ki, indi hər kəsin ətrafında, bəzilərinin ailələrində yoluxanlar var. Hesab edirəm ki, son 2 həftədə COVİD-19 pandemiyasına inananların sayı xeyli artıb. Əsas məsələ isə qorunma tədbirilərinə ciddi riayət etməmizlə bağlıdır. Cənab Prezident bunun çox sadə formulunu verdi. Sosial məsafəni gözləyin, qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maskadan və dizenfeksiyaedici vasitələrdən istifadə edin!. Təşəkkür edirəm ki, hər birinizin çalışdığı mətbuat orqanları maarifləndirmə sahəsində çox ciddi işlər aparır. Hesab edirəm ki, koronavirusla mübarizədə həkimlər və polislərlə yanaşı, mətbuat işçilərinin də xidməti qeyd olunmalıdır.
M.Quliyev həmçinin İrəvanın tarixi Azərbaycan torpağı olması, bəzi icra başçılarının tariximizi təhrif etməsi və s. kimi məsələlərlə bağlı sualları da cavablandırıb:
- 2005-ci ildə çap olunan “Zəngəzur” kitabımın ön sözündə yazmışam ki, biz o torpaqlara qayıtmaq üçün bütün vasitələrdən istifadə etməli və mübarizəmizi aparmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, bizim davamız Qarabağ uğrundadır. Bu sahədə istənilən təşəbbüsü alqışlamalıyıq. O təşəbbüsləri cənab Prezident zaman-zaman bizə söyləyir və hansı addım atacağımızı da göstərir. İrəvan məsələsini Azərbaycan tarixində ilk dəfə cənab Prezident qaldırıb. 1918-ci ildə Azərbaycan Xalq Demokratik Cümhuriyyəti qurulan zaman ermənilərin öz dövlətlərinin paytaxtını yaratmaq üçün verilib. Məlumdur ki, o ərazi xoşuna verilməyib. Ancaq bu, o, dövrdə verilmiş tarixi səhv qərardır. Biz bunu qeyd etməliyik. Bu səhv qərarı da düzəltməkdən ötrü bizim İrəvana dönməmiz lazımdır. Təbii ki, bu, mərhələli şəkildə addım-addım olacaq. Buna zaman lazımdır. Öncə Qarabağı və onun ətrafındakı rayonları azad etməli və addım-addım ora getməliyik”.
Komitə sədri jurnalistlərin Əmək və sosial siyasət komitəsinin qanunvericilik sahəsində nəzərdə tutulan işləri ilə bağlı da sullara cavab verib:
- Bizim komitənin əsas məqsədi qanunları müasir dövrün çağırışlarına uyğunlaşdırmaq və insanların sosial həyatını daha da yaxşılaşdırmaqdır. Komitənin İş planını nəzərdə tutarkən mövcud qanunların monitorinqinin aparılması, onların icra vəziyyətinin öyrənilməsi və gərəkirsə dəyişiklik və əlavələr edilməsi ilə bağlı daha çox geniş müzakirələrə, dinləmələrə yer verilməli olduğunu düşünürəm”.
Pandemiya davam etdikcə onlayn görüşlərə üstünlük veriləcək
Onlayn görüş barədə “Şərq”ə danışan “Modern.az” saytının baş redaktoru, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı bu tip konfransların getdikcə ənənəvi xarakter alacağını vurğuladı:
- Bu, PJB-nin növbəti onlayn konfransı idi. Bilirsiniz ki, bundan əvvəl PJB daha bir neçə onlayn konfrans təşkil etmişdi. Onlayn konfransların əsası isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə bağlıdır. Çünki məhz cənab Prezident bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə zirvə toplantısını məhz videokonfrans şəklində təşkil etdi. Hazırkı pandemiya dövründə bu ən uyğun və uğurlu vasitədir. Biz də bu təcrübədən istifadə etdik və ilk olaraq beynəlxalq jurnalist təşkilatı olan KGK-də təmsil olunan ölkələrin media mənsubları ilə videokonfrans təşkil etdik. Bununla konsey üzvü ölkələrdə koronavirusla bağlı vəziyyət, “evdə qal” çağırışına necə əməl edildiyi və medianın bu vəziyyətdə rolu barədə ciddi müzakirələr aparıldı. Amma ən vacibi, bu pandemiya səbəbindən medianın zərərləri müzakirə edildi. Çünki məlumdur, ayrı-ayrı ölkələrdə koronavirusla bağlı məlumalar verilir, informasiyalar paylaşılır, amma medianın hansı durumda olduğu bilinmir. Məsələn, Türkiyə hökuməti məhz mövcud zərərləri nəzərə alaraq bölgə mətbuatına dəstək paketi hazırlayır.
Biz də bundan təcrübə kimi istifadə edə bilərik. Parlament Jurnalistləri Birliyinin ikinci böyük layihəsi isə Türk Dünyası Jurnalistlərinin videokonfransı oldu. Ümumilikdə PJB indiyədək 4 videokonfrans keçirmişdi. Türk Dünyası Jurnalistlərinin videokonfransında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan media təmsilçiləri iştirak edirdi.
Hesab edirəm ki, belə bir videogörüş türk dövlətləri jurnalistləri arasında daha da yaxınlaşmanı təmin edir. Gələcək birgə layihələrimizin reallaşması üçün də geniş imkanlar əldə olunacaq. Pandemiya davam edəcəyi müddətdə onlayn, videokonfranslar, onlayn görüş və müsahibələr də davam etdiriləcək. İndiki mərhələdə bu, ən doğru seçimdir. Biz media olaraq ictimaiyyətə doğru mesajlar verməli, maarifləndirmə işini bütün imkanlarımızla davam etdirməliyik.
Nümunə olmalıyıq. Koronavirus təhlükəsi bitdikdən sonra ənənəvi iş rejimimiz də bərpa olunacaq. Yəqin ki, səfərlərimiz də olacaq. İndiliksə, sosial məsafəni qorumaq, sosial izolyasiya qaydalarına riayət etməklə çalışmalıyıq. Bunun üçün də onlayn görüşlər, məsafədən müsahibələr almaq ən uyğun variantdır.