Cəbhədə təxribat törədən Ermənistan tərəfidir


Hər iki tərəfə çağırış edilməsi sübut edir ki, Moskva üçün kimin günahkar olmasının əhəmiyyəti yoxdur


Rusiya Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır və tərəfləri güc tətbiq etməməyə çağırır. Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. XİN rəsmisi cəbhə xəttində gərginliyin daha da artmasının yolverilməz olduğu qənaətində olduqlarını dilə gətirib: “Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir. Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”. Heç şübhəsiz, münaqişənin həlli prosesində vasitəçilik missiyasını yerinə yetirən Rusiya çox yaxşı bilir ki, cəbhədə təxribat törədən tərəf məhz işğalçı Ermənistandır. Buna rəğmən fərq qoymadan hər iki tərəfə çağırış edir, tərəfləri sakitliyə səsləyir. 

Zaxarovanın bəyanatını “Şərq”ə şərh edən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Rusiyadan bundan artığını gözləmək sadəlövhlükdür. Ekspertin sözlərinə görə, Moskva Dağlıq Qarabağ probleminin necə yaranmasından tutmuş proseslərin hansı istiqamətdə getməsinə qədər hər şeyi nəzarətdə saxlayır:

“Rusiya problemi donmuş şəkildə saxlamaqda maraqlıdır. Bu baxımdan regionda hər hansı gərginlik Kremlin planlarını poza bilər. Cəbhədə təxribat törədən tərəf məhz erməni tərəf olmasına baxmayaraq, hər iki tərəfə çağırış edilməsi sübut edir ki, Moskva üçün kimin günahkar olmasının əhəmiyyəti yoxdur”. 

Analitik bəyan edib ki, Azərbaycan tərəfi hər zaman öz öhdəliklərini yerinə yetirib: “Uzun zamandır səbr göstəririk, lakin bu, sonsuza qədər davam edə bilməz. Azərbaycan xalqının səbri tükənmək üzrədir. Beynəlxalq qanunlar çərçivəsində öz torpaqlarımızı azad etmək hüququmuz öz qüvvəsindədir. Erməni xalqı daha böyük fəlakət yaşamaq istəmirsə, erməni lobbisinin və onları himayə edənlərin təhriklərinə baxmamalıdır. Azərbaycanla sülh razılığına gəlib, bir monoetnik xalq kimi məhv olmaqdan özünü xilas etməlidir. Əks halda qısamüddətli də olsa baş verən müharibə ermənilərə bir daha özlərinə gələ bilməyəcək səviyyədə zərbə vuracaq”.