“Fake news”un qarşısını necə almalı ? - “Media savadlılığı” proqramı həyata keçirilsin !” 

Zeynal Məmmədli:“Bir çox Avropa ölkəsində bu proqram çoxdan tədris olunur”


Bu günlərdə “Ayna tv”-in efirində yalan xəbər (“fake news”) müzakirə olunub. Verilişdə “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev media savadlılığından danışıb. O, bildirib ki, 15-20 ildir, müxtəlif dünya ölkələrində “Media savadlılığı” proqramı həyata keçirilir. Azərbaycanda isə hələ bu təcrübədən istifadə edilmir. Professor Qulu Məhərrəmli də Arif Əliyevin dedikləri ilə razılaşaq hətta orta məktəbin yuxarı sinif şagirdlərinə media ilə bağlı zəruri biliklərin aşılanmasını təklif edib. 


Media eksperti Zeynal Məmmədli “Sherg.az”a açıqlamasında səslənən fikirləri müsbət qiymətləndirib: “Çox dəyərli təklifdir. Xüsusilə indiki pandemiya kimi fövqəladə hadisələr zamanı cəmiyyətə ötürülən informasiyalar çoxalır. Təbii ki, onların arasında “fake” xəbərlər də olur və nəticədə mediaya qarşı inamsızlıq yaranır. İnsan bilmir ki, hansı mediaya inansın, xəbəri hardan alsın. Üstəlik də sosial şəbəkələr hər kəsə müəllif olmaq imkanı verir. Hər şeydən əvvəl insanlar xəbərin nə olduğunu başa düşməlidirlər. Türkiyədə belə deyilir: Xəbər əmanətdir, ona xəyanət etmək olmaz.  Yəni “Media savadlılığı” proqramını təqdir edirəm. Bir çox Avropa ölkələrində bu proqram çoxdan tədris olunur. Azərbaycanda isə müstəqilliyin ilk illərindən etibarən sözügedən istiqamətə diqqət ayrılmalı idi. Müstəqillikdən dərhal sonra ən müxtəlif cür xəbərlərin tirajlanması təxmin edilməli və informasiya “çirkliliyinin” qarşısını almaq məqsədilə bu addım atılmalı idi”.
 
 Z. Məmmədli düşünür ki, şagirdlərə media biliklərini aşılamaq o qədər də çətin deyil:

“Əlbəttə, söhbət medianın əlifbasından gedir. Heç kimin orta məktəb şagirdini baş redaktor kimi yetişdirmək iddiası yoxdur. Sadəcə hər bir insan, o cümlədən yeniyetmə müxtəlif xəbərləri bir-birindən ayırmağı, informasiyaya dəyər verməyi bacarmalıdır. Bunun üçün kadr potensialının nə qədər çox olduğunu deyə bilmərəm. Ancaq peşəkar jurnalistləri də bu işə cəlb etmək olar. Fikrimcə, onlar öz təcrübələrini məktəblilərlə həvəslə bölüşərlər. Eyni zamanda İKT-in imkanlarından, transilyasiyadan istifadə etməklə dərsləri daha əlçatımlı etmək mümkündür. Yəni bu istiqamətdə hansısa problemin yaranacağına inanmıram. Necə deyərlər, niyyətin hara, mənzilin də ora”.