“Bölgələrdə gender problemlərinin təhlili” layihəsi davam edir

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Tərtər rayonunda “Bölgələrdə gender problemlərinin təhlili” adlı layihəyəni uğurla davam etdirir.

18.06.2026- cı il tarixində Tərtər Peşə Məktəbinin binasında layihə çərçivəsində “Gender problemləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Z. Paşayev açıb. O tədbir iştirakçılarını salamlayıb, qonaqları təqdim edib və layihənin mövzusuna uyğun olaraq fikirlərini bölüşüb. 

Dəyirmi masada layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib. Bildirib ki, “layihənin əsas məqsədi, bölgələrdə gender bərabərliyinə təsir edən maneələri müəyyən etmək və həll yollarını tapmaqdır. Azərbaycanda bu sahədə böyük işlər görülməsinə baxmayaraq, bölgələrdə gender bərabərliyi və qadın hüquqları ilə bağlı bir sıra struktur və ənənəvi problemlər hələ də aktual olaraq qalmaqdadır. Gender bərabərliyinin tam təmin olunması və ənənəvi ailə dəyərlərinin müasir çağırışlarla uyğunlaşdırılması istiqamətində təhsil və maarifləndirmə tədbirləri davam etdirilməlidir”.

​Layihənin eksperti S.Məmmədova Ailə münasibətlərində gender bərabərliyinin təşviqi və ailədə hüquqi ədalətin qorunması, Ailə Məcəlləsində dəyişikliklər barədə ətraflı məlumat verib. Bildirdi ki, “Ailə dəyərləri və gender bərabərliyi qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanır. Bu iki anlayış bir-birini tamamlayaraq ailə institutunu gücləndirir. Cütlüklərin ev işlərini və qərarları bərabər bölüşməsi, övladların tərbiyəsində hər iki valideynin bərabər iştirakı möhkəm və sağlam ailə mühitinin əsasını təşkil edir”. 

Tərtər RİHB-nın Qarağacı kənd İƏD üzrə nümayəndəsi L.Həmidov layihənin mövzusunun aktual olduğunu və bölgələrdə gender problemlərinin təhlilinin, ölkənin ümumi inkişafı, insan hüquqlarının təmin olunmasında böyük əhəmiyyət kəsb etdiyini bildirdi. ​Sonra müzakirələr oldu və suallar cavablandırıldı. Altunə Bayramova, Rafət Məmmədova və digərləri Gender problemləri ilə bağlı fikirlərini bildirdilər. Qiymətləndirmə aparıldı. Tədbir iştirakçıları layihənin mövzusunun çox aktual olduğunu və razı qaldıqlarını bildiriblər.

Tədbirdə layihə rəhbəri tədbirin uğurlu alımasında dəstəklərinə görə TRİH Başçısı M.Məmmədova, Tərtər RİHB-nın Qarağacı kənd İƏD üzrə nümayəndəsi L.Həmidova, Tərtər Peşə Məktəbinin rəhbərliyinə və iştirakçılara təşəkkür edib.

​İştirakçılar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür ediblər. Tədbirdə 25 nəfər iştirak edib.                          

Qeyd: Layihə Ağdam,Tərtər, Bərdə,Ağcabədi və Xocavənd rayonlarında 3 ay müddətində həyata keçiriləcək. Regional Gender Mərkəzi İctimai Birliyinin mətbuat xidməti