Televiziyanın rəhbəri və onun işçiləri efirə daha çox təsir edirlər


Nizami Cəfərov bildirib ki, ictimai şuralar özünü doğrultmur


  Dünən Milli Məclisdə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi müzakirə olunub. Məsələ Parlamentin Mədəniyyət Komitəsində müzakirəyə çıxarılıb. Qeyd edək ki, Mətbuat Şurası tanınmış jurnalistlər - Azər Həsrət və Aqil Ələsgərin Yayım Şurasının üzvlüyünə namizədliyini irəli sürüb. Müzakirələrdə iştirak edən deputatlar televiziya sahəsindəki problemlərdən də danışıblar. 

"İctimai şuralar bəzi verilişlərlə bağlı televiziyalarla razılığa gəlməlidir"

  Millət vəkili Sabir Rüstəmxanlı deyib ki, “İctimai şuralar nə üçün yaradılır?”, “Onlar bizə lazımdırmı?” kimi suallar ətrafında düşünməli, hətta Milli Məclisdə bunu müzakirəyə çıxarmalıyıq: “Yəni ictimai şuralar bəzi verilişlərlə bağlı televiziya rəhbərləri ilə müəyyən razılığa gəlməli, təkliflər verməlidir. Televiziyalarda şou-proqramlar, xüsusi aparıcıların bəzi verilişləri çox ciddi narahatlıqlar doğurur. Televiziya bir vaxtlar cəmiyyətin inkişafında necə rol oynayıbsa, bu gün əksinə, cəmiyyətin parçalanmasında müəyyən rol oynayır".

"Televiziya kanallarında klassik dəyərlərin təbliği məsələsində boşluq var"

  Millət vəkili, professor Nizami Cəfərov bildirib ki, televiziya kanallarında əyləncə və əyləndirmə mexanizmi var: “Amma bir az klassika, klassik dəyərlərin təbliği məsələsində boşluq var. Bu baxımdan, Azərbaycan klassik ədəbiyyatının ən yaxşı bilicisi olan Teymur Kərimlinin yayım şurasında olması yaxşı haldır. Buna ehtiyac var”. Deputat ictimai şuraların televiziyalarda özünü doğrultmadığını diqqətə çatdırıb: “Hər dəfə bunlar yaradılır, amma effekt vermir. Yayım şurası birbaşa televiziyanın özü deməkdir. Televiziyaya qoyulan rəhbər və onun işçiləri efirə daha çox təsir edirlər. Ona görə də bəzən şuralar dışlanır, nəticədə mərkəzi rəhbərlər qalır kənarda”.

"Hələ də normal orfoepiya lüğətimiz yoxdur"

  Nizami Cəfərov qeyd edib ki, hələ də normal orfoepiya lüğətimiz yoxdur: “Külli miqdarda problemli ifadələrimiz var ki, onları necə səsləndirmək lazım olduğunu bilmirik. Məhz televiziyalarımız bu yöndə məktəb olmalıdır”. Nizami Cəfərov eyni zamanda deyib ki, teleseriallar qədər xalqımıza təsir edən ikinci bir sənət yoxdur:
“Yaxşı teleseriallar olmadıqca xalqın nitqi keyfiyyətli formaya düşməyəcək. Elə aktyorlar var ki, danışa bilmir. Aktyor, aktrisa yaraşıqlı, gözəl ola bilər, bu bir cəhətdir, amma danışıq da, nitq də peşəkar olmalıdır. Bəzən görünüş, gözəllik olur, amma nitq kələ-kötür olur. Niyə? Çünki bu adamlar ömründə cəmi 3 kitab oxuyublar”.

"Güneyli soydaşlarımız efirlərdə Azərbaycan dilini öyrədən verilişlərin olmasını istəyir" 

  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, ABŞ-də güneyli soydaşlarımız məndən xahiş edirdi ki, Azərbaycan dilini öyrədən verilişlər olsun: “Güney Azərbaycandan olan ziyalılarımızın ən çox vurğuladığı məsələ odur ki, onların, yəni güneylilərin folkloru ilə bağlı bilgimiz azdır. Onların çox böyük yaradıcılığı var, bu yöndə layihələr, proqramlar, verilişlər hazırlanmalıdır. Çünki bu insanlar bütövlükdə Azərbaycan ədəbiyyatına xidmət edirlər. Yaxud Borçalı olsun, Dağıstan, Dərbənd olsun, Qərbi Azərbaycan olsun, fərqi yoxdur, orada yaranan ədəbiyyat Azərbaycan ədəbiyyatına xidmət deməkdir. O şəxslərin, o ədəbiyyatın efirlərdə təbliğatı vacibdir”. Deputat Qərbi Azərbaycanla bağlı verilişlərin vacibliyini də vurğulayıb: “Qərbi Azərbaycanda olan folkloru, tarixi şəxsiyyətləri, mədəni-tarixi abidələri və digər bu kimi yöndə olan anlayışları özündə əks etdirən proqramlar çoxaldılmalıdır. Ən əsası isə vahid tariximiz barədə doğru, ardıcıl formada verilişlər hazırlanmalıdır".

Parlamentin şöbə müdiri “Əqrəb mövsümü”nü tənqid edib

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, qəbul edilən qanunların tətbiqi ilə bağlı televiziya kanallarında hələ də problemlər qalır: “Televiziya məkanında audiovizual əsərlərdə, tamaşalarda, ümumiyyətlə, bütün verilişlərdə tütündən istifadə birbaşa qadağandır. Bu gün nə baş verir? Bu maddə yerinə yetirilmir, işləmir. Yalnız xəbərdaredici cümlə verilir və bu da effekt vermir. Seriallarda yenidən tütündən istifadəyə icazə verilib. Tütündən istifadə o serialların reytinqinə müsbət təsir göstərmir. Bu yaxınlarda İctimai Televiziyada müsbət mənada rezonansa səbəb olan “Əqrəb mövsümü” yayımlandı. Orada aktyor oyunu, rejissor işi əla idi, amma tütündən istifadə kuliminasiya həddinə çatmışdı. Bu seriallara gənclər, yeniyetmələr də baxırlar. Belə məsələlər nəzarətdə saxlanılmalıdır”.