“Daha Səndən sonra su içmək olmur”

Akif Əhmədgil: "Biz kişilər beləyik, qadının qədrini onu itirəndən sonra bilirik"

"Qadınların işi həqiqətən çox olurmuş. İndi fikirləşirəm ki, niyə mən ona kömək etməmişəm? Bəlkə haranısa mən süpürməliydim?! Çox şeyə indi fərqli baxıram. Gərək sevgini hər gün göstərəsən"

Dəyərli şairimiz Akif Əhmədgil bir şeirini paylaşdı - “Daha Səndən sonra su içmək olmur”, üyərimizin başı göynədi. Ömür-gün yoldaşına ithaf edib bu şeiri. Avqust ayında əcəlin ayırdığı Rəsmiyyə xanıma. Yayın əvvəlində Akif bəylə söhbətləşəndə demişdi ki, həyat yoldaşı kimya terapiyası alır. Elə o günlərdə Milli Onkologiya Mərkəzini də yaxşıca “yıxıb-sürümüşdü”. Avqustda isə Rəsmiyyə xanımın həyatdan köçdüyünü bildik. Demək, qızmar günlərdə Akif bəy həyat yoldaşının ağrıları ilə baş-başaymış. O günlərdə nə çəkdiyini, ümumiyyətlə, həyat yoldaşına münasibətini yazdığı bu cümlələr və bu şeir güzgü kimi göstərir:   
Daha Səndən sonra su içmək olmur
Onkoloji xəstəlikdən əziyyət çəkən ömür-gün yoldaşım Rəsmiyyə Əhmədovaya həkim hər kimyaterapiyadan sonra gündə ən az 3-4 litr su içməyi məsləhət görmüşdü. Üstəlik qış aylarında bunun necə məşəqqətli bir iş olduğunu xəstələr və xəstə yaxınları yaxşı bilir. Oğlumuz Tamerlanın  "Rembo Mama" deyə əzizlədiyi Rəsmiyyə xanım bu ağrı-acılara bir il dörd ay  tab gətirə bildi. Onu Bakının yaxınlığındakı Sulutəpə deyilən yerdə torpağa taşırdıq. Hərdən fikirləşirəm, görəsən, nədən Sulutəpə?!. Bəlkə  həkimin dediyindən az su vermişik.. Bəlkə...
Həkim su demişdi, dərman bir yana,

Sağalmaq olurmu su içmək ilə?..
Sənə su gətirim Sulutəpədən...
Daha Səndən sonra su içmək olmur...
Bir az havalıyam,
bir az deyingən,
Sən indi hardasan, mən haralıyam?...
Deyirdin, oğluma qız tapmalıyam,
Daha Səndən sonra qız seçmək olmur....
Bir az aralıdır kiçik oğlumuz,
Bir az yaxındadır böyük oğlumuz...
Yarımçıq qaldımı ömür yolumuz,
Daha Səndən sonra yol keçmək olmur... 
Yollar qəzalıdır, yollar xətalı.
Ev-eşik qurmuşdun alın təriylə,
Ömür sürğün yeri, ev sürğün yeri.
Nə bir gələnimiz, gedənimiz var,
Ağzı günə qalıb bomboş otaqlar, 
Bizi yetım qoyub gedəndən bəri 
Evdə oturmağa yer tapmaq olmur..
Qurudu eyvanda əkdiyin güllər,
Qızıl yel apardı qızılgülləri
Bizi yetim qoyub gedəndən bəri... 
Daha Səndən sonra yaşamırıq ki....
Daha Səndən sonra ömür sürürük,
Ömür sürgün yeri, Yer sürgün yeri..
Avqust 2021.
Bu şeirdən sonra Akif bəyə zəng etmək, çətin məsələdi. Nə deyəsən?.. Deyəsən ki, Akif bəy, gəlin, başdan tarixçənizi danışın, hansı yollardan keçmisiniz, hansı məhrumiyyətlərə dözmüsünüz, bu itkini necə yaşaya bilirsiniz?.. Yenə də. Müsahib kimi xasiyyətinə az-çox bələdik deyə, söhbətdən yayınmayacağını bilirik. Və ağrılarını paylaşmasına cəhd edirik. Artıq bu, neçənci müsahibdir ki, zəng edirsən, “həkimdəyəm”, deyir.  Ay başına dönüm, millət həkimlərdə qalıb, nədi?!

- Akif bəy, xeyir ola həkimə getmisiniz...

