“Əhali arasında kimə daha çox inandıqları ilə bağlı sorğu keçirilsə, media birinci yerdə olar”
“Bəşəriyyət dövlətlərin siyasətinə mediadan daha yaxşı nəzarət edən bir mexanizmi hələ kəşf etməyib”
Bəzən şou-biznes nümayəndələrinin, o cümlədən müğənnilərin mediaya qarşı aqressiv münasibətlərinin şahidi oluruq. Sanki jurnalistlər, necə deyərlər, dovğa verib, onların ağzını yandırıblar...
Nəticədə olan da mətbuatın prestijinə olur. Bəs harda qaldı KİV-in “IV hakimiyyət funksiyası”, “cəmiyyətin güzgüsü” statusu?! Məhz belə-birmənalı olmayan, bəzən də qərəzli fikirlər nəticəsində “IV hakimiyyət” nüfuzdan düşür, həmin güzgü ləkələnir...Bu isə təbii ki, heç bir qələm sahibi üçün xoş deyil...
“Yeni Nəsil Jurnalistlər Birliyi”nin sədri Arif Əliyev “Sherg.az”a açıqlamasında bunun səbəbini medianın öz inkişaf yolundan çıxarılmasında gördüyünü dedi:
“Jurnalistika ictimai nəzarət funksiyasından uzaqlaşdırılıb. Çox təəssüf ki, son on ildə mən heç bir mətbu orqanın öz auditoriyasını öyrənməsi üçün sorğu verdiyini görməmişəm. Çünki indiki şəraitdə auditoriya konkret KİV-ə maraqlı deyil. Əgər bir sıra mənfi məqamlar öz həllini tapsa və biz yeni professionallıq standartlarını mənimsəyə bilsək, medianın əvvəlki nüfuzu, əlbəttə, yenidən bərpa olunacaq”.
A.Əliyevin sözlərinə görə, bütün bunlarla belə, yenə də insanların ən çox inandığı təsisat mediadır:
“Düzdür, jurnalistlər müntəzəm olaraq tənqidlərə məruz qalırlar. Ancaq mən sizi əmin edim ki, indi əhali arasında kimə daha çox inandıqları ilə bağlı sorğu keçirilsə, media birinci yerdə olar. Mətbuat məhkəməni, digər dövlət orqanlarını qabaqlayar. Axı ən çətin vaxtlarda hamı medianın üstünə qaçır, ondan bir xəbər gözləyir. Sadəcə bilmək lazımdır ki, bəşəriyyət dövlətlərin siyasətinə mediadan daha yaxşı nəzarət edən bir mexanizmi hələ kəşf etməyib. Mexanizm işləmədiyinə görə, bəzən mənfi məqamlar ortaya çıxır. Əgər, lazımi səviyyədə işləsə, belə olmaz”.