Hamı yardıma tələsir

Azərbaycan dövləti və xalqı hər zamankı kimi Türkiyənin yanındadır

"Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə cani-könüldən bağlı olmasının bariz nümunəsidir"

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi



  Bu gün Azərbaycan xalqı “Bir millət, iki dövlət” prinsipinə sadiq qaldığını öz əməli ilə bir daha nümayiş etdirir.
Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ölkəmizdə böyük hüznlə qarşılanıb. Qardaş ölkədən gələn acı xəbərdən sonra dövlət və xalq səfərbər olmuş vəziyyətdədir.  Hamı Türkiyəyə yardıma tələsir.
Düzdür, zəlzələdən zərər çəkənlərə bütün dünya, bəşəriyyət, insanlıq səfərbər olub.

  Lakin Azərbaycan türkləri  qardaş ölkədəki zəlzələni Azərbaycanda baş vermiş faciə kimi qəbul edir və Türkiyənin yaralarını sarımaq üçün əlindən gələni edir. Xalqımızın bütün dünya millətlərinə örnək olası bu  fədakarlığını görmək çox qürurvericidir. Türkiyəyə yardımlarla bağlı daimi sosial mediada qürurverici və kövrəldən məlumatlar paylaşılır. Bu, Azərbaycanın qardaş köməyinin bariz nümunəsidir. 

Dünya azərbaycanlıları qardaş ölkədə baş verən zəlzələ ilə bağlı acını 

  Xalq şairi Bəxtiyar Vahabzadənin 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak olanların xatirəsinə ithaf etdiyi  “Deprem” şeiri ilə ifadə edirlər:

Varmı qəza, varmı bəla, de, bunca?
Səninləyik biz ki ömür boyunca.
Faciəni biz uzaqdan duyunca,
Gözlərimdən axdı yaşım, Türkiyə.

  Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra mənəvi və maddi dəstək baxımından qardaş ölkəyə ən operativ reaksiyanı Azərbaycan dövləti göstərib.
  Dövlət tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq davamlı olaraq bütün lazımi yardımlar göndərilir. Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
  Zəlzələdən zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Ayrıca Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Bütün bunlarla yanaşı, Azərbaycan diasporunun fəalları da Türkiyəyə yardım kampaniyası keçirirlər. Onlar “Acınız acımız, kədəriniz kədərimizdir!” deyərək bəyanat yayır və hər zaman qardaş türk xalqının yanında olduqlarını bildirirlər. Xaricdəki soydaşlarımız bu dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkənin müxtəlif ölkələrdəki səfirik və konsulluqlarını ziyarət edirlər. Ziyarət zamanı diaspor fəalları dəhşətli faciə ilə bağlı Türkiyənin diplomatik nümayəndələrinə və zəlzələ qurbanlarının ailələrinə başsağlığı verir, anım guşəsinə güllər düzür və zəlzələ qurbanlarının xatirəsini ehtiramla yad edirlər. Bir sıra ölkələrdə diaspor təşkilatı sədrlərinin rəhbərliyi ilə operativ qərargahlar yaradılıb. Soydaşlarımız pul vəsaiti toplayaraq Türkiyənin müxtəlif ölkələrdəki səfirliyinin hesabına köçürürlər. Həmçinin  ərzaq, geyim, yataq dəstlərini və gigiyena vasitələrini Türkiyənin diplomatik nümayəndəliklərinə təhvil verirlər. Diaspor təşkilatlarının qardaş Türkiyəyə yardımları ölçüyəgəlməz həddə çatıb. Və bu yardım kampaniyası günü-gündən daha geniş vüsət alaraq davam etməkdədir. Bu gün dünya azərbaycanlılarının qəlbi qardaş Türkiyə  ilə bir döyünür. Soydaşlarımız bu kədərli anları Türkiyə xalqı ilə bölüşür, mənən dərin hüzn içində olan ailələrə dəstək olur. 

  Azərbaycandan hər gün yardım daşıyan təyyarələr və yük maşınları Türkiyəyə yola salınır. Ölkənin bütün bölgələrindən yardımlar gəlməkdədir. Qardaşının köməyinə çatan Azərbaycanın başlatdığı yardım kampaniyalarına dünya azərbaycanlıları da qoşulublar.
Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar zərərçəkənlərə yardım məqsədilə humanitar aksiyalar həyata keçirir.
Zəlzələnin ilk günündən etibarən Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları zərərçəkənlərə yardım kampaniyalarında fəal iştirak edirlər. Türkiyədə yaşayan həmyerlilərimizin humanitar yardımları mütəmadi olaraq zəlzələ bölgəsinə çatdırılır.

