Nazirə verilən suallar sual doğurdu:“Jurnalistlər hazırlıqlı olmalıdırlar”

Dünən təhsil naziri Emin Əmirullayevin keçirdiyi brifinq təkcə qərarlarla yadda qalmadı. Həm bəzi jurnalistlərin qeyri-pəşəkar davranışları geniş müzakirə olunmaqdadır. Bir neçəsinin verilən sualı yenidən təkrarlanması, bəzilərinin sualı düzgün qoymaması onları qınaq onbyektinə çevirdi. Hərçənd belə olmalı deyildi. Budurmu “Dördüncü hakimiyyət”? Bizcə, yox. 

 Dünənki brifinqdə jurnalistlərin professionallığı barədə “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmlinin sözlərinə görə, media nümayəndələri xüsusilə belə tədbirlər üçün hazırlıqlı olmalıdırlar:

 “Əsas məsuliyyət redaksiyanın yox, məhz jurnalistin özünün öhdəsinə düşür. Tədbirin canlı yayınla efirə verilməsi o deməkdir ki, daha diqqətli olmaq lazımdır.

Çünki söhbət media orqanının nüfuzundan gedir. Jurnalistlər ilk növbədə problemi bilməlidirlər. İkinci bir tərəfdən mütləq 3-4 ehtiyat sual hazırlanmalıdır. Emin Əmirullayev savadlı, intellektli kadrdır.

Belə adamlara verilən suallar da sanballı olmalıdır. Müxbirlər mövcud vəziyyəti operativ qiymətləndirib, tez qərar qəbul etməlidirlər. Təəssüf ki, peşə hazırlığı yüksək olmayan, fors-major hallarda özünü səfərbər edə bilməyən jurnalistərimiz var. Bu, bizi məyus edir”.