Şuşa Qlobal Media Forumu hədəflərinə çatdı

Ermənilərin pozuculuq fəaliyyəti baş tutmadı, Forum möhtəşəm şəkildə təşkil edildi, uğurla nəticələndi


  İyulun 21-23-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər. Təəssüf ki, öz ənənəsinə sadiq qalan Ermənistanın Azərbaycana qarşı apardığı qaralama kampaniyası hələ tədbirin gedişində özünü göstərməyə başladı. Mətbuat Şurasının bu barədə yaydığı bəyanatda bildirilib ki, Ermənistanın 11 jurnalist təşkilatı Forumun iştirakçılarına müraciət ünvanlayaraq və yersiz həmkar sentimentallığı nümayiş etdirərək, əcnəbi media mənsublarını qınayıblar, onları Şuşanı tərk etməyə çağırıblar. Qeyd olunub ki, müraciətdə, həmçinin Qarabağın erməni əhalisinin, guya, “blokadada” olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyil. Daha bir məqam erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasıdır. Həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər irəli sürüldü. Bu azmış kimi, həmin jurnalistlərin elektron poçt ünvanlarına hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja və sözün əsl mənasında, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar. Şuşa forumuna qatılanların adından yalançı açıqlamaların yayılması, guya onların həmin açıqlamalarında Qarabağın “blokadasının” aradan qaldırılmasına yönələn fikirlər səsləndirdikləri iddiası isə heç bir əndazəyə sığmır. Ermənistanda media fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxslərin, faktiki olaraq, Cənubi Qafqaz regionunda sülh gündəliyinə qarşı çıxması, təxribatçı əməlləri jurnalistikadan sui-istifadədir, peşə prinsiplərinə etinasız yanaşmadır. Vurğulanıb ki, Azərbaycan Mətbuat Şurası bundan narahatdır. Şura hesab edir ki, beynəlxalq ictimai rəyi çaşdırmağa yönəlmiş, xarici media mənsublarını təhdid edən bu kimi hallar tam yolverilməzdir və məsələyə sərt reaksiyanın göstərilməsi mütləqdir. Qurum beynəlxalq ictimaiyyəti, habelə dünyanın aparıcı jurnalist təşkilatlarını mövcud istiqamətdə həmrəylik nümayişinə, müvafiq tədbirlər görməyə çağırır. Mətbuat Şurası, eyni zamanda Ermənistan mediasının çirkin siyasi texnologiyalardan istifadə etməsindən dərin təəssüf hissi keçirir. Qeyd olunur ki, həm Azərbaycanın, həm də Ermənistanın media orqanları ölkələr arasındakı münasibətlərin pozulmasına deyil, əksinə, normallaşmasına xidmət etməlidirlər. Ermənistanın, ermənipərəst dairələrin bu sayaq spekulyativ addımları heç bir nəticə verməyəcək. Mətbuat Şurası əmindir ki, Şuşa Qlobal Media Forumu davamlı xarakter almaqla, dünyada media sahəsindəki problemlərin dərin müzakirə olunacağı mötəbər platformaya çevrilməkdədir: "Yaxşı olardı ki, Ermənistan jurnalistləri avantürist meyillərin əsirinə çevrilməsinlər, gələcəkdə bu platformada təmsil olunsunlar və jurnalistika dəyərlərinin qorunmasına töhfə versinlər". 


  
Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli "Sherg.az"a açıqlamasında öncə Şuşa Qlobal Media Forumunun əhəmiyyətindən danışıb. M.Ələsgərli bildirib ki, Forumun əsas hədəfi müasir media trendlərinin müzakirə edilməsi idi: "21-23 iyul tarixlərində keçirilən tədbir bu kontekstdə öz məqsədinə çatdı. Rəqəmsal transformasiya mühitinin ortaya çıxardığı bütün çağırışlar Forum çərçivəsində müzakirə edildi. Azərbaycanın məşhur media təşkilatlarının, o cümlədən Medianın İnkişaf Agentliyinin, Mətbuat Şurasının, Audiovizual Şuranın, 60-a yaxın milli KİV subyektinin, həmçinin 150 xarici KİV qurumunun,12 beynəlxalq təşkilatın, tanınmış media ekspertlərinin  iştirakı ilə baş tutan müzakirələr qeyd edilən istiqamətlər üzrə  uğurlu nəticələr verdi. 

