“Azərbaycanda müstəqil fikrin inkişafı üçün möhkəm təməl var”

“Mətbuatımızın qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır”

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;

  Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Dünyada ən qədim informasiya vasitəsi qəzetlər hesab edilir. Qəzet və jurnallar uzun illər ərzində bütün dünyada məlumat mənbəyi kimi istifadə olunub. Hazırda isə qəzet və jurnalları müasir dövrdə mobil telefonlar, televiziyalar və internet əvəz edir. Buna baxmayaraq, insanlar arasında çap mediasına hələ də böyük tələbat var. XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib. 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub. 
Müstəqil Azərbaycan dövləti də ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycanda azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün zəruri addımlar atılıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı dövr Azərbaycan mətbuatının inkişafında yeni mərhələnin başlanğıcı oldu. Ölkədə yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilib, KİV üzərindən dövlət nəzarətinin götürülməsi və mətbuatın inkişafı üçün əlverişli mühit yaradılmağa başlanılıb. Ulu Öndər Heydər Əliyevin "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən Baş idarənin ləğvindən və "Kütləvi informasiya vasitələri haqqında" qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlayıb. Qəzet redaksiyalarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin dövlətin ali mükafatları, o cümlədən orden və medallar ilə təltif olunmaları dahi liderin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla ölkəmizdə mətbuat üzərində senzuranın aradan qaldırılması müstəqil KİV-in inkişafına təkan verib, milli mətbuatın inkişafında əsaslı dönüş yaradıb. 2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərib. Jurnalistlərin Peşə Kodeksinin yaradılması isə media qurumları arasında problemlərin həllində mühüm rol oynayır. Ümummilli Liderin ölkə mətbuatına göstərdiyi qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ölkəmizdə jurnalistlərin mənzillərlə təmin olunması, müxtəlif orden və medallar, fəxri adlarla təltif edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, son olaraq isə "Media haqqında" yeni qanunun tətbiq edilməsi ölkəmizdə dövlətin azad mətbuatın inkişafına töhfələri kimi qiymətləndirilir. 
  Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Peşəkar jurnalistlər ölkədə və onun xaricində baş verən ictimai, siyasi, mədəni hadisələri tam obyektiv işıqlandırır, onları təhlil edir və oxucuya qərəzsiz, düzgün çatdırırlar. Belə jurnalistlər ictimai-siyasi, iqtisadi, mədəni, elm və texnika sahələrindəki nöqsanları qərəzsiz mövqedən açır, göstərir və onların həlli istiqamətində araşdırmalar aparırlar. Dünən Azərbaycanda da "Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək" mövzusunda konfrans keçirilib. Mətbuat Şurasının sədri Rəşad Məcid mediamızın keçdiyi tarixi yoldan danışıb. O qeyd edib ki, bu gün hər kəs əlindəki mobil telefonla informasiya yayımçısı ola bilər. Lakin peşəkar jurnalistlər informasiya ilə davranmaq barədə cəmiyyətə nümunə olmalıdırlar. Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı-direktoru Əhməd İsmayılov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. Sonda Mətbuat Şurasının Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı bəyanatı yayılıb. Bəyanatda vurğulanıb ki, əsasını dahi mütəfəkkir Həsən bəy Zərdabinin qoyduğu Azərbaycan mətbuatının qayəsində cəmiyyətin inkişafına və tərəqqisinə xidmət amalı dayanır: "Müstəqillik illərində Azərbaycan mediası bu amalı rəhbər tutaraq fəaliyyət göstərib. Mediamız ötən müddətdəki inkişaf yolunda 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün təsisi ilə bağlı prinsiplərə də sadiqlik xətti götürüb, çalışıb ki, plüralist fikir cəmiyyətin müxtəlif qütblərinin maraqlarının ifadəçisinə çevrilsin. Azad sözə müstəsna dəyərin verildiyi ölkəmizdə bu baxışın təminatçısı qismində çıxış edən Azərbaycan dövlətidir. Ulu Öndər Heydər Əliyevin media siyasətini, onun jurnalistikaya diqqət və qayğı ənənəsindəki varislik prinsipini qoruyan, bu kursu fundamental əsaslarla zənginləşdirən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, eləcə də reallaşdırdığı islahat proqramları onu deməyə əsas verir ki, ölkəmizdə müstəqil fikrin inkişafı üçün möhkəm təməl var". 
  Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib ki, mətbuat azadlığının qorunması və təşviq edilməsi heç bir sərhəd tanımayan universal missiyadır. Onun sözlərinə görə, KİV azadlığı, müstəqilliyi və plüralizminin qorunması demokratik sistemlərin dayanıqlığı və sağlamlığı üçün həyat əhəmiyyətli olsa da, hazırda dünyanın əksər yerlərində mətbuat azadlığı təhlükə altındadır: "İctimaiyyəti keyfiyyətli müstəqil informasiya ilə təmin edən, insan hüquqlarının kobud şəkildə pozulması hallarını və vəhşilikləri işıqlandıran və hakimiyyətdə olanları məsuliyyətə cəlb edən jurnalistlər, KİV əməkdaşları, digər şəxslər getdikcə daha çox böhtan, təhdid və hücumlarla üzləşir, o cümlədən dezinformasiyanın mənfi təsirinə məruz qalırlar". Mixalko qeyd edib ki, hücuma məruz qalmış Ukraynadakı müxbirlərin, Belarus və Əfqanıstandakı jurnalistlərin, Yaxın Şərq və Şimali Afrikadakı müstəqil medianın, Mərkəzi Amerikadakı yerli jurnalistlərin, Filippin və Rusiyadakı Nobel mükafatı laureatlarının və dünyanın, o cümlədən Avropanın bir çox digər media işçilərinin peşələri onlara baha başa gəlir. Səfir qadın jurnalistlərin də hüquqlarının qorunması məsələsinin vacib olduğunu vurğulayıb: "Qadın jurnalistlər təhdidlərə, həm kiberməkanda, həm də real həyatda artan hücumlara qarşı xüsusilə həssasdırlar. Onlar ictimai qınaq, cinsiyyətçi nifrət ritorikası, trollinq, cinsi və gender əsaslı zorakılıqla üzləşir və hətta qətl edilirlər. Qadın jurnalistlərin 73 faizi işlədikləri müddətdə onlayn təhdidlərə, pis rəftara və təqiblərə məruz qalıb. Biz indiki kimi bu qədər qadın jurnalistin həbsdə olduğunu görməmişdik". O, jurnalistlərə qarşı hər cür təhdidi, zorakılığı pislədiyini deyib.

  Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında deyib ki, 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü 1991-ci ildə Vinduk Bəyannaməsinin qəbul edilməsi ilə qeyd olunmağa başlanılıb. Onun sözlərinə görə, Vinduk Bəyannaməsinin mahiyyəti odur ki, jurnalistika və KİV subyektləri müstəqil, azad və təhlükəsiz fəaliyyət göstərməlidirlər: "Bu bəyannamə ilə jurnalistlərin təhlükəsizliyinə təminat verilib. Azad və müstəqil fəaliyyət göstərmələri qərara alınıb. Bəyannamənin qəbul olunması da səbəbsiz deyil. Bildiyimiz kimi, jurnalistika riskli peşələrdən sayılır. Təəssüf ki, jurnalistlər öz peşə fəaliyyətini təhlükəsiz və müstəqil şəkildə icra etməkdə çətinlik çəkirlər. Təsadüfi deyil ki, beynəlxalq jurnalist təşkilatlarının hesabatlarına görə, təkcə son 30 il ərzində dünyada 2800-ə yaxın jurnalist peşə fəaliyyətini icra edərkən qətlə yetiriliblər. Bu onu göstərir ki, jurnalist əməyi asan əmək deyil, təhdidlərlə, risklərlə dolu bir peşədir. Jurnalistlərin fəaliyyətlərinə ciddi təhdidlər olur. Təkcə qətlə yetirilmək deyil, həmçinin fiziki xəsarətlərin verilməsi halları baş verir. Minlərlə jurnalist təhdidlərə məruz qalıb, fiziki təzyiqlərlə üzləşib, həbsxanalara atılıb. Bunu nəzərə alaraq, Vinduk Bəyannaməsi qəbul olunub". 
  M.Ələsgərli vurğulayıb ki, sevindirici haldır ki, Azərbaycanda jurnalistlərin təhlükəsiz, azad və müstəqil fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb: "Əvvəlcə Konstitusiyamız, sonra qanunlarımız buna təminat verir. Yaxşı hal odur ki, Azərbaycanın siyasi hakimiyyəti də medianın inkişafı, müstəqil, azad və təhlükəsiz fəaliyyət göstərməsi üçün qayğısını əsirgəmir, töhfələrini verir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada KİV-in inkişaf etməsi, jurnalistlərin sosial qayğılarının aradan qaldırılması üçün də xüsusi konsepsiya da qəbul olunub. KİV-in inkişafına dövlət konsepsiyası fəaliyyət göstərir. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan jurnalistikanın azad fəaliyyət göstərməsi üçün münbit ölkələrdən biridir. Arzu edək ki, dünyanın bütün ölkələrində jurnalistlərin azad, müstəqil və təhlükəsiz fəaliyyəti təmin olunsun".