Azər Ayxan: "Sonda mediada qalmaq, davam etməyi seçdim"
"Siyasətdən uzaq fəaliyyət sahəsində olan dostlarımın dəstəyi, özümün resurslarım hesabına bu yola çıxdıq. İnşallah ki, peşman olmarıq!"
“Globalinfo.az" xəbər portalı Media Reyestrindən keçdi. Komandamızın motivasiyası üçün ciddi amildir. Yolumuz uğurlu olsun”. Bu sözləri Əməkdar jurnalist Azər Ayxan şəxsi feysbuk hesabında paylaşıb. Yenicə fəaliyyətə başlayan bir sayt üçün bu, böyük uğurdur. Həmkarlarımızı həm təbrik etmək, həm də əvvəlcədən planladığımız müsahibə üçün Azər bəylə əlaqə saxladıq.
- Azər bəy, sözün açığı, "Globalinfo.az" yeni olduğu üçün qısa vaxt ərzində Media Reyestrindən keçməsi bir az təəccüb doğurub. Güzəşt yoxdur ki?
- "Globalinfo.az" müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək. Media Reyestrinin qoyduğu bütün şərtlərə əməl edərək qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim etmişik. Agentliyin apardığı araşdırmalar nəticəsində də "Globalinfo"nun qeydiyyata alınmasında bir maneə ortaya çıxmadı. Reyestrin əsas tələblərindən biri gündəlik minimum 20 özəl xəbər istehsal etməkdir. Biz isə günü 20+ xəbərlə başa vururuq. Elə gün olur xəbərlərimiz çox olduğu üçün növbəti günə 2 manşet materialı saxlayırıq. Bu mənada "Globalinfo.az"a bir güzəşt edildiyini düşünmürəm. Əksinə, bizim saytımız yeni yarandığı üçün Agentlik tərəfindən daha çox monitorinq edilir. Çox şükür ki, bu prosesdən alnımızın ağı ilə keçə bildik.
- Bəs əməkdaşlarınız necə?
- Gənclərdən ibarət kollektiv formalaşdırmışıq. Az müddətdir bir yerdə işləsək də, çox mehribanıq. Sanki 10 ildir iş yoldaşıyıq. Gənclərlə işləməyin bir ayrı üstünlüyü var. Gənc həmkarlarımın hər biri medianın şərtlərini və sirlərini bilən jurnalistlərdir.
- Heyətiniz neçə nəfərdir?
- Texniki işçilərlə bir yerdə 10 nəfərik.
- Bu sayla kifayətlənmisiniz, yoxsa işçi axtarışınız davam edir?
- Sözün açığı, daha böyük kollektivlə işləmək imkanlarımın olmasını çox istərdim. Amma mövcud şərtlər və imkanlar daxilində kollektivi genişləndirməyimiz real deyil. Düşünürəm, yenicə yaranmış sayt üçün 10 nəfərlik mobil komanda elə də az nəticə deyil. Hazırda əsas qayəmiz saytımızın populyarlaşması və ictimai-siyasi proseslərə təsir imkanlarının artırılmasıdır. Bunun üçün də əlimizdən gəldiyi qədər çalışırıq.
Yaxın gələcəkdə imkanlarımızı genişləndirə bilsək, kollektivin də sayı artacaq. "Globalinfo.az" Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək.
- Azər bəy, “Yeni Müsavat” qəzetindəki vəzifənizdən ayrıldıqdan sonra media cameəsində “Çox güman yaxın günlərdə yeni bir sayt yaradacaq” kimi söz-söhbətlər dolaşmağa başladı. Amma "Globalinfo.az"ın təqdimatı xeyli uzun çəkdi...
- İstefa verdikdən sonra dərhal sayt açmaq kimi bir planım olmayıb. Bir neçə variant üzərində düşünürdüm. Sonda mediada qalmaq, davam etməyi seçdim. Jurnalistikadan uzaqlaşıb yeni macəralara yelkən açmağı lazım bilmədim. Bu barədə qərarım qətiləşəndən sonra "Globalinfo.az" domenini alıb saytı qurmağa başladım. İstəsəydim, sentyabrın 1-də elan edərdim ki, sayt açmışam. Amma tələsməyə gərək görmədim. Ortaya sanballı iş qoymaq lazım idi. Ataların dediyi kimi, “Tələsən tərsə düşər”. "Globalinfo.az" saytının yaranmasını noyabrın 15-də elan etsək də, sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Gec başlamağımızın səbəbi də o idi ki, “copy past” saytı olmaq, bu cür tanınmaq istəmirdik. "Globalinfo.az" peşəkar kollektivdən ibarət yaradıcı saytdır. Bu günümüzə şükür deyirik, amma hədəflərimiz daha böyükdür.
