12 yaşlı “Modern.az”ın baş yazarı:“Rusdilli versiyamızı yaratmaq istəyirik”

“Azərbaycanda xaricidilli jurnalistika inkişaf etdirilməlidir”

“Bu, informasiya savaşında qalib gəlməkdən ötrü bizim üstünlüyümüz olar”

“İkinci planımız isə sahə saytlarının yaradılmasıdır”



KİV hər bir dövlətin danışan dili, eşidən qulağıdır. Hazırda Azərbaycanda yüzlərlə media orqanı var. Amma, əlbəttə, üzdə olanların, etimad qazananların, ictimai rəy yaratmaq gücünə malik KİV nümunələrinin sayı heç də çox deyil. Belə media platmormalarından biri də təsis edilməsindən bu gün 12 il keçən “Modern.az” saytıdır. “Sherg.az” olaraq “Modern.az”ın baş redaktoru Elşad Eyvazlı ilə söhhbətləşdik:

- Uğurunuzun sirri nədədir?

- İstənilən nailiyyətə görə ilk növbədə dostlara, o cümlədən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlıya və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidə minnətdaram. “Modern.az” yeni yaradılanda Rəşad müəllim redaksiyasında bizə bir otaq vermişdi. Bir müddətdən sonra çətin olduğunu gördüm, getmək istədim. Rəşad müəllim qoymadı. Məni daha da həvəsləndirdi. İndi mümkün şərtlər daxilində media qurumu nümunəsini qorumağa çalışırıq.

- Yəqin, çətinlikləriniz də olub...

- Bəli, bəzi layihələri həyata keçirə bilməmişik. Yadımdadır ki, əməkdaşlarımız bəzi məmurlardan müsahibə ala bilmirdilər. Çünki müstəqil adamı, millətini, dövlətini təmannasız sevəni adətən qəbul etmirlər. Bununla belə, bir çox ilklərə də imza atmışıq. “Modern.az” xeyli jurnalistin birinci iş yeri olub. Əlbəttə, arzular həmişə imkanlardan çox olur. Mən bir beynəlxalq jurnalist kimi etiraf etməliyəm ki, mediamızda çatışmazlıqlar var. Ən azından ona görə ki, xarici jurnalistlərlə bizim müzakirə predmetlərimiz eyni deyil. Biz ötən 12 il ərzində əlimizdən gəldiyi qədər ləyaqətlə xidmət etməyə çalışmışıq. Baxın, qarğa 300 il, qartal bəzən 10 il yaşayır. Lakin biz heç vaxt qarğa ömrü sürməmişik.

- Kollektivinizə yeni əməkdaşlar dəvət edəndə hansı məqamlara diqqət yetirirsiniz?

- Biz yalnız gənclərlə işə başlamışıq və onlara həmişə xüsusi qayğı ilə yanaşmışıq, üstünlük vermişik. Bəzən təcrübəsiz olsalar belə, çeviklikləri gənclərin ən böyük üstünlüyüdür. Hazırda bizdə BDU-nun Jurnalistika fakültəsinin on nəfər tələbəsi çalışır. Üstəgəl, “Media könüllüləri” layihəsini həyata keçirmişik. Ümumiyyətlə, mənə görə insanlar öyrənmək istəyən və öyrənmək istəməyən olmaqla iki yerə bölünür. Əgər bir nəfər, həqiqətən, öyrənmək istəyirsə, qalan bütün çatışmazlıqlar zamanla həllini tapır. Fikrimcə, bütün media qurumları gənc əməkdaşlara xüsusi yer verməlidirlər.

- Gələcək planlarınız nələrdir?

- “Modern.az”ın rusdilli versiyasını yaratmaq istəyirik. Azərbaycanda xaricidilli jurnalistika inkişaf etdirilməlidir. Bu, informasiya savaşında qalib gəlməkdən ötrü bizim üstünlüyümüz olar. İkinci planımız isə sahə saytlarının yaradılmasıdır.