Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Əsgər Ailəsi” Cəmiyyəti Vətənpərvərliyin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Zaqatala rayonunda “Sədaqətin Sükutu” adlı tədbir keçirilib.
Zaqatala şəhidi Turan Məhərrəmovun və onun nişanlısı Sayıb Məhərrəmovanın taleyinə həsr olunan tədbir saf sevginin, sədaqətin, milli-mənəvi dəyərlərə bağlılığın təsirli təqdimatına çevrilib. Tədbirdə bildirilib ki, Turan və Sayıbın sevgi hekayəsi məktəb illərindən – 5-ci sinifdən başlayıb. İllər ötdükcə böyüyən bu sevgi onları nişana, ailə qurmaq arzusuna aparıb. Lakin Vətən müharibəsi bu sevgi yolunu yarımçıq qoyub. Toy gününə cəmi 21 gün qalmış Sayıb Məhərrəmova nişanlısı Turan Məhərrəmovun tabutunu qarşılayıb. Beləcə, toy libasları qara geyimlə əvəzlənib, sevgi isə ayrılığın və sədaqətin ən ağır sınağına çevrilib.

Qeyd olunub ki, bu ağır itki Sayıb Məhərrəmovanı sarsıtsa da, onun iradəsini qıra bilməyib. O, şəhid nişanlısının adını yaşatmağı, xatirəsini daim uca tutmağı, onu bir an belə unutmamağı özünə mənəvi borc sayıb. Elə bu sədaqətin nəticəsi olaraq qaynatasının evində yaşamağa qərar verib və şəhid Turanın ailəsinə mənəvi dayaq olmağı seçib.
Tədbir Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Turan Məhərrəmov və Sayıb Məhərrəmovanın həyat hekayəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən təşkilatçı, Qarabağ müharibəsi veteranı Roza Əliqızı Sayıb Məhərrəmovanın simasında Azərbaycan qadınının sədaqətini, mənəvi bütövlüyünü və şəhid adına göstərilən ali ehtiramı xüsusi vurğulayıb. O bildirib ki, şəhidlərin xatirəsini yaşadan, onların yarımçıq qalan arzularını mənəvi gücə çevirən belə xanımlar milli-mənəvi dəyərlərimizin ən parlaq daşıyıcılarıdır. Şəhid Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov və anası Ensət Məhərrəmova çıxışlarında övladlarının xatirəsinə göstərilən diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.

Tədbirin ən duyğulu məqamlarından biri Sayıb Məhərrəmovanın çıxışı olub. O, şəhid nişanlısının Vətənə bağlılığından, onun xatirəsi ilə yaşadığından, hər gün məzarını ziyarət edərək onunla söhbət etdiyindən danışıb. Sayıb Məhərrəmovanın “Mənim şəhid Turanım cənnətdədir, mən axirətdə onunla qovuşacağıma əminəm” sözləri salondakı hər kəsi kövrəldib, tədbirə qatılanların qəlbində dərin iz buraxıb.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin nümayəndələri, Yeni Azərbaycan Partiyasının təmsilçiləri, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Sonda Roza Əliqızı tədbirin keçirilməsinə göstərilən dəstəyə görə Zaqatala Rayon İcra Hakimiyyətinə, şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri, müharibə veteranı, polkovnik-leytenant Anar müəllimə təşəkkürünü bildirib.