-  Nə xeyir olacaq, onurğa sütunumda yırtıq əmələ gəlib. Həkim deyir, əsəbdəndi. 6 ay müalicə almalısan. Deyirəm, sənin başın “xarabdı”, nədi, nə 6 ay!.. 

- Həkim neyləsin, bilmirsiniz ki, müalicə almalısınız, həm də davamlı. Yırtıq belədi...

- Orası düzdü ey. Müalicə kursu alırdım. Bu gün sonuncu gün idi. Dedim, əşşi, cəhənnəmə, bu gün də gedim qurtarsın. Amma yaxşılaşmışam. 

- Görürsünüz. Deməli, müalicə lazımdı... Akif bəy, mən sizə həyat yoldaşınızın xatirəsini yad etmək üçün zəng etmişəm... Şeir həsr etmisiniz Rəsmiyyə xanıma. Təsirlidi...

- Hə... Görünür, qələm əhliyəm deyə, bir az da ağrılı keçirirəm bu itkini.

- Xatırlayıram, yayda sizinlə danışanda demişdiniz ki, yoldaşınız xəstədi, müalicə alır. Nəydi xəstəliyi?

- Qida borusunun xərçəngi... 

- Neçə müddətdi xəstə idi?

- Biz bir az gec bildik xəstəliyə tutulduğunu. Yemək yeyəndə deyirdi, udqunanda əziyyət çəkir. Mən də deyirdim, yəqin  boğazın ağrıyır, isti çay içmisən, boğazını yandırıb, udqunanda ağrıdır. Məsuliyyətsiz yanaşdıq... Mən məsuliyyətsizlik etdim. Gərək tez aparaydım həkimə. Hardasa 3 ay ləngimişik. İndi fikirləşirəm ki, hayıf deyil, evlənib boşanmaq?! Az bağlanırsan, ayrılanda da az əziyyət çəkirsən, ya heç çəkmirsən. Biz kişilər beləyik, qadının qədrini onu itirəndən sonra bilirik...

- Qohumunuz idi, özünüz bəyənmişdiniz, tanışlığınız necə olmuşdu?

- Yox, qohum deyildi. Allah eləməsin, qohumla evlənəsən...

- Niyə?

- Necə yəni niyə. Uşaqlar 90 faiz xəstə olur. Oğlum həkimdi, o da deyir, qohum evlilikləri məsləhət deyil. Öz kəndimizin qızı idi. Qardaşı ilə dost idim. Kənddə olanda təsadüfən gördüm, xoşum gəldi, ürəyinə yatdı. Anama dedim, elçi gedin...

- Ananız razı oldu, başqa namizədi yox idi ki, sizin üçün?

- Nə deyəsidi, yazıq anam. Mən bir az gec evlənmişəm. Analar oğullarına həmişə qız  axtarır. Anam da elə. Mən də istəmirdim evlənmək. Bir müddət
Moskvada oxumuşam axı. Anam qorxurdu ki, birdən rus qızıyla evlənərəm.

- Sizə deyirdimi ki, bax ha, birdən rus qızı gətirərsən özünlə.

- Hə, deyirdi, birdən ilişib qalarsan. Kəndin  içinə çıxa bilmərəm. 

- Elçi gedən kimi verdilər?

- Yox, vermədilər. Dedilər, fikirləşəcəyik.

- Hirsləndiniz?

- Yox, nəyə hirslənəcəm: Qız qapısı, şah qapısıdı. Bir az pis oldum ki, niyə vermirlər. Anama dedim, gör neynirsən. Sonra nişanlandıq. 

- Rəsmiyyə xanımın da sizə könlü vardımı?

- Yəqin vardı ki, razılaşdı mənimlə evlənməyə. APİ-nin (Azərbaycan Pedaqoji Universiteti – red.) sonuncu kursunda oxuyurdu, evləndik. Aramızda 5 yaş yarım fərq vardı. 

- Və ailə həyatınız başladı. Xasiyyəti necə idi?

- Çox yaxşı adam idi. Xasiyyəti də yaxşıydı. İndi fikirləşirəm ki, o bu qədər çətinliyə necə dözüb?

- Nə mənada çətinlik? Maddi baxımdan?

- Hə də. Nə maaş alırdım ki?! ”Ulduz” jurnalında işləyirdim. 20-30 dollar maaş alırdım. Sonra Elmlər Akademiyasında işlədim. Milli Məclisdə işlədim. Bir “axmaqlıq” elədim, ordan çıxdım... Hər vəziyyətə qane olurdu. Özü də Pedaqoji Texnikumda dərs deyirdi. Onun da maaşı az idi. Amma bir dəfə də məndən nəsə tələbi olmadı. Ümumiyyətlə, düşünürəm ki, boşanmaların 99 faizi maddiyyatla bağlıdır. 