Problemlərin həlli üçün təkliflər səsləndirildi, yeni dövrün hərəkət istiqamətləri müəyyənləşdirildi. Prezident İlham Əliyevin Forumda çıxış etməsi, xarici və yerli jurnalistlərin suallarını cavablandırması tədbirə əlavə çalar qatdı. Prezidentin səmimi davranışı, arqumentli fikirləri, yeni informasiyalarla zəngin nitqi həm yerli, həm də xarici jurnalistlərdə məmnunluq yaratdı. Tədbirin davam etdiyi günlərdə müvafiq dövlət qurumlarının təmsilçilərinin, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyevin  orada iştirak etməsi, jurnalistlərlə canlı təmas yaratması, istənilən növ sualları cavablandırması tədbirin effektini artırdı. Beynəlxalq təşkilatların təmsilçilərinə şərait yaradıldı ki, onları maraqlandıran bütün suallara cavab tapsınlar. Birmənalı şəkildə demək olar ki, Şuşa Forumu dünya media məkanına töhfələr verdi. Bununla yanaşı, Forumun birbaşa məqsədləri ilə yanaşı, digər hədəfləri də var idi. Fikrimcə, həmin hədəflərə də nail olundu". 
  
Ekspert diqqətə çatdırıb ki, tədbirin uğurlu şəkildə təşkil edilməsi ölkəmizin imicinə müsbət xal gətirdi: "Foruma qatılmış xarici jurnalistlərin yazdıqları məqalələr, sosial media hesabları üzərindən paylaşdıqları postlar 3 gün ərzində Azərbaycanın adını dünyanın xəbər  gündəmində saxladı. Yazılan məqalələrdə, paylaşılan postlarda media müzakirələri ilə yanaşı, Azərbaycan-Ermənistan müharibəsinə, Ermənistan tərəfinin Qarabağda törətdiyi vandalizm aktlarına da yer verildi. Xarici jurnalistlər Şuşaya səfər zamanı yol üzərində gördükləri dağıntıları qeydə alaraq paylaşırdılar. Ermənistanın işğal dövründə törətdiyi dağıntılarla, Azərbaycanın son 3 ildə bu bölgədə apardığı quruculuq işlərini müqayisə etdilər". 

  Müşfiq Ələsgərli vurğulayıb ki, əslində“erməni şəbəkəsi”nin narahatlığı Forumun 1-ci günündən başlayıb: "Şuşa Qlobal Media Forumunun açılış mərasimindən dərhal sonra bəlli oldu ki, Ermənistan tərəfi Forumun işini pozmaq üçün hərəkətə başlayıb. Ermənilər xarici jurnalistlərin Foruma qatılmasını pislədilər, xarici jurnalistləri  “reallıqları” dilə gətirməməkdə qınadılar. Guya, “həmkar” kimi imzaladıqları müraciətlərində çağırış edirdilər ki, xarici jurnalistlər Forumda iştiraklarını dayandırıb Şuşanı tərk etsinlər. Yaxud, tədbirdə söz alaraq, “Artsaxın blokadası” mövzusunu gündəmə gətirsinlər. Erməni tərəfi eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlayıb. Foruma qarşı bəyanat verməyə, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətini pisləməyə çağırıblar. Bütün bunlar uğursuz olunca, “erməni şəbəkəsi” fərqli bir vasitədən istifadə edib. Forumda iştirak edən beynəlxalq təşkilatların təmsilçiləri adından yalançı açıqlamalar yayıblar. Məsələn, Ermənistanın məşhur KİV-indən olan “news.am” xəbər portalı yazıb ki, guya, Forumda iştirak edən Beynəlxalq Jurnalistlər Federasiyasının baş katibi Entoni Ballenger “Artsax”ın blokadasının aradan qaldırılmasına çağırış edib. Entoni Ballengerin açıqlaması onun sosial hesablarında qalır. O, “Artsax” sözünü ümumiyyətlə işlətməyib. Əksinə, öz postunda qeyd edib ki, “Qarabağ beynəlxalq aləm tərəfindən tanınmış Azərbaycan torpağıdır”. “Sərhədsiz Reportyorlar” təşkilatı da hərəkətə keçib. Forumu gözdən salmaq üçün bütün gücünü ortaya qoyub. Burada da təəccüblü bir şey yoxdur. Çünki hamımız bilirik ki, “Sərhədsiz Reportyorlar” Parisdə mənzillənir. Fransa hökumətinin və erməni diasporunun təsiri altındadır. Bu baxımdan onun Şuşa Forumuna qarşı çıxması anlaşılandır. Bütün bunlarda məqsəd Şuşa Qlobal Media Forumunun işini pozmaq, Qarabağda Ermənistan tərəfindən törədilmiş vandalizm aktlarının dünyaya çatdırılmasının qarşısını almaq idi. Amma baş tutmadı. Forum möhtəşəm şəkildə təşkil edildi, uğurla nəticələndi. Qarşıya qoyulan bütün hədəflərə çatıldı".