Azərbaycanda jurnalist həmrəyliyi varmı? - “Vəziyyət çox aşağı səviyyədədir”


Elçin Mirzəbəyli:“44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasının yanında olan həmkarlarımla həmrəyəm”

Zeynal Məmmədli:“Həmrəylikdən söhbət gedə bilməz. Burada hər birimizin günahı var”

Bu gün- sentyabrın 8-i  dünyada Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü kimi qeyd olunur. 1958-ci ildə ildən hitletçilərin həbsxanada edam etdikləri(1943-cü il, 8 sentyabr) çex jurnalisti Yulius Fuçikin şərəfinə təsis edilib. O, cavanlığından siyasətlə maraqlanmağa başlayıb, 1921-ci ildə Çexiyada Kommunist Partiyasının yaradıcılarından biri olub. Mənbələrdə qeyd olunduğu kimi, Fuçikin "Edamqabağı reportaj" kitabı 70 dilə tərcümə edilmiş, dünyanın bir çox ölkələrində nəşr olunmuşdur. Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilmişdir. Bütün ölkələrin jurnalistləri və nəşrlər bu gün dünyaya öz hüquqlarının müdafiəsi işində həmrəyliklərini nümayiş etdirməlidirlər.

Bu adi peşə bayramı deyil, jurnalistlərin birlik, həmrəylik günüdür. Bəs ölkəmizdə bu barədə vəziyyət necədir?

 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Sherg.az”a açıqlamasında differensial yanaşmanın tərəfdarı olduğunu dedi:

 “Beynəlxalq münasibətlər sistemi o qədər mürəkkəb, ədalətsiz və ziddiyyətlidir ki, bu sistemin ayrı-ayrı qütblərinin geosiyasi və geoiqtisadi maraqlarını ifadə edən media təsisatları və onların təmsilçiləri ilə həmrəy olmaq mümkün deyil. Xeyirlə şər həmrəy ola bilməz. Mən 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq davasının yanında olan həmkarlarımla həmrəyəm, Ermənistanın, erməni diasporunun və Cənubi Qafqazda kök salmış bu qaniçən, vandal tayfanın himayəçiləri ilə  yox... Bu baxımdan, təklif edirəm, 44 günlük müqəddəs Vətən müharibəsinə təsadüf edən günlərdən birini Azərbaycan və Türkiyə Jurnalistlərinin Milli Həmrəyliyi Günü elan edək və öz günümüzün qürurunu yaşayaq”.

Media eksperti Zeynal Məmmədli isə Azərbaycanda jurnalist həmrəyliyi ilə bağlı durumun heç də yaxşı olmadığını vurğuladı: 

“Vəziyyət düşündüyümüzdən çox aşağı səviyyədədir. Media sahəsində böyük çatışmazlıqlar var ki, onlardan biri də məhz jurnalist həmrəyliyinin olmamasıdır. Bu da öz növbəsində jurnalistikanın prestijinə, universitetlərdə konkret ixtisas üzrə təhsil almaq istəyənlərin sayının azalmasına təsir göstərir. Jurnalistika təsadüfi işlərdən daha az gəlirli peşəyə çevrilib. BDU-nun Jurnalistika fakültəsində illik təhsilhaqqı 2400 manatdır. Bu, dörd il üçün 9600 manat deməkdir. Jurnalistin orta əməkhaqqı isə 350-400 manatdır. İndi o mətbuat işçisi nə qədər çalışmalıdır ki, təhsilə verdiyi pulu kompensasiya etsin? Məhz bu səbəbdən də mediamızda rüşvətxorluq, sui-istifadə halları artır”.

Z.Məmmədli, həmçinin jurnalist həmrəyliyinin formalaşmamasına təsir edən amilləri sadaladı:

“TV müxbirlərinin, sənədli filmlə məşğul olanların...ayrıca təşkilatı varmı? Yox. Çünki həmkarlar təşkilatı özü “ölüdür”. Belə demək mümkünsə, “kor bağırsaqdır”. Təəssüf ki, təkcə jurnalistikada yox, digər peşələrdə də- bütünlüklə cəmiyyətdə belə nöqsanlar az deyil- həmrəylikdən söhbət gedə bilməz. Burada hər birimizin günahı var”.