İrəvan haqsızdır: Ona görə, Mnatsakanyan "Hard thalk"da darmadağın oldu

"Hard thalk" ağır söhbət deməkdir. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Londonda həqiqətən də çox ağır söhbətlə üz-üzə qaldı”. Bunu Sherg.az-a açıqlamasında siyasi ekspert Azər Həsrət deyib. 

Ekspert bildirib ki, çətin suallara cavab vermək üçün siyasətçidə həm təcrübə, həm də təmsil etdiyi dövlətin kifayət qədər əsaslarının olması lazımdır: 

“Məlumdur ki, Ermənistanın bu cür suallara cavab vermək üçün ciddi əsasları yoxdur. Ümumiyyətlə, Ermənistanın qarşısına qoyulan istənilən sual o ölkənin rəsmiləri üçün ağırdır. Ona görə də Mnatsakanyan verilişdə səslənən suallar qarşısında özünü itirdi. Xüsusən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamda baş nazir çıxılmaz vəziyyətdə qaldı. Aparıcı sual edir ki, “sizin ölkənin baş naziri Qarabağ Ermənistandır” bəyanatını verirsə, belə halda İrəvan hökuməti hansı danışıqlardan və sülhdən danışır?! Həmin sualdan sonra Mnatsakanyanın sifəti dəyişir və erməni nazir məntiq qarşısında darmadağın olur. Ermənistan rəhbərliyi iddia edir ki, guya bu ölkə sülh tərəfdarıdır, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə çözülməsini istəyir və s. Amma baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır” deməklə faktiki özünü inkar etmiş olur”. 

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məqamda baş nazir çıxılmaz vəziyyətdə qaldı"


A.Həsrətin sözlərinə görə, Ermənistan bütün dünyaya car çəkir ki, guya onların Dağlıq Qarabağla heç bir bağlantısı yoxdur və oradakı ermənilər “öz müqəddəratını təyinetmə” prinsipindən istifadə edir: 

“Lakin dünyaya bəllidir ki, Ermənistanın silahlı qüvvələri rəsmən Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məhz bu ziddiyyətli məqamlara görə, Mnatsakanyan aparıcının suallarına cavab verməkdə çətinlik çəkirdi. Əgər həmin proqramda Mnatsakanyanın yerinə bizim xarici işlər naziri Elmar Məmmədyarov iştirak etsəydi, şübhəsiz, verilən bütün suallara çox ağılla, məntiqlə və ürəklə cavab verərdi. Çünki Azərbaycan tərəfi Ermənistandan fərqli olaraq üzdə bir söz deyib, arxada başqa cür hərəkət etmir”.