- Sayta “Globalinfo” adının verilməsinin xüsusi bir mənası var, yoxsa təsadüfi seçimdir?
- Sayt yaratmaq barədə qəti qərar verdikdən sonra domen axtarmağa başladım və "Globalinfo.az" domeni də boş olduğu üçün ödəniş edib aldım.
- Bu gün internet media resursları həddindən artıq çoxdur. "Globalinfo.az"ı bu xəbər çoxluğunda digər saytlardan fərqləndirən özəllik nədir? Portalın fəaliyyət istiqaməti necə olacaq?
- Fərqlənəcəyimizə əminəm. Hətta bəzi həmkarlarımın dediyinə görə, artıq seçilirik. Yarandığımız gündən özəl xəbərlər, müsahibələr, açıqlamalar və təhlil məqalələrlə oxucuların xidmətindəyik. "Globalinfo.az"da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer verilir.
- Saytınız elan olunan gündən yaman qonaq-qaralı oldu. Digər saytlar yarananda belə bir hal müşahidə etməmişdik. Bu bir piar idi, yoxsa "Globalinfo.az" daha ilk gündən insanların diqqətini çəkməyi bacardı?
- Saytı elan edəndə ziyarətçilərimiz olacağını bilirdim, amma bu qədər çox olacağını düşünmürdüm. Müxtəlif sahələr üzrə çalışan insanlar ofisimizə baş çəkib, bizə uğur arzuladılar. Saytımızın fəaliyyəti haqda xoş sözlər söylədilər. Fürsətdən istifadə edib göstərdikləri diqqət və dəstəyə görə dəyərli dostlarımıza öz minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar! Burada heç bir piar niyyəti güdmürəm, gələnləri də zəng edib özüm dəvət etmirəm.
Səmimi deyim, sayt açılan günü hüquq müdafiəçiləri Novella Cəfəroğlunu, Səidə Qocamanlını və Səadət Bənənyarlını özüm dəvət etmişdim. Iki gün əvvəldən Novella xanımdan xahiş etdim ki, ilk gün yanımızda olub, işimizə xeyir-dua versin. Novella xanımla, Səidə xanımla bizi olduqca möhkəm mənəvi tellər bağlayır. Mənim üçün əziz, doğma insanlardır. Onlar da çox sağ olsunlar, böyük bir həvəslə dəvəti qəbul edib, xeyir-dualarını əskik etmədilər. Sabiq deputat, hüquq müdafiəçisi Çingiz Qənizadə də öz təşəbbüsü ilə xanımlarla bir yerdə ofisimizi ziyarət etdi. Ona da ayrıca təşəkkür edirəm. Çingiz bəylə uzun illərə söykənən dostluğumuz var. Hər zaman jurnalistlərin yanında olub.
İlk gün bizim yanımızda olanlar arasında millət vəkili dostlarımız da vardı. Deputatlar Arzu Nağıyev, Elşən Musayev, Vüqar İsgəndərov da bizi tək qoymadılar. Redaksiyamıza gəldilər, xeyir-dua verdilər, dəstək ifadə etdilər. Allah onlardan da razı olsun. Dostların ayaqları yüngül oldu. Gələn-gedənin ardı-arası kəsilmir. Hətta elə insanlar var ki, onların gəlməsi ilə bağlı müəyyən səbəblərdən sosial şəbəkədə heç bir paylaşım etmədim.
- Medianın reklam bazarındakı real vəziyyəti hamımız görürük. Maraqlıdır, maliyyə məsələsini necə həll edirsiniz?
- Çevrəmiz genişdir. Bunu ofisimizi ziyarət edən insanlardan da görmək olur. Bu insanlar arasında xətrimi əziz tutan, işlərimin yolunda getməsini istəyən dostlarım var. Siyasətdən uzaq fəaliyyət sahəsində olan dostlarımın dəstəyi, özümün resurslarım hesabına bu yola çıxdıq. İnşallah ki, peşman olmarıq!
- Maliyyə yardımı üçün MEDİA-ya müraciət etmək niyyətiniz var?
- Əlbəttə! MEDİA-nın ayırdığı maliyyə dəstəyi dövlətin büdcəsindən ayrılan vəsaitdir. Dövlətin ayırdığı maliyyə dəstəyindən məmnuniyyətlə yararlanmaq istəyərik. Müsabiqədə iştirak üçün sənədlərimizi də təqdim etmişik. Alınarsa, nə gözəl. Olmasa da, növbəti mərhələdə şansımızı bir daha sınayacağıq.