Dövlət Əmək Müfəttişliyinin əməkdaşları ofisdən çıxmırlar ki, birdən isti vurar. Bəs fəhlələri isti vurmur?!
İyul ayının tən ortasında, qızmar istilərdə paytaxtda qızğın iş gedir. Hardasa yeni yol salınır, hansısa küçələrdə asfalt örtüyü yenilənir, köhnə binalar rənglənir, ağaclar da yuyulur. Asfalt örtüyünün yenilənməsində köhnə qaydalar qüvvədədir: zəruri ehtiyac olmayan küçələrdə asfalt örtüyü yenilənir, ümumiyyətlə asfaltsız olan küçələrsə, “baxa-baxa” qalır. Ola bilsin, hansısa mütəxəssislər irad səsləndirəcək ki, “siz nə bilirsiz harada ehtiyac var, harada yoxdur?!”. Razıyıq. Naşı ola bilərik bu məsələdə. Amma naşı olmadığımız və hər şeyin gün kimi aydın olduğu reallıq bundan ibarətdir ki, yayın qızmar istisində, günün pik saatlarında fəhlələri yola töküb işlədirlər. Yol çəkilişinə, asfalt örtüyünün yenilənməsinə cəlb edilən fəhlələr günün qızmar şüası altında əllərində alətlər küçəni o baş bu başa gedib gəlir. Ağır texnikanın göyə qaldırdığı tozu, çirkli havanı uda-uda. Tozu udan təkcə fəhlələr də deyil. Ərazidə yaşayan, işə gedib-gələnlər də tozlu havanın əsarətinə düşür. Başqa problem, yolda tıxacların yaranmasıdır. Ağır texnika “ərəbzəngi” kimi yolu kəsdiyindən bir istiqamətli hərəkət zolağında uzun-uzadı tıxac yaranır. Hazırda Mətbuat prospektində eynilə bu vəziyyətdir. Prospektin Badamdar dairəsinədək uzanan hissəsində yeni asfalt örtüyü yenidən yeniləndiyindən insanlar min-bir əziyyətə qatlanır. Ağacların sulanmasını da xatırlatdıq. “Məhsul” stadionu yaxınlığında səkidəki ağacları axşamüstü sulamaq və bununla da işdən evə qayıdanları ağacların üzərindən axan palçığa “qonaq etmək” ideyasının kimə məxsus olduğunu bilmək maraqlıdır. Dünya təcrübəsində yol tikintisinin, yol nişanlarının çəkilməsinin, ağacların yuyulmasının uyğun vaxtlarda icra edilməsi praktikası mövcuddur. Yol infrastrukturu ilə bağlı işlər gecə saatlarında icra edilir ki, avtomobillərin hərəkətinə, piyadalara problem yaranmasın. Ağaclar da səhər erkən saatlarda sulanır. Görünür, bu məsələlərdə mövcud olan dünya praktikası bizə “əl vermir”. Fəhlələrə əlavə əmək haqqı ödəmək zərurəti yaranacağından ola bilərmi?..
Paytaxtda vaxtsız-vədəsiz aparılan işlər zamanı işçilərin əmək hüquqlarının pozulduğunu deyən Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı “Sherg.az"a açıqlamasında Əmək Məcəlləsinin müvafiq maddələrini misal çəkdi:
M.Qəhrəmanlı qeyd etdi ki, işçinin hüquqları qanunvericiliklə təsbit olunduğu halda, yenə də əmək hüquqlarının kobud şəkildə pozulduğunu görürük:
İsti havada açıq məkanlarda çalışmaq birmənalı qadağandır. Bu məsələ Əmək Məcəlləsi ilə tənzimlənmir. İşəgötürənlər daxili əmrlə tənzimləməlidir bu məsələni. Daxili əmrlər işin spesifikasından asılı olaraq elə verilməlidir ki, həm Əmək Məcəlləsinə zidd olmasın, həm də işçilərin hüquqları pozulmasın. İş saatlarını dəyişdirmək olar, daha sərin vaxtlarda, axşam, gecə saatlarında gördürmək olar bu işləri. Elə bir vaxtda ki həm nisbətən sərinlikdir, həm də küçələrdə avtomobil azdır, əhali azdır. Yoxsa günün pik saatlarında yolu bağlayıb asfalt çəkmək, tozu göyə qaldırmaq, axşamüstü ağacları sulayıb insanların üst-başını bulamaq qanunvericiliyə də ziddir, etik normalara da. Qanunvericiliyin tələbləri pozulur, işçilər əziyyət çəkir, ətraf mühitə, əhaliyə ziyan dəyir.
M.Qəhrəmanlı bildirdi ki, ölkədə iş şəraitinin dəyişdirilməsi zərurəti ildə 1-2 dəfə yaranır:
" Qış aylarında bəzən güclü külək, şaxtalı hava, yay mövsümündə isə əsasən iyul-avqust aylarında müəyyən günlərdə havanın temperaturu çox yüksək olur. Həmin günlərdə iş şəraitini qanunvericiliyin tələblərinə görə tənzimləmək çətin deyil. İşəgötürənlər, rəsmi qurumlar nəzərə almalıdır ki, havanın temperaturu kölgədə 35-36 dərəcədirsə, açıq havada artıq 38-39 dərəcəyə çatır deməli. Bu, heç də kiçik göstərici deyil. İsti havalarda açıq şəraitdə çalışmaq çox çətindir. İstənilən zaman günvurma hadisəsi ola bilər. Həm də iş gündüz saatlarında görülürsə, Günəşin zirvədə olduğu vaxtdır. Bu zaman açıq havada olmaq ümumiyyətlə məsləhət deyil. Amma bu insanlar asfaltın istisində çalışdırılır. Əmək Məcəlləsinə əlavələr var, Baş Prokurorluğun xəbərdarlığı var, amma nəzarət yoxdur. Monitorinq aparılmır. Dövlət Əmək Müfəttişliyi nəzarət etməlidir bu məsələyə. Anma müfəttişliyin əməkdaşları ofisdən çıxmırlar ki, birdən isti vurar. Bəs fəhlələri isti vurmur?!. Dövlət Əmək Müfəttişliyi qanunvericiliyin tələblərinin pozulmasına görə indiyədək neçə nəfəri cəzalandırıb, buyurub bildirsin. Bizim gördüyümüz nöqsanları onlar niyə görmür?".