“Ən böyük arzumu soruşanda, demişdim ki, doğma Qarabağda, Ağdamda gözəl bir qəzet buraxmaq istəyirəm”
“Novoye Vremya” qəzetinin 25 yaşı tamam oldu. Qəzet 1999-cu il oktyabrın 1-də təsis edilib və ilk nömrəsi həmin il oktyabrın 9-da işıq üzü görüb. Qəzetin təsisçisi və baş redaktoru Şakir Ağayevdir (Habiloğu). “Novoye Vremya” 25 il ərzində çap mediası bazarında öz yerini tutub, daimi oxucular qazanıb. Müasir dövrdə print medianın çətinliklərinə baxmayaraq, qəzet gündəlik nəşrini davam etdirir. Nəşr bu illər ərzində daim milli və dövlət maraqlarının müdafiəsində dayanıb. 25 il ərzində qəzetin hər nömrəsinin əsas mövzusunu Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunması təşkil edib, Ermənistan işğalı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın haqq işi rus dilində bütün dünyaya yayımlanıb, ölkəmizə qarşı informasiya müharibəsində qəzet ön sıralarda dayanıb. Müstəqil qəzet olan “Novoye Vremya”nın səhifələrində ən müxtəlif mövzular - siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, idman və şou-biznes sahələrinə aid materiallar yer alır. Qəzetin əsas prinsiplərini həqiqət, obyektivlik, qərərsizlik, şəxsi həyatın toxunulmazlığı, təhqirə yol verilməməsi, faktların etibarlılığı və fikir müxtəlifliyi təşkil edir.
Qəzetin baş redaktoru Şakir Ağayev deyib ki, 25 il öncə "Novoye-Vremya" adlı mətbu orqanı yaradıb və birgə yola çıxıblar. Baş redaktor 25 ildə ağır, enişli-yoxuşlu yollar keçdiklərini bildirib:
"Azərbaycanda o dövr ictimai-siyasi həyat çox mürəkkəb idi. Torpaqlarımızın 20 faizi işğal altındaydı. Bu gün isə ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunmuş ölkəmizdə 25 yaşımızı qeyd edirik. Tanrıya min şükürlər olsun! Xatirimdədir, 20 illiyimizdə həmkarlarım məndən ən böyük arzumu soruşanda, demişdim ki, doğma Qarabağın, Ağdamın işğaldan azad olunmasını, orada gözəl bir qəzet buraxmağı arzulayıram. Allahıma şükür, həyatımın ən böyük arzusuna çatdım! 25 ildə bir olduq, bir məqsədə xidmət etdik, bir amalımız oldu - Azərbaycan. Sonrakı fəaliyyətimiz də belə davam edəcək! Redaksiyamıza səfirlərdən, ziyalılardan, deputatlardan və həmkarlardan təbriklər daxil olur. Hər birinə diqqətlərinə görə təşəkkür edirəm! Xüsusən, bütün oxucularımıza təşəkkür edirəm ki, sosial şəbəkələrin tüğyan etdiyi bir vaxtda çap mediasının çətin dövr yaşadığı bir vaxtda bizim qəzeti yaşadırlar".
İ