Müşfiq Hətəmovun arxasınca yaxşı danışdılar
“Space”in direktoru işdən çıxarılıb. Müşfiq Hətəmovun yerinə məşhur “Bakılı oğlanlar” ŞHK-nın sabiq üzvü Vado Korovin gətirilib.
Vado Korovin 1972-ci il avqustun 29-da Bakıda ziyalı ailəsində anadan olub. O, uzun müddət “Şən və Hazırcavablar” klubunda – “Bakılı Oğlanlar” komandasında təmsil olunub.
Vado Karovin “Lider” və ATV telekanallarında müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, Müşfiq Hətəmov 2021-ci ilin may ayında bu posta təyin olunmuşdu.
Aparıcı Turan İbrahimov paylaşım edərək M. Hətəmovun "Space" üçün çox əziyyətinin olduğunu bildirib: "“Space TV” reanimasiyada idi, beyin ölümü çoxdan baş vermişdi, süni nəfəs aparatına qoşulmuşdu. Özüm də daxil bütün televiziyaçılar reallığı bildiyimiz və məsələyə məhz televiziyaçı kimi baxdığımızdan, bu kanalı xilas etmək üçün külli miqdarda vəsaitə ehtiyac olduğunu düşünürdük. Haqlı idik. Amma Müşfiq Hətəmov gəldi, kənar dəstək olmadan vəziyyəti nəzarətə götürdü. Borcları bağladı, ən fundamental, təxirəsalınmaz praktik- texniki addımları atdı, mümkün olan bütün dəyişiklikləri etdi və pis- yaxşı, digər özəl televiziyalardan fərqlənməyən, yeni proqram siyasəti tərtib etdi. Hazırda “Space TV” minimal maliyyə imkanları ilə ölkənin ən reytinqli dördüncü kanalıdır. Böhran menecmenti haqqında bildiyiniz hər şeyi unudun. Hətta deyərdim ki, “böhran dövründə ağdamlı yanaşması” başlıqlı treninqlər təşkil edin, Müşfiq Hətəmovu da çıxışçı kimi dəvət edin. Düzdü, bunun üçün vaxtı olmayacaq. Bundan sonra daha ağır rejimdə çalışacaq, amma siz yenə də cəhd edin. Yolun hər zaman açıq olsun, etibarlı insan!”.
“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə hesab edir ki, Müşfiq Hətəmov kimi yaradıcı, qurucu insanların sayı çox azdır:
“Birinin istedadı var, zəhməti yox, digərinin zəhməti çoxdur, məhsulu yox. Müşfiq işlə bağlı bütün keyfiyyətləri özündə tamlayan şəxsdir. Kinostudiyaya gəldi, gəncləri başına yığdı, kino yaradıcılığına nəfəs verdi, yeni filmlər çəkildi, beynəlxalq festivallara qapı açıldı. “Space” gələndə sürcüyə də borclu olan bir telekanalı uçuş meydançasına çıxardı.
Zəhmətini doğru-dürüst paylaşmağı bacaran bu insanımız inanıram, hara getsə özünü yenə doğruldacaq…”
Jurnalist Cavid Zeynallı isə deyib ki, Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar "Space" TV-nin rəhbəri vəzifəsindən azad olunub:
“Bu iki il müddətində böhran vəziyyətində olan telekanal üçün nələr etdiyini, bataqlıqdan hansı çətinliklər hesabına çıxardığını mən yaxşı bilirəm.
Amma istədiyi, planlaşdırdığı işləri edə bildimi, yox. Çünki TV-nin nə qədər böyük maliyyə resursu tələb etdiyini çox adam bilmir. Bu mühitdəki şərtlər, yazılan və yazılmayan qaydalarla iş qurmaq asan deyil. Amma bir şeydən əminəm ki, Müşfiq Hətəmov mümkün olandan daha artığını etdi. Bundan sonra hansı işlə məşğul olacaqsa, Allah yolunu açıq, işlərini uğurlu etsin”.