“Neft daşları” 55 yaşına çatdı

İnanırıq ki, qəzet ölkəmizin qara qızılı parladıqca yaşayacaq və neftçilərin əməyini işıqlandırmaqda davam edəcək

  “Neft daşları” qəzetinin 55 yaşı tamam olur. Bu qəzet Möcüzələr adası – Neft Daşlarında neft hasilatından ən yüksək göstərici əldə edildiyi dövrdə – 1967-ci ildə işıq üzü görüb. 1967-ci il oktyabrın 3-də “Neft daşları” qəzetinin il sayı çapdan çıxıb. Qəzetin təsisçisi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsidir. Çətin iş şəraiti olan neftçilərin fəaliyyətini işıqlandıran qəzetin işi də gərgin olub. Bu qəzet digər mətbu orqanlar kimi rahat kabinetlərdə araya-ərsəyə gəlmirdi.

Eyni zamanda, bu sahədə ilk və yeganə qəzet idi. Qəzet neftçilərin gərgin əməyini, yaşayış şəraitini, ölkədə neft hasilatı barədə yenilikləri oxucuya çatdırırdı. Neft sənayemizdəki uğurların geniş ictimaiyyətə çatdırılmasında qəzetin üzərinə böyük məsuliyyət düşürdü.  Həm də qəzet “Neft daşları”nda çalışanlara bir növ hədiyyə idi. Neftçilər bu qəzet səhifələrində özlərini, sərf etdikləri gərgin əməyin tərənnümünü görürdülər və bu onlara əlavə ruh yüksəkliyi verirdi. 

  Qəzetin ilk baş redaktoru Kremer soyadlı şəxs olub. Kremer cəmi 3-4 ay qəzetə rəhbərlik edib, sonra onu Moskvaya – “Sosialist sənayesi” (rusca  - “Sots.industriya” qəzeti) qəzetinə dəvət ediblər. Sonrakı illərdə Eynulla Umudov qəzetə rəhbərlik edib. Qəzet qara rəngdə, iki dildə - Azərbaycan və rus dillərində nəşr olunub. 1988-ci ildən yalnız Azərbaycan dilində nəşr olunmağa başlayıb.

 1990-cı ildə qısa müddət “Gələcək gün” adıyla çıxıb, lakin az sonra əvvəlki adı qaytarılıb. 1992-ci ildən 2004-cü ilədək qəzetə Zahir İsa oğlu Mehrəliyev rəhbərlik edib. 

“Neft daşları” qəzetinin nəzdində yaradılmış “Dalğa” ədəbi məclisi isə ədəbi mühitə o dövrdə yeni nəsil yazışı, şairlərin gəlməsinə vəsilə olub. Xıdır Alovlu, Zaməddin Ziyadoğlu, Rəşid İsgəndər bu ədəbi məclisin yetirmələri olub. 

“Neft daşları” fəaliyyəti boyunca bir çox mükafatlara, təltiflərə layiq görülüb. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, “Qızıl Qələm” mükafatı ilə təltif edilib. Qəzet bu gün də nəşrini davam etdirir və hazırda qəzetin baş redaktoru Xeyrulla Ağayevdir. Qəzet 5000 tirajla, 8 səhifəlik nəşr olunur. İnanırıq ki, “Neft daşları” qəzeti ölkəmizin qara qızılı parladıqca yaşayacaq və neftçilərin əməyini işıqlandırmaqda davam edəcək. 

  “Şərq” qəzetinin rəhbərliyi və bütün kollektiv “Neft daşları” qəzetinin 55 illik yubiley münasibətilə təbrik edir, həmkarlara daim yaradıcılıq uğurları arzulayır.