“Dünyanın heç bir yerində "reket jurnalistika" anlayışı yoxdur”

“Reketçilərə sırf hüquq- mühafizə orqanları məşğul olmalıdır" 

Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli İctimai TV-nin efirində reket jurnalistlərlə bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. N.Məmmədli diqqətə çatdırıb ki, reket elementləri ilə peşəkarcasına məşğul olanların əksəriyyəti bizim ciddi media subyektlərində oturublar:

“Reket jurnalistlərlə mübarizədə nəticə əldə etmək üçün problemin kökünü axtarmalıyıq. Reket mətbuat, şantajçılar hər zaman kimlərinsə işinə yarayır. Bunun kökünü mətbuatda deyil, başqa yerdə axtarmalıyıq. Reket jurnalistikaya qarşı mübarizə aparmaq bizim peşəmizin gələcəyi ilə bağlı məsələdir" .

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı mövzu ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, reketçiliklə məşğul olan adam jurnalist deyil: 

"Digər tərəfdən Azərbaycandan başqa dünyanın heç bir yerində "reket jurnalistika" anlayışı yoxdur. İndi məsələnin kökünə baxmaq istəyirlərsə, baxsınlar, araşdırsınlar. Mən dəfələrlə qeyd etmişəm, nə qədər ki, rüşvət verməyə hazır olan adamlar var, onları təhdid edən reketçilər də olacaq. Bu da yalnız medianın deyil, ümumən cəmiyyətimizin problemidir. Məlum məsələdi, ölkəmizdə hara gedirik gərək şirinlik adı ilə kiməsə rüşvət verək. Bunu etməsək, işimizin asılı olduğu adamlar elə edirlər ki, elementar beş dəqiqəlik iş üçün bir ay vaxt itiririk. Budur reallıq. Reketçilərə gəldikdə isə düşünürəm ki, onlarla sırf hüquq- mühafizə orqanları məşğul olmalıdır" .