“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Kür çayı ərazilərində biomüxtəlifliyin bərpası və alternativ ekoloji vərdişlərin təşviqi” layihəsi çərçivəsində ilk dəyirmi masanı təşkil edib.
QHT.az xəbər verir ki, Salyan şəhərində ən böyük tam orta məktəb sayılan Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbdə keçirilən tədbirdə təhsil ocağının direktoru, müəllimlər və şagirdlər, rayonun vətəndaş cəmiyyəti təmsilçiləri, ziyalılar və mətbuat nümayəndələri iştirak ediblər.
İctimai Birliyin sədri, layihə rəhbəri Rüstəm Məlikov tədbirdə çıxış edərək müasir dövrün ekoloji problemlərindən danışmış, qeyd etmişdir ki, iqlim dəyişikliyi, meşələrin qırılması və biomüxtəlifliyin azalması, eləcə də suyun, havanın və torpağın çirklənməsi halları getdikcə artmaqdadır. O bildirib ki, bəşəriyyət özünün yaşadığı Yer kürəsində təbiətə vurduğu ziyanın nəticələri ilə üz-üzə qalıb.
Onun sözlərinə görə, vəziyyət yalnız insanların birgə səyi ilə nizamlana bilər. Bunun üçün ardıcıl praktik və maarifləndirici işlərin görülməsi vacibdir. İctimai birliyin həyata keçirdiyi layihənin də əsas məqsədi Kür çayı ərazilərində biomüxtəlifliyin qorunmasına və bərpasına dəstək göstərmək, maarifləndirici tədbirlər keçirməklə ətraf mühitin mühafizəsi istiqamətində ictimai iştirakçılığı gücləndirmək, nəticə etibarilə alternativ ekoloji davranışların həyat normasına çevrilməsinə yardım etməkdir.
Təhsil ocağının direktoru Aygün Manafova tədbir iştirakçılarını salamlamış, “Ana Kür” İctimai Birliyinin həyata keçirdiyi layihənin əhəmiyyətini vurğulayıb və fəaliyyətinə uğurlar arzulayıb.
Məktəblilərlə diskussiya və çay süfrəsi arxasında davam edən dəyirmi masada məktəbin Əməkdar tarix müəllimi Sehranə Rzayeva Cənubi Qafqazın su bolluğuna görə ən böyük çayı olan Kürün yaxınlığında yerləşən məktəbdə ekoloji məsələlərin daim diqqət mərkəzində olduğunu bildirmiş, uşaqlarda ekoloji mədəniyyətin inkişafı üçün alternativ ekoloji vərdişlərin təşviqinin vacibliyini qeyd edib.
Çıxış edənlər QMƏVŞİ İctimai Birliyinin Salyan filialının sədri Arif Əsgərov və veteran mədəniyyət işçisi Lətif Zərbəliyev məktəblilərə biomüxtəlifliyin qorunması istiqamətində tövsiyələr veriblər.