Prezidentin qərarı alqışlandı

Media subyektlərinin 3 il müddətinə mənfəət, gəlir və sadələşdirilmiş vergidən azad edilməsi inkişafa gətirib çıxaracaq

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

  Azərbaycan Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nu təsdiq edib. Beləliklə, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq maddi yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsinin isə əlavə dəyər vergisindən 3 il müddətinə azad olunur.
  APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə,  media subyektlərinin 3 il müddətinə mənfəət, gəlir və sadələşdirilmiş vergidən azad edilməsi medianın inkişafı üçün ciddi addımdır.
  Baş direktor hesab edir ki, bu, medianın effektli fəaliyyəti və gələcək iqtisadi inkişafı üçün zəruri addımlardan biri idi: "Media həmişə dövlətin diqqət mərkəzində olub. Dəfələrlə media subyektlərinin çətin iqtisadi vəziyyətində borcların sıfırlanması, ƏDV-dən azad edilmə kimi güzəştlər olub. Budəfəki addım isə medianın gələcək iqtisadi inkişafı, həmçinin bazar münasibətlərində sahibkarlıq subyektləri kimi formalaşması üçün böyük dəstəkdir. Medianın inkişafına göstərdiyi növbəti dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm".
  V.Mahirqızı deyib ki,  bu addım mediaya gələcəkdə uzunmüddətli kreditlər almaq şansı da yaradıb: "Medianın inkişafı və davamlılığı üçün güclü təhlükəsizlik, həmçinin texniki təminat çox vacibdir. Virtual dünyadakı informasiya müharibələri kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsini mütləqləşdirib. Bu cür tədbirlər isə öz növbəsində, az qala, hər gün yenilənən texniki vasitələr və proqram təminatları ilə mümkündür. Eyni zamanda medianın daha çevik, operativ və vizual effektli işləməsi üçün də müasir texniki təminata ehtiyac var. Yaxın gələcəkdə məhz media subyektlərinin maddi-texniki bazalarının gücləndirilməsi üçün uzunmüddətli və güzəştli şərtlərlə kreditlərin ayrılması ilə bağlı müzakirələr aparmaq olar. Vergi güzəştləri nəticəsində qalan vəsaitlər media subyektlərinə kreditləri ödəmək imkanı yaradır".
  “Teleqraf” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Aynur Camalqızı  isə hesab edir ki,  Prezident İlham Əliyevin “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu”nu təsdiq etməsi media sahəsi üçün yeni nəfəsliyin açılması deməkdir: “Qərara əsasən, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən reklam gəlirləri, habelə Medianın İnkişafı Agentliyi tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən 3 il müddətinə azad edilib. Media sahəsində illərdir çalışanlar üçün bu qərarın əhəmiyyəti olduqca böyükdür, çünki reklam bazarının istənilən səviyyədə olmaması və iqtisadi çətinliklərin mövcudluğu sirr deyil və bu, həmişə peşəkar fəaliyyətə problemlər yaradıb.  Bu baxımdan, Prezidentin qərarını media üçün böyük dəstək və “nəfəslik” olaraq dəyərləndirmək lazımdır:
- bu qərar iqtisadi imkanlarımızı genişləndirəcək.
- reklamdan gələn gəlirlərin artmasına şərait yaradacaq.
- jurnalistlərin əməkhaqlarının yüksəlməsini və həmişə ciddi problemlərdən biri olan əmək müqavilələrinin bağlanmasını stimullaşdıracaq.
  Əlbəttə, reklam bazarının zəif olması media subyektlərinin böyümək, fəaliyyətini genişləndirmək baxımından imkanlarını məhdudlaşdırır, ciddi çətinliklərlə üz-üzə qoyur, eyni zamanda əməkdaşların layiq olduqları yüksək əməkhaqqı almasını çətinləşdirir. O cümlədən, yüksək gəlir əldə edə bilməyən media subyektlərinin əməkdaşları ilə rəsmi əmək müqaviləsi bağlaması da asan olmur. Çünki media subyektləri əməkhaqları və vergilərin verilməsi arasında çətin seçim qarşısında qalırlar.
  Prezidentin bu qərarı məhz bu problemlərin böyük ölçüdə həllinə şərait yaradır. Bu qərar mediamızın inkişafı, maddi bazasının güclənməsinə xüsusi töhfədir”.
  A.Camalqızı bildirib ki, bu imkanları yaratdığı üçün media subyekti olaraq cənab Prezidentə təşəkkür edirik: “Prezident İlham Əliyevin media sahəsində həyata keçirdiyi islahatlar artıq öz bəhrəsini verir. Əminliklə bir daha bildirmək istəyirəm ki, bu qərarın da müsbət nəticəsini ictimaiyyət hiss edəcək”.
  Azad mətbuatın inkişafının daim dövlət siyasətinin əsasını təşkil etdiyini vurğulayan “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə isə deyib ki, imzaladığı Fərman və Sərəncamlarla, təsdiqlədiyi Qanunlarla jurnalistləri dostu, mətbuatın böyük hamisi kimi diqqətdə olan Prezident İlham Əliyev mətbuatın inkişafına daha geniş imkanlar açır, söz azadlığını yüksək səviyyədə təmin edir. Onun sözlərinə görə, atılan addımlar, eyni zamanda dövlətin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Hər bir mühüm addım keçilən yola nəzər salmağı, həmçinin bu fonda perspektivlərin təhlilini bir zərurət kimi qarşıya qoyur: “Dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Sənədə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər, reklam gəlirləri, habelə onlara verilən müvafiq maddi yardımlar gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, onlar tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi isə əlavə dəyər vergisindən azad olunur. Bu mühüm addım media subyektlərinin iqtisadi müstəqiliyinin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynayacaq. Atılan addımlar tarixi Zəfəri ilə dünyaya səs salan Azərbaycan mediasının yeni reallıqlara uyğulaşdırılmasında, azad mətbuatın hərtərəfli inkişafında öz sözünü deyir. Dünyanın heç bir ölkəsində mətbuata bu səviyyədə diqqət və qayğı tendensiyasına rast gəlinmir. Ölkə Prezidentinin mətbuata qayğısının daha bir təzahürü olan bu mühüm addım media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilərək böyük minnətdarlıq hissi ifadə olunur”.
  V.Rəhimzadənin sözlərinə görə, ölkə başçısının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq etməsi bu istiqamətdə medianın inkişafına növbəti dəyərli töhfədir: “Bir mətbu orqanın rəhbəri kimi medianın inkişafına göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. Mediamız müasir müstəqil, qalib Azərbaycanın dövlət maraqlarının qorunması, tarixi həqiqətlərimizin, möhkəm təmələ əsaslanan təkmil, yenilikləri, islahatları özündə ehtiva edən dövlət siyasətimizin uğurlarının təbliğində üzərinə düşən vəzifəni bundan sonra da həyata keçirmək istiqamətində fəaliyyətini davam etdirəcək”.