Yerli kanallara baxanların sayı azalıb - TƏHLİL

Mənzildə televizorun səhər-axşam yanması, o demək deyil ki, onu kimsə konkret izləyir

"Əhalinin xarici telekanallarda nəyi izlədiyi araşdırılsa, Türkiyə televiziyalarında da, Rusiya televiziyalarında da dizilər, seriallar önə çıxacaq"

  Azərbaycan kanallarının ilkin reytinqi açıqlanıb. Bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib. O bildirib ki, ötən həftə yerli kanallara 5 milyon 251 min adam baxıb: "Ortalama izləmə müddəti 4 saat olub. Türk kanallarına isə 3 milyon 500 min adam baxıb. 

Onların ortalama baxışı 2 saat olub. Rus kanallarına baxış sayı isə 1 milyon 550 min olub və ortalama baxış müddəti 30 dəqiqədir. 25 faiz əhali isə digər platformaları izləyib". Şura sədri deyib ki, bəzən sosial şəbəkələrdə belə fikirlər səsləndirilirdi ki, yerli kanallara baxan yoxdur: "Amma iri reklam televiziyalardadır. Bu iki məsələ üst-üstə düşmürdü. Gələn ilin əvvəlindən kanalların reytinqi Şuranın saytında elan olunacaq. İstənilən şəxs oradan hansı kanalların daha çox izlənildiyinə baxa biləcək. Burada geniş data məlumatı olacaq".
  Audiovizual Şuranın açıqladığı rəqəmlər reallığa nə dərəcədə yaxındır? Yerli telekanalları izləyənlər azdır, deyilə bilməz. Məlumdur ki, əhalinin müəyyən bir hissəsi, xüsusilə yaşlı nəsil, evdar xanımlar yerli telekanalları izləyir. Lakin bu izləmənin sırf işsizlikdən, yəni bekarçılıqdan qaynaqlandığı da vurğulanmalıdır. Əhalinin müəyyən qismi efirdə baxımlı proqram oldu-olmadı, televizoru işlək  halda qoymağa vərdiş edib, “evdə səs olsun”, deyə. Mənzillərdə televizorlar səhər saatlarından gecəyədək işlək vəziyyətdə qalır. İşığı yanır, səsi gəlir. Sakin isə bu vaxt ərzində, evin işini də görür, nahar da hazırlayır, telefonla da danışır. Bir sözlə, 5 milyondan artıq izləyicinin ciddi və daimi şəkildə yerli telekanalları izləməsi şübhəli görünür.  Üstəlik, yerli telekanllara alternativ digər - xarici telekanallar və yayımlanan daha cəlbedici proqramlar, dizilər olduğu halda.  Rəqəmlərin şübhə doğurmasına  əhalinin böyük əksəriyyətinin smartfon aludəçiliyini də əlavə etsək, mənzərə tam başqa cür görünəcək. Nəinki asudə vaxtda, hətta nəqliyyatda da əhali (yəqin bunu asudə vaxt hesab etdiklərindən) “İPhone”da dizilər izləyir. Təbii ki, Türkiyə istehsalı diziləri. Yaşlılar da hətta smartfondan ayrılmır. Oyunlara aludə olurlar, dizi izləyirlər. Hələ tiktok aşiqlərini demirik.  İnternet televiziyaları, yutub kanalları, sosial şəbəkələr günün 24 saatını zəbt edirsə, telekanallara, özü də yerlilərə baxmağa faktiki zaman qalmır.  Ümumi mənzərəyə baxıldığında əhalinin böyük qisminin yerli telekanallara daha çox vaxt ayırdığı inandırıcı görünmür. Audiovizual Şura bu hesablamanı nəyə əsasən aparıb? 

  Media eksperti Zeynal Məmmədli Sherg.az-a açıqlamasında heablamalarda metodoloji çatışmazlıqlar olduğunu dedi: 

- Məlumatlar yetərli deyil. Biz bilmirik izləmə sayını hesablayan cihazlar – indikatorlar nə dərəcədə dəqiqdir. Bu cihazlar nəyi hesablayır, mənzıldəki televizorun işığı neçə saat yanır, yoxsa efirdəki hər hansı proqramı izləyənlərin faktiki sayını? Mənzildə televizorun səhər-axşam yanması, hələ bu demək deyil ki, onu kimsə konkret izləyir. 10 milyonluq əhali sayı olan ölkədə ən azı 8-10 min nəfərin rəyi öyrənilməlidir ki, efirlə bağlı dəqiq mənzərə bilinsin.  Amma hər dəfə görürük ki, təhlillərin aparıldığı vətəndaş sayı əhalinin ümumi sayı ilə uyğun deyil. Məlumatlar yetərsiz  olduğu üçün real qiymətləndirmədə çətinlik çəkirik. Çünki rəqəmlərdə qeyri-dəqiqlik var. Orta izləmə müddəti nəyə əsasən müəyyənləşib, məlum deyil. İzləyici kateqoriyası fərqlidir. Var daimi izləyici, var vaxtaşırı  izləyənlər və bir də təsadüfi – hərdən-birdən televiziyaya baxanlar. Bu kateqoriyalar üzrə də hesablama aparılmalıdır və bilinməlidir ki, daimi izləyicilər nə qədərdir. Yerli telekanalları daimi izləmə sayı azdır. Məsələn, ən reytinqli veriliş hansıdır və ona baxış sayı neçədir? Ən reytinqli verilişə baxış sayı ilə ümumi baxış sayı müqayisə edilsə, bu, efirə ümumi baxış sayının müəyyənləşdirilməsinə kömək edəcək. Ən reytinqli verilişə baxanların sayını ümumi saydan kənara çıxdıqda yerdə nə qalacaqsa, daimi izləyici sayı bu olacaq.   Əlimizdə bu bilgilər olmadığı üçün konkret fikir bildirmək də çətindir.   

  Z.Məmmədli qeyd etdi ki, yerli telekanallara baxış sayının xarici telekanallara baxış sayını üstələməsi texniki imkanlarla bağlıdır: 

- Hesab etmək olmaz ki, əhalinin böyük əksəriyyətinin xarici telekanallara çıxış imkanı var. Əhali daha çox internet televiziyaları, ya da yutub kanalı üzərindən xarici kanalları izləyir. Hesab edirəm ki, əhalinin xarici telekanallarda nəyi izlədiyi araşdırılsa, Türkiyə televiziyalarında da, Rusiya televiziyalarında da dizilər, seriallar önə çıxacaq. İstər Türkiyə, istərsə də Rusiya kanallarında analitik proqramlara baxanların  sayı azdır. Dizilər, seriallar efir vaxtının böyük qismini zəbt etdiyindən xarici telekanalları ortalama izləmə müddəti, xüsusən Türkiyə telekanallarına,  AŞ-nin açıqladığından daha böyükdür. Biz yerli telekanalları daha baxımlı etməyə çalışmalıyıq ki, televiziyalarımız xarici telekanallara uduzmasın.