““Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi may ayının 1-dən etibarən Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bələdiyyələrin maddi-mədəni irsin öyrənilməsi və təbliğində rolunun gücləndirilməsi” layihəsinin icrası ilə bağlı bələdiyyələrdə keçirilməsi planlaşdırılan görüşlərin ardıcıllığı müəyyən edilmişdir”.
QHT.az xəbər verir ki, bu barədə Belediyye.infoya birliyin sədri Vüqar Cəfərov məlumat verib.
Bununla yanaşı ictimai birliyin sədri bildirib ki, keçiriləcək görüşlərdə müzakirə ediləcək mövzu ilə əlaqəli beynəlxlaq təcrübənin öyrənilməsi həyata keçirilmiş, müqayisəli təhlili aparılmışdır. Görüş keçirilməsi nəzərdə tutulan rayonlarda həm də mövcud maddi-mədəni irs nümunələri ilə bağlı təhlillər aparılmışdır.
Qeyd edək ki, layihə çərçivəsində Masallı, Yardımlı, Cəlilabad, Siyəzən, Şabran, Quba, Xaçmaz, İsmayıllı və Oğuz rayon bələdiyyələrində görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur. 4 ay ərzində davam edəcək layihənin gedişi barədə məlumat həm media orqanlarında, həm də “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyin internet resursu olan Belediyye.info portalında, YouTUBE kanalında və digər media orqanlarında paylaşılacaqdır.
Əlavə edək ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi 2009-cu ilin dekabrında təsis edilmiş və 2010-cu ilin fevral ayında rəsmi dövlət qeydiyyatına alınmışdır. 2011-ci ildən başlayaraq aktiv fəaliyyətə başlayaraq bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə söykənən layihələrin icrası ilə məşğuldur.