- Niyə ki?! Rəsmiyyə xanım dözüb.

- Elələri azdı. 

- Siz nədənsə narası qalırdınız?

- Mənə elə gəlirdi ki, o, övladlarını məndən çox istəyir. Əslində bu, belə də olmalıdır. Ana övladını çox istəyər də. Amma biz kişilər bunu gec başa düşürük. Elə bilirik ki, yaddan çıxmışıq. Bu qədər işin-gücün arasında özümüzə diqqət istəyirik. İndi başa düşürəm ki, demə, qadınların işi həqiqətən çox olurmuş. İndi fikirləşirəm ki, niyə mən ona kömək etməmişəm? Bəlkə haranısa mən süpürməliydim?! Çox şeyə indi fərqli baxıram. Gərək sevgini hər gün göstərəsən. Biz hərdən-bir, yadımıza düşəndə göstəririk, deyirik.  

- Evlənəndən sonra kirayədə qalırdınız?

- Yox, evim vardı. “Gənclik” jurnalında işləyəndə Gənclər Təşkilatının birinci katibi vardı - Sahib Ələkbərov, mənə 1 otaqlı ev vermişdi. Sonra da mərhum Heydər Əliyev 4 otaqlı ev bağışladı. Yeni Yasamalda. 

- Niyə məhz sizə? Nə bildi ki, ev şəraitiniz yaxşı deyil?

- O vaxt Yazıçıların Qurultayı oldu, şairlərlə, yazıçılarla görüş keçirildi... Mənzillə bağlı Anarın təqdimatı olmuşdu, siyahını o vermişdi. 
(Könlü açılsın deyə zarafata salıb, Şuşa söhbətini xatırladım)

- Aa... Daha niyə inciyirsiniz Anar müəllimdən ki, sizi nizə Şuşaya aparmayıb...

(Güldü...)

- Yox, incimirəm. Anar gözəl insandı. Mən dedim də ötən dəfə, adımı siyahıya salıb, sonra çıxarmaları təsir etdi mənə.
(“Siyasi” məsələləri kənara itələyib, ruhi məqamlara qayıtdıq)

- Akif bəy, Rəsmiyyə xanımın vəfatından sonra bir şeir yazdınız, sosial şəbəkədə paylaşdınız. Təsirli idi... Sağlığında da şeir həsr etmişdiniz xanımınıza?
- Çox şeirlər yazmışam. Biri məşhurdu “Qara şanı, qara kişmiş, qara tut”. Qarayanız idi axı... 

- Bəyənirdi o şeirləri, razı qalırdı?

- Bəli. Şeirdən başı çıxırdı. Bəzən deyirdi ki, hamıya şeir yazırsan, mənə niyə yazmırsan?

- Yəni kimə yazmışdınız ki?

- Olub bəzi şeirlər, qadınlara...  Mənim bir şeirim var, “Dəniz yaman şirindi”. Dostlarım bilir, kimə həsr edilib. 17-18 yaşında yazmışam o şeiri. Nə bilim, gənclik idi...

- Kimya terapiyası aldığı vaxtlarda sizdən bir istəyi, bəlkə vəsiyyəti olmadı ki?

- Yox, heç nə demədi. Mən inanmırdım bunun son olacağına. Həkim səhlənkarlığı da çox oldu. Qida borusuyla yanaşı nəfəs borusunu da müalicə etməyə başladılar ki, bu orqanlar bir-birinə yaxındır. Bir neçə ay da orda itirdik...

- 2 oğlunuz var...

- Bəli. Kiçik oğlum evləndi. Yaxşı ki, onun toyunu gördü.  

- Dediniz, Yeni Yasamalda yaşayırsınız...

- Hə, Onkoloji Mərkəzin yanında.

- Sizin üçün ağır olar, hər gün, hər saat o binayla üz-üzə gəlmək...

- Əşşi, ora zülümxanadı. Adamlar da zülüm çəkir. Ümumiyyətlə, Azərbaycanda müalicə prosesi düzgün getmir. 
Söhbətimizin sonunda Akif bəydən həyat yoldaşının fotosunu bizə göndərməyi xahiş etdim. “Göndərərəm”, dedi. “Ailə şəkliniz olsun. Cavanlıq şəkli olsa, lap yaxşı”, deyəndə cavabı bu oldu: 

- O həmişə cavandı!..

Söhbətləşdi: Məlahət Rzayeva