"İnanıram, "Şərq" 25 illik nailiyyətlərinin sayını artıracaq"



Türkiyədə yaşayan azərbaycanlı professor qəzetimizi təbrik edib

Azərbaycan mətbuatında ən uzunömürlü, davamlı çap olunan “Şərq” qəzetinin 25 yaşı noyabrın 1-də tamam olur. Demək olar ki, hər gün “Şərq”in yubileyi münasibəti ilə ölkənin tanınmış siyasi-ictimai xadimlərindən, ziyalılarımızdan və çoxsaylı oxucularımızdan dəyərli təbriklər alırıq. “Şərq”i təbrik edənlərdən biri də Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Kahraman Maraşdakı “Sütçü İman” universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıl oldu. “Şərq”ə yaxından əməkdaşlıq edən dəyərli alimimiz Toğrul İsmayıl baş redaktorumuz Akif Aşırlı başda olmaqla qəzetimizin bütün kollektivini təbrik edib. Professor “Şərq”in zəhmətkeş və peşəkar kollektivinə uğurlar arzulayıb: “25 illik dövrdə “Şərq” qəzetinin uğurlu və özünəxas fəaliyyətinin şahidi olmuşuq. Jurnalistika çox ağır yoldur. Xüsusən Azərbaycan mühitində media sahəsində davamlı, fasiləsiz irəliləmək çox məşəqqətli, əziyyətli, enişli-yoxuşludur. Ümid edirəm ki, 25 illik nailiyyətlərinizin sayını daha artırasınız. Təbii ki, bu, heç də asan deyil. Amma inanıram ki, “Şərq”in peşəkar kollektivi bu çətin və məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyi bacaracaq. Bir daha uğurlar, daha neçə 25 illərə..”.