Azərbaycanın İsraildə səfirlik açması mühüm əhəmiyyət kəsb edir

Siyasi, iqtisadi, mədəni əlaqələr daha da güclənəcək

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi; 


  Martın 29-da İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin təntənəli açılış mərasimi keçirildi. Açılışda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, israilli həmkarı Eli Kohen və deputatlar iştirak ediblər. Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İshaq Hersoqa təqdim edib. Ekspertlərə görə, İsraildə səfirliyimizin açılması Azərbaycanın xarici siyasətində çox əlamətdar hadisədir. Bu, iki ölkə - Azərbaycan və İsrail arasında münasibətlərin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək. İkitərəfli əməkdaşlığın zəruri sahələrində mühüm qərarların qəbul edilməsinə imkan yaradacaq. İsrail 1991-ci il dekabrın 25-də Azərbaycanın müstəqilliyini rəsmən tanıyan ilk dövlətdən biri olub. 1992-ci ilin aprelindən iki ölkə arasında diplomatik münasibətlər qurulub. Azərbaycanda, əsasən də Bakıda və Quba rayonundakı Qırmızı qəsəbədə 30 min yəhudi yaşayır. Ölkəmizdə uzun illərdir İsrail səfirliyi uğurla fəaliyyət göstərir. Vacib məqam odur ki, İsrail bizim strateji tərəfdaşımızdır, bizi bir-birimizə ciddi iqtisadi, o cümlədən enerji, hərbi əlaqələr bağlayır. Ümumiyyətlə, iki ölkə bir çox məsələlərdə bir-birini dəstəkləyir. Xatırladaq ki, martın 30-da xarici işlər naziri Ceyhun Bayramov İsrailə rəsmi səfəri çərçivəsində İsrail Prezidenti İshaq Hersoq tərəfindən qəbul edilib. Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən regional və beynəlxalq vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, təhsil, yüksək texnologiyalar, kibertəhlükəsizlik və s. sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edib. Münasibətlərin inkişafında Azərbaycan və İsrail liderləri arasındakı sıx təmasların mühüm rol oynadığını qeyd edib. Azərbaycan və İsrail arasında keçirilən müntəzəm siyasi məsləhətləşmələrin və yüksəksəviyyəli səfərlərin iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün əhəmiyyətli rol oynadığı vurğulanıb. Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun olaraq silahlı qüvvələrini Azərbaycandan çıxarmadığı barədə məlumatlar təqdim olunub. Ermənistanın son həftələrdə təcavüzkar ritorikanı və fəaliyyəti davam etdirdiyi diqqətə çatdırılıb. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, habelə erməni sakinlərin reinteqrasiyası istiqamətində qərarlı olduğu bildirilib. Prezident İshaq Hersoq, İsrailin öz strateji tərəfdaşı qismində Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini diqqətə çatdırıb. İki ölkənin xalqları arasında mövcud olan dostluq və həmrəylik ənənələrinin bu gün ölkələrimiz arasında inkişaf edən münasibətlərin mühüm tərkib hissəsi olduğu bildirilib. Azərbaycanda yaşayan yəhudi icmasının ikitərəfli münasibətlərə verdiyi müsbət töhfə məmnunluqla qeyd edilib. Azərbaycanın İsraildə səfirliyinin açılmasının münasibətlərin daha da inkişafında əhəmiyyətli rol oynayacağına dair əminlik ifadə edilib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Almaniyanın Bonn Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Saymon Tsipis deyib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək: “Ötən gün Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli əməkdaşlığın daha səmərəli olması üçün zəruri məsələdir”. O vurğulayıb ki, Azərbaycan və İsrailin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var. Tsipis əlavə edib ki, məsələn, yüksək texnologiyalar sahəsi ən vacib istiqamətlərdən biri ola bilər: “İsrail xüsusilə, kibertəhlükəsizlik və vacib infrastruktur sahəsində yüksək texnoloji həllər və proqram təminatının hazırlanması və tətbiqi üzrə dünyanın aparıcı ölkələrindən biridir. Beləliklə, Azərbaycan müasir dövlət kimi inkişaf etməkdə, İsrail isə məhsullarını ixrac etməkdə maraqlıdır”. Politoloq qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında İsrail ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq da mühüm yer tutur. Onun sözlərinə görə, əməkdaşlığın digər mühüm istiqaməti isə terrorçuluğa qarşı birgə mübarizədir: “İsrailin terrorçuluğa qarşı mübarizədə böyük təcrübəsi var. Bu böyük təcrübə Azərbaycan hakimiyyəti ilə tərəfdaşlıq üçün əlverişli sahə kimi qiymətləndirilə bilər”.

  Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Şərq"ə bildirib ki, Azərbaycan Respublikasının İsrail dövləti ilə əlaqələri müstəqilliyimizin erkən çağlarından mövcuddur və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də İsraildir. Analitik deyib ki, İsrailin Azərbaycanda səfirliyi olmasına baxmayaraq, bizim İsraildə səfirliyimiz yox idi: "Qardaş Türkiyə Cümhuriyətinin də İsraillə tarixən əlaqələri sıx və isti olub. Sadəcə arada bir qədər müyyən anlaşmazlıqlar oldu və soyuqluq müşahidə olundu. Lakin artıq müxtəlif yönlərdə əlaqələr, razılaşmalar münasibətləri demək olar ki, tamamilə səhmana saldı. Şübhəsiz ki, bu da Azərbaycanla İsrail arasındakı əlaqələrin daha da yaxınlaşmasına təkan verdi. Artıq İsraillə əvvəllər soyuq münasibətdə olan bir çox ərəb ölkələrinin də əlaqələri yoluna düşür. Bu əlaqələr siyasi əlaqələrdən əlavə iqtisadi, mədəni əlaqələrdir.
  Azərbaycanın İsraildə səfirlik açması hər iki dövlət üçün mühüm əhəmiyyət kəsb edir. Hərbi, siyasi, iqtisadi və digər sahələrdə hər iki ölkə arasında yeni müqavilələr, razılaşmalar gözlənilir. Azərbaycan öz xarici və daxili siyasətini hansısa qüvvənin, yaxud hansısa dövlətin istəyinə, razılığına görə müəyyən etmir. Ona görə də İsrail ilə əlaqələrinə görə də Azərbaycanı heç kəs ittiham edə bilməz. Bəziləri özləri xoflanırlar. Sadəcə olaraq Azərbaycanın İsrail kimi dövlətlərlə əlaqələrinin inkişafı sayəsində daha da qüdrətlənəcəyindən və əsasən də regionda aparıcı gücə çevriləcəyindən narahatdırlar. Halbuki bu da heç kəsin ziyanına və əleyhinə deyil. Əksinə, Azərbaycanın güclənməsi digər region ölkələr üçün də faydalıdır. Ona görə ki, Azərbaycan şəffaf, təhlükəsiz, faydalı siyasət yürüdür.
  İranın Ermənistanla uzun müddətdir sıx əlaqələri var və müharibə dövründə də işğalçıya hər zaman yardım edib, siyasi, hərbi, iqtisadi dəstək verib. Baxmayaraq ki, bu, aqressoru daha da işğalında ruhlandırıb, daha da fəallaşdırıb".
  T.İrfan vurğulayıb ki, dostluq münasibətlərinə, qonşuluq əlaqələrinə, müsəlmanlığa önəm vermədən Ermənistan ilə əlaqələri quranda, inkişaf etdirəndə biz də narazı qalmışdıq, ancaq İran öz bildiyini etdi: "Təəssüf ki. İndi Azərbaycanın İsrail, ABŞ və yaxud digər Avropa dövlətləri ilə daha sıx əlaqələr qurması da heç kəsi narahat etməməlidir. Əsassız ittihamlarla siyasət olmur. Azərbaycan daha da güclənir, inkişaf edir. Ona görə Azərbaycana meyillənən, əlaqələrini genişləndirmək istəyən dövlətlər də artacaq. 21-ci əsrdə işğaldan torpaq azad etmək hər dövlətin, hər siyasətçinin işi deyil. Lakin Azərbaycan və Azərbaycanın güclü lideri bunu bacardı.
  İran Azərbaycanı həmişə zəif, torpaqları işğal olunmuş görmək istəyir. Qarabağın azadlığını da ona görə həzm edə bilmir. Hər nə qədər maneələr yaratmağa çalışsalar da, Azərbaycan öz siyasi kursunu davam etdirir. İsrail kimi qüdrətli dövlətlərlə əlaqələrini daha da gücləndirir. Azərbaycanda qədim dövrdən bəri yəhudi xalqının nümayəndələri yaşayır, həmişə də dövlətə sadiq olublar. Həmçinin İsraildə də azərbaycanlılar yaşayır. Hər iki dövlət arasında uzun illərdən bəri gediş-gəliş, mədəni, iqtisadi və digər əlaqələr mövcuddur. Səfirliyin açılması da bu əlaqələri daha da gücləndirəcək".