Mina terroru

Ermənistan Azərbaycan tərəfinə mümkün qədər çox ziyan vurmaq niyyətindədir

Beynəlxalq təşkilatlar vaxtında təcavüzkara təzyiq göstərsəydi, mina partlayışı nəticəsində həlak olanların sayı artmazdı

“Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

  Ermənistan tərəfi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü bəndinə zidd olaraq, Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyətini davam etdirir. Erməni silahlıları nəinki Azərbaycan ərazisindən tam şəkildə çıxmayıb, əksinə, təxribatçı fəaliyyətlərini hələ də davam etdirməkdədirlər. Azərbaycan ərazilərində külli miqdarda aşkarlanan piyada əleyhinə minalar bu təxribatçı fəaliyyətin əyani sübutudur. Bu kimi hallar yalnız keçmiş təmas xətti boyunca deyil, ölkənin işğaldan azad olunan digər ərazilərində də baş verir. Bəlli məsələdir ki, Ermənistan Azərbaycan tərəfinə mümkün qədər çox ziyan vurmaq niyyətindədir və bu çirkin amalını müxtəlif yollarla həyata keçirməyə çalışır. Minaların kütləvi şəkildə basdırılması həmin əməllərdən biridir. Məhz bunun nəticəsidir ki, minaya düşmə halları günbəgün artır. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə 2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatını itirib. Təəssüf hissi ilə qeyd edirik ki, işğal dövründə ərazilərin Ermənistanın hərbi birləşmələri tərəfindən kütləvi minalanması Azərbaycan hökumətinin son iki ildə başlatdığı bərpa və yenidənqurma planlarının həyata keçirilməsinə ciddi şəkildə mane olur.   Ən əsası isə bu, yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, mina təhlükəsi azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına əsas maneədir. Hazırda Şuşa-Xankəndi yolunda azərbaycanlı ictimai fəallar və ekoloji qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən keçirilən etiraz aksiyası davam etdirilir. Ekoloji terrora son qoymaq şüarları altında keçirilən aksiyanın iştirakçıları Ermənistan ərazisindən Azərbaycana silah-sursatın, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllərin həyata keçirilməsi üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər. Bu aksiya həm də Ermənistanın mina terroruna qarşıdır. Xatırladaq ki, aprelin 2-də daha bir hərbi qulluqçumuz mina partlaması nəticəsində həlak olub. 
  Ötən gün dövlət başçısı İlham Əliyev də məsələyə növbəti dəfə toxunub. Prezident qeyd edib ki, Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşım edən ölkə başçısı deyib ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırıb: "Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olub. Hazırda azad edilmiş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır. Müasir texnologiyalara əsaslanan humanitar minatəmizləmə və mina sahəsində maarifləndirmə bu işlərin tərkib hissəsidir. Dünyada mina terroruna son qoymaq üçün beynəlxalq səylər artırılmalıdır”. Dövlət başçısı vurğulayıb ki, Ermənistanın mina terroru yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar hələ də mina xəritələrinin verilməsi ilə bağlı Ermənistana güclü təzyiq göstərmir.
Hüquq müdafiəçisi, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Şərq"ə açıqlamasında bildirib ki, ermənilər həm işğal, həm də postmünaqişə dövründə bölgəyə çoxsaylı mina döşəyib, xeyli sayda partlamamış mərmi basdırıblar. Ekspert diqqətə çatdırıb ki, Ermənistan postmüharibə dövründə həmin ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib: “Bu məsələyə qətiyyən biganə qalmaq olmaz. Dövlət başçısı mütəmadi bu problemi gündəmə gətirir, minalı ərazilərin xəritəsinin verilməsi məsələsini qaldırır. Ermənistan bəzi hallarda üzərinə öhdəlik götürsə belə bunu icra etməkdən imtina edirlər, yaxud həqiqəti əks etdirməyən xəritələri verirlər. Dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq ki, işğaldan azad olunmuş ərazilərimizdə hələ də yüz minlərlə mina var və bu da insan tələfatına səbəb olur. Sakit durmaq, beynəlxalq təşkilatlardan incik və küskün formada, fəaliyyətsiz dayanmaq olmaz. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz. Ermənistan sadalanan bütün hüquq normalarına arxa çevirib. Qəbiristanlığımıza kimi dağıdıb, ölülərimizin qızıl dişlərini çıxarıblar. Ermənistan tərəfi hər zamankı kimi özünün terrorçuluq siyasətini davam etdirir. Minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməməsində əsas maraq insanlarımızın öz yurd-yuvalarına qayıdışının qarşısını almaqdır”. 
  Çingiz Qənizadənin sözlərinə görə, regionda sülh və əmin-amanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, mina partlayışı nəticəsində həlak olanların sayı artmazdı: "Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. Sülh istəyən güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”. 
  Sabiq deputat deyib ki, bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmirlər. Əslində, onların bu riyakarlığı bizim üçün təəccüblü hadisə deyil: “30 ildən çoxdur biz beynəlxalq təşkilatların yeritdiyi ikili standartların şahidi olmuşuq. Ancaq bu bizi ruhdan salmamalıdır. Erməni vandalizmini özündə əks etdirən hər bir faktı aktlaşdırıb beynəlxalq təşkilatlara göndərməliyik ki, haqq davamızdan vaz keçmədiyimizi görsünlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”.