Məktəbə çevrilmiş qəzet...  – MŞ sədri “Şərq”dən yazdı 

Bu günün “Şərq”ini qətiyyətlə belə adlandırmaq olar. O “Şərq”i ki, fəaliyyətə başlamasından 25 il ötür. O “Şərq”i ki, klassik Azərbaycan mətbuatının ənənələrinin yaşadılmasını özünə amal seçib, bu yolda püxtələşib, müasirləşib, səhifələrindəki ideya və baxışlarla insanımızı Şərqli, Qərbli Azərbaycan dünyasına səsləyib. 

Yubilyar qəzetin təklif etdiyi dünyada türkçülüklə millətçilik, dünyəviliklə dini dəyərlər müstəqil Azərbaycan dövləti və dövlətçiliyi naminə səfərbər olunub.

 Bu səfərbərlikdə həlledici rolu peşəkarlıq, jurnalistika prinsiplərinə sadiqlik, peşəyə hədsiz məhəbbət hissi oynayıb və oynamaqdadır. Elə buna görə də “Şərq” özünə geniş oxucu auditoriyası toplamağı bacarıb. 

“Şərq” salnamə yaracıdısıdır. Qəti əminəm ki, yüz il sonra ona müraciət ediləcək. Çünki bu mətbuat orqanı üçün obyektivlik başlıca meyardır. Obyektivlik isə özündə sonsuz axtarışları, müxtəlif baxışların işıqlandırılmasını, fərqli düşüncələrin təqdimatını ehtiva edir. Belə yanaşma isə həm də tarixi həqiqətlərin müəyyən edilməsi baxımından son dərəcə vacibdir. 

Baş redaktor, əziz və hörmətli Akif Aşırlı nə qədər türkçüdürsə, onun qurub ərsəyə gətirdiyi “Şərq” bir o qədər türk kimliyimizə bağlı, türk kimliyimizi milli kimlik ruhu ilə çulğalaşdıran ideoloji mərkəzdir. Bu mərkəzin müdavimləri ali dəyərlərlə silahlanmış peşəkarlardır. Bu mərkəzdə çalışanlar da həmçinin. 1 noyabr tarixi onların hər ikisi üçün doğmalıq bayramıdır. Bu doğmalığı formalaşdıran isə səmimiyyət, qayğıkeşlik və təəssübkeşlikdir. 

25 ildən sonra “Şərq” kənardan iş xüsusiyyətlərinə prinsipiallığın hakim kəsildiyi kütləvi informasiya vasitəsi olaraq görünür. Əminəm ki, üzərindən daha 25, habelə 30, 50, 100 il keçsə də, möhkəm təməllərə əsaslanmış bu mühit öz varlığını saxlayacaqdır.

 Saxlayacaq və qəzetdə çalışanları yeni-yeni yaradıcılıq uğurlarına daşıyacaqdır. Həm də ona görə ki, ötən 25 ildə qazanılmış təcrübə yubilyar media orqanının parlaq gələcəyi üçün misilsiz təminatdır. 

“Şərq” qəzeti rəhbərliyini və əməkdaşlarını nəşrin fəaliyyətə başlamasının 25 illiyi münasibətilə ürəkdən təbrik edirəm. Allah canlarını sağlam, özlərini gümrah eləsin. Yazıb-yaratmaq eşqləri daim zirvədə olsun, yeni zirvələr fəth etsin. 

25 illik yubileyiniz mübarək, əziz “Şərq”çilər!