  Bununla bərabər, qardaş ölkədəki diaspor təşkilatlarımız, dərnəklər, dostluq qrupları da zəlzələdən zərərçəkənlərə maddi və digər yardımlarla dəstək göstərir.

  Müsəlman ölkələrində yaşayan Azərbaycan diasporunun fəalları da  Türkiyədə dəhşətli zəlzələdən zərərçəkənlərə yardım kampaniyasında fəal iştirak edirlər.
Rusiyadakı Azərbaycan diasporu da  bununla bağlı xüsusi fəallıq göstərir.
Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları  da yardım kampaniyası keçirir. 
  Dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə həmvətənimiz fərdi qaydada zəlzələdən zərərçəkənlərə yardım fondlarına pul vəsaitləri köçürüb, eləcə də isti geyim, elektrik qızdırıcıları, yataq dəstləri, uşaq yeməkləri və sair əşyalarla dolu yük maşınları göndəriblər.

Estoniyada fəaliyyət göstərən Azərbaycan Evi Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı Türk-Eston Dostluq Mərkəzi və Türkiyənin bu ölkədəki səfirliyi tərəfindən başlanan “Türkiyə, səninləyik!” yardım kampaniyasına qoşulub.  İlk humanitar yardım Türkiyə Hava Yolları (THY) vasitəsilə qardaş ölkəyə göndərilib. Gələn həftə isə ikinci humanitar yardım Türkiyəyə yola salınacaq.

  Macarıstanın paytaxtı Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evində yaradılmış opetariv qərargahda toplanan yardımlar sonra Türkiyənin Macarıstandakı səfirliyinə çatdırılır.  
  Finlandiyada fəaliyyət göstərən Azər-Türk Gənclər Təşkilatı, İsveç-Azərbaycan Mədəniyyət Dərnəyi (SAF), Litvanın paytaxtı Vilnüsdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycan Diaspor Gəncləri Şəbəkəsinin üzvləri topladıqları paltar, ayaqqabı, qida məhsulları, dərman və gigiyenik vasitələri zəlzələ bölgəsinə göndərilmək üçün bu Türkiyənin ölkələrdəki səfirliklərinə təhvil veriblər.

  Bəzi soydaşlarımız isə yaşadıqları şəhərlərdə şəxsi avtomobilləri ilə Türkiyəyə yardım etmək istəyən insanların evlərinə gedərək müvafiq yardımları alıb və qardaş ölkənin konsulluqlarına çatdırıb.

  Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan dövləti və xalqı hər zamankı kimi yenə də Türkiyənin yanındadır: “Təsadüfi deyil ki, hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal humanitar yardım göndərilib və bu yardımlar davam etməkdədir. Ayrıca say etibarı ilə ən çox Azərbaycanın xilasedici qrupu və hərbi tibb personalı zəlzələ zonasına ezam olunub. Ümumiyyətlə, bu gün Azərbaycan xalqı Türkiyə üçün səfərbər olaraq əlindən gələni edir. 

Xalqımız Türkiyənin acısına qəlbən acıyır. Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən yardım mərkəzlərində izdiham yaşanır. Azərbaycan xalqı könüllü şəkildə qardaş köməyini Türkiyə üçün edir. Dövlət qurumları ilə bərabər, qeyri-hökumət təşkilatlarının, sadə vətəndaşlarımızın da bu yardım kampaniyasında iştirakı xalqımızın Türkiyəyə cani-könüldən bağlı olmasının bariz nümunəsidir.

 Bütün bunlarla yanaşı, hazırda dünya azərbaycanlıları zəlzələ qurbanlarına dəstək məqsədilə ayaqdadır. Xaricdəki soydaşlarımız da zəlzələdə dünyasını dəyişənlərlə əlaqədar Türkiyənin müxtəlif ölkələrdəki diplomatik korpuslarını ziyarət edir, başsağlığı verir, həmçinin yardım kampaniyaları keçirirlər. Dünya azərbaycanlıları 44 günlük Vətən müharibəsində necə ayaqda idisə, bu gün də eyni fəallığı göstərirlər. Elə məhz Vətən müharibəsi günlərində Azərbaycana Türkiyə əsas dəstək verib. Hazırda isə Azərbaycan xalqı Türkiyə üçün qardaş dəstəyini əsirgəmir. Bu, bir millət, iki dövlətin dostluq, qardaşlıq və həmrəylik nümunəsidir”.