"Səs TV" və "Müsavat TV"-yə haker hücumları...


Hesabların ələ keçirilməsi aydın bir təəssürat yaradır ki, budəfəki hücumlar sadə və texniki müstəvidə baş verməyib

İstənilən halda məsələ çox ciddi araşdırılmalıdır. Nəzərə alaq ki, sözügedən kanallar gündəmin informasiya yükünü çəkən media qurumlarıdır"

  Kifayət qədər izləyici kütləsinə malik olan "Müsavat TV" və "Səs TV" kanalları haker hücumuna məruz qalıblar. Mətbuat Şurasının yaydığı bəyanatda qeyd olunub ki, bu media orqanlarının emailləri ələ keçirilib, bazaları silinib. Mətbuat Şurası ölkəmizin digər aparıcı kütləvi informasiya vasitələrinin də oxşar xoşagəlməz aqibətlə üzləşəcəyi ehtimalının yaranmasından narahatdır. Hadisənin, demək olar, eyni vaxtda baş verməsi belə bir təhlükənin mövcudluğundan xəbər verir. Baş vermiş hadisə kiber hücumlara qarşı mübarizəyə ciddi yanaşmağı aktuallaşdırmaqdadır. Hadisə eyni zamanda kiber təhlükəsizliyin təminatına yönələn məqsədyönlü, ardıcıl və təxirəsalınmaz tədbirlərin görülməsi, hazırda həyata keçirilən işlərin gücləndirilməsi zərurətini doğurmaqdadır

Yalnız adını çəkdiyimiz media orqanlarının deyil, ümumilikdə, milli resurslarımızın bazalarının qorunması, həm də ölkəmizin informasiya təhlükəsizliyinin mühüm komponentidir. Hadisə onu da göstərir ki, media orqanlarımızın öz bazalarını milli resurslarda yerləşdirmələrinə ehtiyac var. Ötən illərin də təcrübəsi bu baxımdan xarici ölkələrdəki xidmətlərdən istifadənin kifayət qədər effektiv olmadığını, maksimum təhlükəsizliyə zəmanət vermədiyini söyləməyə əsas verir".  MŞ ölkəmizin aparıcı media qurumlarını bunu nəzərə almağa, mövcud istiqamətdə fərdi tədbirlər görməyə çağırıb. Həmçinin aidiyyəti dövlət orqanlarını baş vermiş hadisəyə həssas yanaşmağa, onun araşdırılması, tez bir zamanda hüquqi qiymətin verilməsi, günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı operativ tədbirlər həyata keçirməyə səsləyib. 

  "Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu bildirib ki, ötən axşam 21:41 radələrində "TV Musavat"ın yutub platformasına hücum olunub: "Öncə kanalın bağlı olduğu elektron poçt ünvanı ələ keçirilib. 

Daha sonra həmin ünvana bağlı olan yutub kanalı ələ keçirilərək, adı dəyişdirilib, videolarımız silinib. Hakerlər kanalımıza "Tesla" adı qoyublar. 286 min abunəsi olan platformadan bu gecə saxta kriptovalyuta satışı həyata keçirilib. Kanala 7 oyun yerləşdirilib. Prezident Administrasiyası, Dövlət Təhlükəsizlik Xidməti (DTX), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumatlandırılıb. Gecə saatlarına qədər DTX-nın aidiyyəti idarəsi bununla bağlı müvafiq işlər görüb. "YouTube" mərkəzi ofisinə də məlumat verilib. Məlum olub ki, bu, sadə dələduzluq hadisəsi deyil, ölkəmizin kibertəhlükəsizliyinə təhdiddir. Belə ki, ələ keçirilmiş "TV Musavat" kanalından abonentlərə viruslu linklər göndərilir. Bu da o deməkdir ki, genişmiqyaslı, dövlət səviyyəsində kibertəhlükəsizlik proseduru işə salınmalıdır. Ən qısa zamanda "TV Musavat" kanalının geri qaytarılması üçün bütün müvafiq tədbirlər görülür".

  Baş vermiş hadisə ilə bağlı Medianın İnkişafı Agentliyi də bəyanat yayıb. Agentlik vurğulayıb ki, yutub kanallarına haker hücumu ölkəmizin informasiya təhlükəsizliyinə təhdiddir: "Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daim ictimai fikri çaşdırmaq istəyən qüvvələrin nəinki dezinformasiya və yanlış xəbərlər yayılması, habelə infrastruktura kənar müdaxilə etməklə informasiyanın mənbədən silinməsi və dəyişdirilməsi üsulundan istifadə etməklə hədəfinə çevrilir. Medianın İnkişafı Agentliyi “Səs” və “Yeni Müsavat” media qruplarının yutub kanallarına haker hücumunu ölkəmizin informasiya təhlükəsizliyinə təhdid hesab edir. Bu kimi halların baş verməsinin qarşısının alınması məqsədilə media qurumlarını öz resurslarının mühafizəsinə daha həssas yanaşmağa, eyni zamanda həm media qurumlarını, həm də aidiyyəti dövlət orqanlarını qarşılıqlı əməkdaşlıq çərçivəsində tədbirlər görməyə çağırır”.

  Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında deyib ki, haker hücumları, onlayn sferada texniki problemlərin yaradılması dövrümüzdə sıx rast gəlinən hallardır. Ekspert bildirib ki, bununla bağlı onlayn media qurumları fəaliyyətə başlayarkən texniki baxımdan zəruri addımlar atmalıdır: 

"Amma "Səs TV" və "Müsavat TV"-yə edilən haker hücumları, hesabların ələ keçirilməsi aydın bir təəssürat yaradır ki, budəfəki hücumlar sadə və texniki müstəvidə baş verməyib. İstər İkinci Qarabağ savaşı zamanı, istərsə də sonrakı dövrlərdə media qurumlarımıza intensiv hücumların baş verdiyinin, müxtəlif platformalardakı hesablarının dağıdılmasının şahidi olmuşuq. Əksəriyyəti də xaricdən idarə olunan hücumlar olub. O baxımdan sonuncu haker hücumları hansısa media subyektinin özünümüdafiə çərçivəsindən çıxır və geniş anlam ifadə edir. Təbii ki, onlayn sferada təhlükəsizliyə məsul olan qurumlar da məsələyə münasibət bildirməlidir. Bilməliyik ki, bu cür hücumlar zamanı hansı vasitələrdən istifadə etmək lazımdır. Aydınlaşmalıdır ki, niyə hakerlər "uğurlu" olurlar? Mətbuat Şurası ilk bəyanatını yayıb. Əslində bu, məlumatlandırıcı olmaqla yanaşı, həm də xəbərdaredici bəyanat idi. Ola bilər ki, kanalları ələ keçirən mərkəzlər həmin KİV-lərin adından uydurma açıqlama, informasiya yaya bilərlər. O səbəbdən xəbərdaredici açıqlamalar mühümdür. İstənilən halda məsələ çox ciddi araşdırılmalıdır. Nəzərə alaq ki, sözügedən kanallar gündəmin informasiya yükünü çəkən media qurumlarıdır. Həmin kanalların yayım prosesinin pozulması ölkənin informasiya məkanında müəyyən problemlər yarada bilər. Ona görə də müvafiq qurumlar məsələni araşdırmalıdırlar. Mütəxəssislərin və ixtisaslaşmış qurumların rəyindən sonra biz bu məsələnin üzərində daha geniş dayana bilərik".