“Freedom House” ictimai etimadı itirib

Təşkilat “insan haqlarının müdafiəçisi”  adını, sadəcə manipulyasiya edir

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

Azərbaycan mediasının inkişafı, azad söz, fikir, plüralizmin təmin edilməsi dövlətin hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir. Lakin ölkəmizin qazandığı uğurlar heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Başqa sözlə, beynəlxalq arenada əldə edilən nailiyyətləri həzm edə bilməyənlər kifayət qədərdir. Azərbaycanın uğurlarına qərəzli, qeyri-obyektiv mövqeyi ilə tanınan təşkilatlardan biri də “Freedom House”dir. 

Təşkilat 2022-ci il üçün dünyada insan haqları və medianın durumu haqqında yaydığı hesabatda Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib. Heç bir fakta söykənməyən, əsassız, reallıqdan uzaq olan fikirlər ictimaiyyət nümayəndələrinin də haqlı narazılığına səbəb olub. Ekspertlərə görə, “Freedom House”nin belə davranışı ilk deyil. Ümumiyyətlə, bütün mövcudluğu dövründə bu qurum faktiki olaraq anti-Azərbaycan mövqeyindən çıxış edib. 

  Azərbaycan həqiqətlərini təhrif edən “Freedom House” təşkilatının son hesabatı ilə bağlı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi də bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, "Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Azərbaycanda medianın vəziyyəti ilə bağlı reallıqdan uzaq, qərəzli münasibətini bir daha nümayiş etdirib. Əsassız ittihamlara cavab olaraq vurğulanıb ki, “Media haqqında” Azərbaycan Respublikasının Qanununda hesabatda iddia olunduğu kimi xarici onlayn platformalara yerli hüquqi şəxs kimi qeydiyyatdan keçmək öhdəliyi qoyulmayıb: 

"Belə ki, Qanunun müddəalarına əsasən, Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəliklərinin açılması Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir və bunun üçün həmin subyektlərin yerli hüquqi şəxs kimi qeydiyyatdan keçməsi heç bir halda tələb olunmur. Xüsusilə vurğulanmalıdır ki, Qanunun müddəaları videopaylaşım platformaları, internet televiziyaları və bu kateqoriyadan olan digər fəaliyyət növlərinə qətiyyən şamil edilmir, heç bir halda onların fəaliyyətini tənzimləməyi nəzərdə tutmur. 

Beynəlxalq yanaşma nəzərə alınmaqla, media sahəsində baş verən qanunazidd hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi nəzərdə tutulub, dövlət orqanlarının bu istiqamətdəki səlahiyyətləri tamamilə məhdudlaşdırılıb. Heç bir dövlət orqanının media subyektlərinin fəaliyyətini dayandırmaq və ya onların fəaliyyətinə xitam vermək, yaxud hər hansı şəkildə müdaxilə etmək hüququ yoxdur. Bu sahədə yarana biləcək bütün hüquqazidd hallar məhkəmələrdə tərəflərin bərabərliyi prinsipi əsas götürülməklə həll edilir". Bəyan edilib ki, qanun “media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır” deməklə senzuranı tamamilə istisna edir. Əlavə olaraq, media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığının təmin edilməsini dövlətin vəzifəsi olaraq müəyyənləşdirir: "Həmçinin qanun jurnalistlərin ictimaiyyəti məlumatlandırmaq sərbəstliyini təmin etmək məqsədilə informasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi üçün dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyur, jurnalistlərin peşəkar fəaliyyətinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan həqiqətlərini təhrif etməyə davam edən, münasibət bildirərkən rəsmi mənbələrlə əlaqə saxlamayan, dəfələrlə bəyan edilmiş dialoq təşəbbüslərimizi cavablandırmayan və nəhayət, öz ərazi bütövlüyünü bərpa edən ölkəni “işğalçı” adlandıran təşkilatın hesabatı hüquqi və məntiqi baxımdan tamamilə əsassız və etibarsız olmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə də ziddir.

  Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Şərq"ə bildirib ki, “Freedom House” ictimai etimadı itirmiş təşkilatdır. Ekspertin sözlərinə görə, “Freedom House”nin fəaliyyət tarixi saxtakarlıqlarla zəngindir. Özünü hüquq müdafiə, insan haqları təşkilatı elan edib. Amma həmişə ABŞ siyasi çevrələrinin əlində alət rolunda çıxış edib:

 "Son 20 ilin təcrübəsi göstərir ki, təşkilat ABŞ-nin maraqları ilə uzlaşan qeyri-demokratik, avtoritar rejimləri  müdafiə edir. Maraqlarına əks mövqedə olanları isə “avtoritar” damğası ilə yarğılayıb hədəfə çevirir. ABŞ hədəf seçdiyi ölkələri öncə “Freedom House” qismində təşkilatların “bəyanatları”, “hesabatları” ilə vurur.  “Freedom House” 1941-ci ildə ABŞ-də siyasi xadimlər tərəfindən təsis edilib. Təşkilatın ilk lideri rolunda ABŞ prezidentinin xanımı Eleanor Ruzvelt çıxış edib. 1940-cı il seçkilərində prezident Ruzeveltə alternativ olmuş Respublikaçılar Partiyasının namizədi Vendell Villki də “Freedom House”nin yaradılmasında iştirak edib. O, təşkilatın qurucuları sırasında yer tutub və həmsədrlərindən biri olub. ABŞ-nin iki əsas siyasi partiyasının funksionerlərini öz sıralarında birləşdirən  “Freedom House”  yaranışdan bəri siyasi təşkilatdır və ABŞ-nin xarici  siyasətinin icraçılarından biridir. Təşkilat “insan haqlarının müdafiəçisi” adını, sadəcə manipulyasiya edir. “Freedom House” öz saytında göstərir ki, fəaliyyəti siyasi maraqlardan kənardır, xalqların təhlükəsiz, demokratik mühitdə yanşmasına töhfə vermək üçün çalışır. Amma təşkilatın ABŞ auditoriyasına münasibətdə rəhbər tutduğu bu prinsip ABŞ sərhədlərindən kənarda heç də həmişə qorunmur. “Freedom House”nin ayrı-ayrı ölkələrə yanaşmasında tendensiya, siyasi konyuktura özünü göstərir. Bəzi ölkələri olmayan faktlara görə hədəf alır, bəzilərində isə pozuntulara şüurlu şəkildə göz yumur".

  M.Ələsgərli bəyan edib ki, son 2 ilin hadisələri onu göstərir ki, “Freedom House”ABŞ siyasi çevrələrində də öz nüfuzunu, etimadını itirərək ayrı-ayrı qrupların əlində alətə çevrilib: 

"Bircə nümunə verməklə, bu faktı isbat etmək mümkündür. 2021-ci ilin dekabr ayında ABŞ-də “Demokratiya sammiti” keçirildi. “Karnegi Fondu” ABŞ Prezidenti Cozef  Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edəndə belə bir faktı aşkarlamışdı ki, tədbirə dəvət alanlar sırasında qeyri-demokratik ölkələrin liderləri də yer tuturlar. Fond tərəfindən hazırlanan və “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən  analitik məqalədə bildirilirdi ki, sammitə dəvət alan ölkələrdən  3-ü “Freedom House” təşkilatının 2021-ci il hesabatında “azad olmayan” (qeyri-demokratik) ölkələr kimi təsnif edilib. Yəni artıq ABŞ-nin özündə belə demokratiya barədə danışılarkən, “demokratlar siyahısı hazırlayan” “Freedom House”yə istinad edilmir. Təşkilat o qədər saxtakarlıq edib ki, onu təsis edənlərin də gözündən düşüb. Bu baxımdan, təşkilat indi ayrı-ayrı lobbi qruplarının təsirində fəaliyyət göstərir. Erməni şəbəkəsinin təsiri də bariz görünür. Onun son hesabatının Azərbaycanla bağlı bölümünü, sanki Ermənistanda yazıb göndəriblər. Heç bir reallığı əks etdirmir. Hətta Azərbaycanın ərazi bütövlüyünü şübhəyə alır, Qarabağı öz xəritəsində fərqli rənglərlə göstərir. Bu baxımdan “Freedom House”ni ciddi təşkilat kimi qeydə almağa zərurət qalmır".