Ailədəki gərginlik tam öyrənilməlidir

Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Məişət zorakılıqlarının bütün detalları araşdırılmalıdır

Ancaq qadınların problemini dinləmək məsələyə birtərəfli baxışdır, heç nəyə nail ola bilməyəcəyik

Məişət zorakılığı təəssüf ki, təkcə söyülmə, döyülmə, işgəncələrlə məhdudlaşmır, ən ağır forma - qətllərlə də sonuclanır. Son günlərdə ard-arda bir neçə cinayət hadisəsi baş verib. 3 halda hədəf konkret olaraq qadınlardır. Gəncə, Şəmkir və Şabranda zorakılıq nəticəsində bir qadın dünyasını dəyişib, ikisi isə xəstəxanaya yerləşdirilib.

  Şəmkir rayonu ərazisində 1985-ci il təvəllüdlü Qasımova Səma Vilayət qızı odlu silahdan atəş açılması nəticəsində xəsarət alıb. Hadisə ilə bağlı Şəmkir rayon Prokurorluğunun məlumatında bildirilib ki, rayonun Yeni Həyat kənd sakini, 1959-cu il təvəllüdlü Sahib Həsənov yaşadıqları evdə şəxsi münasibətlər zəminində oğlunun arvadı - gəlini Səma Qasımovaya ov tüfəngi ilə iki dəfə atəş açmaqla onu qəsdən öldürməyə cəhd edib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. İkinci hadisə də dəhşətlidir. Gəncə şəhəri, Məhsəti qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Rüstəmov anası, 1957-ci il təvəllüdlü Svetlana Rüstəmovaya ağır xəsarətlər yetirib. Nəticədə qadın yaşadığı evdə vəfat edib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Üçüncü hadisə isə ağılları çaşdırandı. Şabran rayonunda qadın əri tərəfindən zorakılığa məruz qalıb. Hadisə rayonun Məliklər kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Natavan Xalid qızı Sarxanova xəsarətlərlə Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona hər iki yuxarı və aşağı ətrafların, qarının sıyrılmış yaraları və göz ətrafının hematoması diaqnozu qoyulub. Qadın xəstəxanada bildirib ki, yaranan mübahisə zəminində həyat yoldaşı tərəfindən hərəkətdə olan avtomobildən yola atılıb. Faktla bağlı hazırda araşdırma aparılır. Nə qədər “Qadın cinayətlərinə son!” deyilirsə də, sonun sonu görünmür.  Elə anlaşılmasın ki, yalnız qadınların müdafiəsindən söhbət gedir. Qəribə burasıdır ki, “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova mediaya açıqlamalarının birində “kişilər də zorakılığa məruz qalır”, ifadəsini işlətmişdi. Və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hesabatında da zorakılığa məruz qalan qadınlarla yanaşı, kişilərin də statistikası verilir. Əslində, burada həqiqət axtarmaq üçün çırağa, filana ehtiyac da yoxdur.  Evdə zorakılıq varsa, hər iki tərəf – qadın da, kişi də bundan əziyyət çəkəcək.

