Baba Vəziroğlu: “Şöhrət” ordeni ilə təltif edildiyimə çox sevindim”

“Gizlədəcək bir şey yoxdur”


“Təmtəraqlı yığıncaqları heç sevmirəm. Bütün bayramları da, ad günlərini də evimdə oluram. Bütün ətrafım da bunu bilir”


  Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Baba Vəziroğlu Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı yanvarın 11-də sərəncam imzalayıb.
  70 yaşlı şair Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub. O, Hacıhətəmli kənd orta məktəbini bitirdikdən sonra “Pravda” kolxozunda işləyib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində 1972-77-ci illərdə təhsil alıb. Şair 1989-cu ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib. Baba Vəziroğlunun mindən artıq şeirinə mahnı bəstələnib. Azərbaycan Yazıçılar İttifaqında Gənc Nasirlər Birliyinin rəhbəri olub. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirib (1985). Respublikanın Əməkdar incəsənət xadimidir (2005). 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

  “Sherg.az” olaraq şairlə əlaqə saxlayıb həm təbrik etdik, həm də təəssüratlarını öyrəndik. Heç sual verməyə ehtiyac da yox idi. Baba müəllimin səsindən bəlli idi  necə sevincli və qürurlu olduğu:
- Kiçik zəhmətimə verdiyi  böyük dəyərə görə Cənab Prezidentə sonsuz təşəkkür  edirəm. Burada gizlədəcək bir şey yoxdur, “Şöhrət” ordeni ilə təltif edildiyimə çox sevindim. 

- Gözləyirdinizmi?
- Xeyr, heç vaxt belə bir gözləntim olmayıb. Ümumiyyətlə, belə bir şeyin gözləntisində olmaq düzgün deyil axı. Öz işimi görürəm. Amma Prezidentimizin vaxtı ilə dediyi gözəl bir söz var “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”. Doğrudan da, ölkə başçısının nəzərindən heç nə qaçmır. Mənə verilən dəyərə görə Prezidentə minnətdarlığım xırda bir təşəkkürdür. Mən ən böyük təşəkkürümü İlham Əliyev Qarabağı Azərbaycana qovuşduran zaman etmişəm. Bu hadisə tarixi bir zəfər idi. Mənim yaradıcılığıma verilən dəyər  o Zirvənin yanında kiçik bir təpədir. Ta 2003-cü ildən  bəri,  Azərbaycanın dünya miqyasında  tanınmasında, bayrağımızın dünyanın ən ali kürsülərindən ucaldılmasına görə  İlham Əliyevə minnətdaram.  "Cənab Ali Baş Komandan"  şeirimi isə məhz Qarabağın hər nöqtəsində şanlı Azərbaycan bayrağını ucaltdığına görə  yazmışam. Bu  şeir və sözlərinə bəstələnən mahnı  indi dillər əzbəridir:

Düşmənimiz baş əyir sən and içən bayrağa, 
Sənin azad etdiyin hər bir qarış torpağa. 
Anamız Azərbaycan qovuşur Qarabağa, 
Qalmayacaq qisassız hər damla tökülən qan -
Cənab Ali Baş Komandan!
Tanrı İlham Əliyevi qorusun. O da dövlətimizi, bayrağımızı, vətəndaşlarımızı qorusun. 

- Baba müəllim, bəs ad gününüzü necə keçirdiniz, dövlət səviyyəsində bir tədbir olmadı deyəsən? 
- “Şərəf” ordenindən yuxarı nə olmalı idi!?
- Həmin günü nəzərdə tuturam...
- Mən heç vaxt şan-şöhrət həvəsində olmamışam. Yubileylə bağlı mənə çox təkliflər gəldi. Filan yerdə yığıncaq edək, filan yerdə görüş keçirək. Mənsə qəbul etmədim. Çünki ad günümü  təmtəraqlı qeyd etməyi sevmirəm.  Bu, illərdir belədir. Ancaq evdə ailəmin, əzizlərimin, dostlarımın əhatəsində qeyd edirəm. Əsas odur ki, ölkənin ən görkəmli insanları şəxsən təbrik edib, gül buketləri göndəriblər.  İlk təbriki isə əziz dostum, gözəl bəstəkar Kamal elədi.  
- Fövqəladə hallar naziri Kəmaləddin Heydərov?
- Sözsüz! Mən onu bəstəkar Kamal kimi tanıyıram və o cür də təqdim edirəm. Həmçinin mədəniyyət nazirimiz Adil Kərimli şəxsən özü zəng edib xoş sözlər dedi.  Zəngi bitirib, elə telefonu təzəcə yerə qoymuşdum ki, Adil müəllimin göndərdiyi  bir otaq boyda  gül çələngini və nazirin imzası ilə xüsusi diplom  gətirdilər.  Əziz qələm dostlarım,  böyük şairlərimiz Nəriman Həsənzadə,  Ramiz Rövşən,  əziz dostum Rəşad Məcid özünün və  Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, bütün AYB üzvləri adından təbrik elədi. Millət vəkili Novruz Aslan  xatirə hədiyyələri təqdim elədi. Bütün televiziyalar, media  agentlikləri 24 saat Baba Vəziroğlundan yazıb, ondan danışdılar.
- Yubiley yaşınız idi, bəs niyə yığıncaq eləmədiniz?
- Təmtəraqlı yığıncaqları heç sevmirəm. Bütün bayramları da, ad günlərini də evimdə oluram. Bütün ətrafım da bunu bilir. Ad günümə heç kimi də çağırmıram, buna rəğmən 9-11 yanvar  günləri kifayət qədər geniş olan evimizdə qonaq əlindən tərpənmək olmurdu. Hamısı da  xəbərsiz məni təbrikə gələn qonaqlar idi.