“Şərq” 27 yaşını Həsən bəy Zərdabinin məzarı başında qeyd etdi - FOTOLAR

“Şərq” qəzetinin kollektivi mətbu orqanın yaranmasının 27-ci ildönümü ərəfəsində Fəxri Xiyabanda əbədi uyuyan Azərbaycan milli mətbuatının banisi, “Əkinçi” qəzetinin təsisçisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər. Görkəmli maarifçini əbədi uyuduğu məkanda yad edən, məzarına tər qərənfillər düzən jurnalistlər “Şərq”in 27 yaşında milli mətbuatın banisini ziyarət etməyi özlərinə borc bildiklərini deyiblər. 


 
Həsən bəy Zərdabinin məzarı başında çıxış edən “Şərq”in baş redaktoru Akif Aşırlı deyib ki, 27 yaşlı qəzetin əsas qayəsi Azərbaycanda milli mətbuatın əsasını qoyan Həsən bəy Zərdabinin ideyalarını, məsləkini, fikirlərini və düşüncələrini cəmiyyətə çatdırmaq, "Əkinçi"nin yolunu davam etdirməkdır. Baş redaktor vurğulayıb ki, "Şərq" qəzeti 27 il ərzində Həsən bəy Zərdabi irsinə sadiq qalıb: "Həsən bəy Zərdabi hər cür hörmətə, sayğıya layiq şəxsiyyət olub. O, Azərbaycan cəmiyyətinin inkişafını müəyyənləşdirən insandır. Mətbuatsız cəmiyyətin inkişafı qeyri-mümkündür. 





Mətbuat inkişaf etdikcə, cəmiyyət də inkişaf edir, tərəqqi yolunda olur, maariflənir. O baxımdan Həsən bəy Zərdabi Azərbaycan mətbuatı, jurnalistikası üçün 150 il əvvəl hansı önəmə sahib idisə, bugün də elədir, yüzillər sonra da elə olacaq. Həsən bəy Zərdabi hər dövrdə bizim müasirimiz olacaq, daim ondan öyrənəcəyik". 



A.Aşırlı bildirib ki, Həsən bəy Zərdabi cəmiyyət üçün harada boşluqlar varsa, onları doldurmağa çalışıb, teatr, xeyriyyə cəmiyyəti yaradıb. Baş redaktor mərhumun çox məşəqqətli ömür keçirdiyini də diqqətə çatdırıb: “Bura Həsən bəyin üçüncü məzarıdır. İlk dəfn olunduğu yer Bibiheybət qəbirstanlığıdır. 1937-ci ilin repressiya dövründə qızına zəng edərək atasının məzarını oradan köçürməyi tapşırıblar. Qızı atasının məzarını gecə ikən açdıraraq, sümüklərini bir yeşiyə yığaraq Zabrat qəbirstanlığına aparıb. Mətbuatın 50 illiyi ilə bağlı bir qərar qəbul olunanda mətbuatın banisi Həsən bəy də yada düşür və məzarının yerini müəyyən edərək Fəxri Xiyabana gətirirlər. Həyat yoldaşı Hənifə xanım Abayevanın da məzarının burada olduğu deyilir. Allah rəhmət eləsin”. 
"Şərq"in kollektivi Həsən bəy Zərdabinin ruhuna fatihə oxuyaraq Fəxri Xiyabandan ayrılıb.