Bu sahə ölkəmizin iqtisadi inkişafına və insanların məşğulluğuna öz töhfəsini verəcək
Gəlirlər əldə edənədək, ilkin mərhələdə startaplara dəstək olduqca vacibdir. Müvafiq qurumlar məsələlərə diqqəti artırmalı, investisiya mühitinin yaxşılaşması üçün səyləri gücləndirməlidir
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
Dünya iqtisadiyyatındakı son tendensiyalar, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi vəziyyət startapların dəstəklənməsi istiqamətində dövlət təşviqinin artırılmasının vacibliyindən xəbər verir.
Müxtəlif ölkələrdə sahibkarlıq fəaliyyətinin, o cümlədən startapların inkişaf etdirilməsi hökumət üçün mühüm əhəmiyyət daşıyır və bu məqsədlə özünəməxsus münbit ekosistemin yaradılması istiqamətində işlər görülür.
Bu günün uğurlu startapları sabahın kiçik və orta biznesləridir. Kiçik və orta sahibkarlıq subyektlərinin isə ölkə iqtisadiyyatının inkişafında çox böyük əhəmiyyəti var. Belə ki, işsizliyə qarşı mübarizədə və ölkədə innovasiyanın tətbiqində kiçik biznesin oynadığı rol danılmazdır. Startaplar həm də neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı və bütövlükdə iqtisadiyyatın diversifikasiyası ilə bağlı hədəflərə nail olunması baxımından çox önəmlidir.
Bu, iqtisadiyyata innovasiyanı gətirən və innovativ olaraq iqtisadiyyatın inkişafını stimullaşdıran təşəbbüslərdəndir. Son illərin təcrübəsi göstərir ki, bütövlükdə innovasiyanın əhəmiyyətli hissəsi məhz startaplara aiddir. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın yüksək texnologiyalar sektorunda işlə təmin olunan əhalinin 40 faizi kiçik biznes subyektlərinin payına düşür.
Azərbaycanda əlverişli biznes mühitinin yaradılması, vergi güzəştləri və biznesləri dəstəkləmə üçün real dövlət proqramlarının həyata keçirilməsi son illər geniş tətbiq olunur. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə Azərbaycanda mikro və ya kiçik sahibkarlıq subyekti olan startapların "Startap" şəhadətnaməsi aldığı tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirləri 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunub. Bundan əlavə, mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak vergisi üzrə güzəştlər də nəzərdə tutulub.
Qeyd edək ki, "Startap” (Start-up) dedikdə yeni bir innovativ ideyanın reallaşdırılması və yaxud daha əvvəldən mövcud olan hər hansı bir biznes proseslərin tam fərqli formatda təqdim olunması və yaxud özündə innovativliyi səciyyələndirən sahibkarlıq fəaliyyəti başa düşülür.
“Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. “Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də digər startap məhsulu (xidməti) ilə eynilik təşkil etməyən məhsul (xidmət) istehsalı üçün təqdim edilir.
Ölkəmizdə innovativ sahibkarlığın inkişafı, startapların ideyalarının və startap ekosisteminin inkişafına dəstək məqsədilə bir sıra güzəştlər tətbiq olunur, xüsusi zonalar, inkubasiya və akselerasiya mərkəzləri fəaliyyət göstərir, qrant müsabiqələri keçirilir. Bu təşəbbüslər mütərəqqi beynəlxalq təcrübə, müasir qlobal meyillər nəzərə alınmaqla daha da genişləndirilməkdədir.
Azərbaycan dünyada "Startap" meyarlarını müəyyənləşdirmiş və bunu müvafiq qərarla təsdiq etmiş ölkələr sırasındadır. Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən verilir. İndiyədək 88 sahibkarlıq subyektinə "Startap" şəhadətnaməsi verilib.
Ekspertlərin fikrincə, startapların say etibarilə genişləndirilməsi daha innovativ tədbirlərin, xüsusən də qeyri-neft sektorunun inkişafına hesablanan layihələrin və təşəbbüslərin maliyyələşməsinə imkan verəcək. "Startap" və kiçik bizneslər üçün yaradılan bu vergi güzəştləri ölkəmizdə sahibkarlıq fəaliyyətini daha da canlandıracaq, ölkəmizin iqtisadi inkişafına və insanların məşğulluğuna öz töhfəsini verəcək.
Bu günlərdə "Startap" şəhadətnaməsinin verilməsi üçün yaradılmış Ekspertlər Şurasının növbəti toplantısının keçirildiyini xatırladan Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz “Şərq”ə açıqlamasında deyib ki, daha 2 qurum "Startap" şəhadətnaməsi alıb. Onun sözlərinə görə, toplantıda "Startap" şəhadətnaməsi almaq üçün KOBİA-ya sənəd təqdim edən 3 sahibkarlıq subyektinin müraciətinə baxılıb. İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 2 quruma "Startap" şəhadətnaməsinin verilməsi tövsiyə edilib.
O.Gündüzün sözlərinə görə, hazırda startaplara yeganə dövlət dəstəyi İqtisadiyyat Nazirliyi tabeliyində KOBİA-nın verdiyi "Startap" şəhadətnaməsidir. Bu məqsədlə yaradılan Ekspertlər Şurasının bir neçə dəfə iclası keçirilib:
“Startap" şəhadətnaməsinin üstünlüyü ondan ibarətdir ki, bu statusu qazananlar 3 il müddətinə əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad olunurlar. Müşahidələr isə göstərir ki, gəliri olmayan startaplar da "Startap" şəhadətnaməsi almaq üçün müraciətlər edirlər. Gəliri olmayan "Startap" üçün bu sənədin hansısa birbaşa təsirləri yoxdur.
Ola bilər ki, bu dövlət sənədini əldə edənlər investisiya almaq üçün də "Startap" vəziyyətlərini daha üstün etmək istəyirlər. Amma fərqində olmaq lazımdır ki, "Startap" şəhadətnaməsi yalnız 3 il müddətinə verilir.
Digər üstünlükləri əldə etmək üçün də vaxtından tez, qurumun heç bir gəliri olmadan da "Startap" şəhadətnaməsinin əldə edilməsi "Startap"ın sonrakı inkişaf mərhələsində, gəlirlər gətirdiyi zaman vergilərdən azad olunmaqla bağlı ciddi problemə çevriləcək.
Bununla da "Startap" yeganə dövlət dəstəyindən də məhrum olmuş olacaq. Odur ki, "Startap" şəhadətnaməsi üçün müraciət edənlər yaxşı olardı ki, bu prosesə məhz gəlirlər əldə edildiyi zaman baş vursunlar".
Ekspert deyib ki, hazırda ekosistemdə daha ciddi mövcud problemlərdən birisi startapların ilkin inkişaf dövründə əldə edə biləcəyi dəstək və investisiyalarla bağlıdır. Burada dövlət dəstəyinə, universitetlərin dəstəyinə ciddi ehtiyac var: "Yəni gəlirlər əldə edənədək, ilkin mərhələdə startaplara dəstək olduqca vacibdir.
Müvafiq qurumlar məsələlərə diqqəti artırmalı, investisiya mühitinin yaxşılaşması üçün səyləri gücləndirməlidir. Qanunverici baza təkmilləşdirilməlidir. İnnovasiyaların inkişafı ilə bağlı, Vençur maliyyələşmə ilə bağlı sənədlərin hazırlanmasının uzun müddət gecikdirilməsi sektorda ciddi ləngimələrə səbəb olur".