Lakin qadınlar zərif cinsə mənsub olduqlarından onların müdafiəsi üzərində daha çox dayanılır.  Məsələn, bir neçə gün əvvəl paytaxtın Xəzər rayonunda Sevinc Məhərrəmovanın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi hadisəsi sosial şəbəkələrdə xeyli müzakirə edildi. Bir neçə qadın bu faktı əsas tutaraq Xəzər Rayon Polis İdarəsinin önündə etiraz aksiyası keçirdilər, idarə binasının giriş qapısına qırmızı boya atdılar. Hadisə ilə bağlı DİN-in də açıqlaması oldu. Açıqlamada qeyd edilirdi ki, ailə-məişət zəminində daxil olan bütün müraciətlər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülür. DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusunu cavablandırarkən bunları deyib: "Ağır hadisədir, faciədir, bu hal baş verməməli idi. Qarşısının alınması üçün qətlə yetirilən qadının "ailəmdən ayrıla bilmərəm, övladlarımdan ayrı yaşaya bilmərəm", kimi israrlı istəkləri, ona təklif olunan sığınacaqdan imtinası ilə bağlı daha təsirli tədbirlər görülə bilərdi. Etiraf edək ki, onu xilas etmək üçün bütün imkanlar tam səfərbər edilmədi, daha çox ailənin, qadının, onun yaxınlarının istəkləri nəzərə alınmaqla tədbirlər hüquq çərçivəsində həyata keçirilib". E.Hacıyev bildirib ki, cari ilin mart ayında zorakılığa məruz qalan qadının şikayəti əsasında başlayan cinayət işi üzrə zəruri olan bütün tədbirlər qanunvericiliyə uyğun olaraq görülüb. Buna baxmayaraq, məhkəmə baxışı zamanı tərəflərin barışığı nəzərə alınıb: "İlk günlər ailədaxili münasibətlərin normallaşması müşahidə edilirdi. Təəssüf ki, sonradan baş verənlər – tərəflərin barışığı, valideynlərin bir-birinə güzəştsiz münasibəti ağır nəticələrə yol açdı. Bu o həqiqətin göstəricisidir ki, bu barışıqlar həmişə xoşbəxtliklə nəticələnmir". "Hadisənin təfərrüatları tərəfimizdən ətraflı təhlil olunaraq, ailə-məişət zəminində daxil olan bütün müraciətlərə daha diqqətli, daha məsuliyyətli yanaşılması üçün tərəflərin razılığı, yaxud barışığı olsa belə həmin şəxslər profilaktik qeydiyyata alınmaqla, nəzarət-profilaktik işin effektiv təşkili və gücləndirilməsi üçün tədbirlər görülür", - E.Hacıyev əlavə edib. 

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə hesab edir ki, sosial şəbəkələrdə “günahkar” axtarmaqdansa, əməli təkliflərlə çıxış etmək məişət zorakılığına qarşı mübarizədə daha effektiv olar: 

- Ailələrlə iş aparılmalıdır. Hər iki tərəflə - həm qadın, həm də kişi. Ancaq qadınlarla iş aparmaq, ancaq qadınların problemini dinləmək məsələyə birtərəfli baxışdır və bu şəkildə biz problemi heç vaxt həll edə bilməyəcəyik. Ailədə gərginlik varsa, gərginliyi yaradan səbəb ilk növbədə müəyyənləşməlidir. Cinayətə meyillilik dərəcəsi bilinməlidir. Ailə başçılarının, həmçinin digər ailə üzvlərinin, o cümlədən uşaqlar varsa, uşaqların da psixologi  durumu öyrənilməlidir.  Bunlar öyrənilmədən, mövcud durum analiz edilmədən hökm vermək, tədbir görmək lazım olan nəticəyə gətirib çıxarmayacaq. Bu işlə təkcə icra hakimiyyətləri məşğul olmamalıdır. Bəlkə də icra hakimiyyətləri ümumiyyətlə, bu işdən azad edilməlidir. Xüsusi mərkəzlər fəaliyyət göstərməli, sosioloq, psixoloq, həkimlər, ailə mütəxəssisləri mərkəzlərə cəlb olunmalı, problemli ailələrlə iş aparmalıdırlar. “Məişət zorakılığı haqqında” qanun da artıq köhnəlib. Qanunun təkmilləşdirilməsinə ehtiyac var.  Qanunvericilik də sərtləşdirilməlidir.  Cərimələr deyil, daha çox azadlıqdan məhrumetmə cəzalarına üstünlük verilməlidir. Son zamanlar törədilmiş cinayətlərin xarakteri araşdırılmalıdır. Bilinməlidir ki, hansı xarakterli cinayətlər artıb. Yaxud, zorakılıq faktı və təhlükə mövcuddursa, məhkəmələr boşanma müraciətlərinə baxarkən bəlkə 3 ay möhlət verməməlidir? Zorakılıq qurbanları üçün sosial inteqrasiya proqramı da kifayət qədər təkmil deyil.   Zorakılıqla mübarizə təkcə polisin işi deyil. Zorakılıqla mübarizə fərdi deyil, hamının problemi olmalıdır. Biz görürük ki, mühafizə orderi çox zaman effektsiz qalır. Deməli, elektron qolbaqlara üstünlük verilməlidir ki, hər hansı təhlükə olduqda, cinayətin qarşısı zamanında alınsın.  Məişət zorakılıqlarının, ailə zəminində törədilən cinayətlərin qarşısının alınmasında istifadə edilə biləcək resurslar ildən-ilə genişlənir. Bunlardan  maksimum faydalanmaq lazımdır.