Türkiyəli jurnalist: “Media savadlılığına sahib olmaq lazımdır”

İkinci Qarabağ müharibəsi bir çox sahələrdə, o cümlədən mediada yeni reallıqlar yaratdı. Təkcə jurnalistlər deyil, ictimaiyyət də KİV-in cəmiyyət həyatındakı rolunu bir daha anlamış oldu. İnformasiya müharibəsinin günümüzün tələbi olduğu təsdiqləndi. 44 günlük hərbi əməliyyatlarda qardaş Türkiyənin mənəvi dəstəyi özünü mətbuatda da göstərdi.

“Sherg.az” olaraq türkiyəli jurnalist Tahir Gülebakla iki qardaş dövlətin müharibə dövründə informasiya cəbhəsindəki mübarizəsini müzakirə etdik.

- Müharibə dövründə türkiyəli jurnalistlərin ölkəmizdəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Jurnalistlər, o cümlədən türkiyəli həmkarlarımız hərbçilər qədər fədəkarlıq göstərdilər.Onlar savaşla bağlı informasiyaları dəqiqəbədəqiqə çatdıraraq gündəmi müəyyənləşdirdilər. Bu, böyük cəsarət və zəhmət tələb edən işdir.

- Xüsusilə belə vəziyyətlərdə ön plana keçən informasiya müharibəsi barədə nə deyə bilərsiniz?

- Müasir dövrdə informasiya müharibəsinin bir neçə nümunəsi var: təsəvvürləri dəyişdirmək, mədəniyyəti dəyişdirmək, öz mədəniyyətini başqalarına qəbul etdirmmək kimi məqsədlərlə KİV-in hər növündən istifadə olunur. Media informasiya savaşının ən mühüm elementidir. Çünki mediadakı saxta xəbərlər cəmiyyəti yanlış istiqamətə apara bilər. Odur ki, belə durumlarda sosial platformalardakı paylaşımlar o qədər də ciddi qəbul edilməməlidir.

- Bəs sizin də vurğuladığınız saxta xəbərlərə qarşı necə mübarizə aparmalıyıq?

- Son illər media savadlılığı haqqında çox danışılır. Dezinformasiyanı iformasiyadan ayıra bilməkdən ötrü ilk növbədə media savadlılığına sahib olmaq lazımdır. Saxta xəbərlər siyasi cəbhədən- iqtidar və ya müxalifətdən asılı olmayaraq- yayılanda vəziyyət bir az da çətinləşir. Bu zaman vətəndaş cəmiyyəti xüsusilə diqqətli davranmalıdır.

- Qeyd etdiniz ki, sosial mediaya elə də ciddi yanaşmaq lazım deyil. Axı həmin platformalar müasir dövrün əsas informasiya mənbəyinə çevrilib...

- Elə buna görə də paylaşımlar şüurlu şəkildə olmalıdır. Konkretləşməyən, dəqiqləşməyən məlumatlar yayılmamalıdır.

- Ən çox müzakirə oluann məsələlərdən biri də fövqəladə vəziyyətlərdə jurnalistin əvvəlcə peşəkar, yoxsa, vətəndaş olmasıdır. Bu barədə sizin mövqeyiniz necədir?

- Nə olur olsun, hansısa hadisənin içində, o cümlədən müharibədə emosiyaları kənara qoyub işimizi görməliyik. Unutmayaq, jurnalistika peşəmiz, fotoaparatımız silahımızdır.