Bratislavada Qarabağ danışıqları: İrəvan yenə anti-sülh mövqeyi göstərəcək

“Xarici işlər nazirlərinin Bratislavada keçiriləcək görüşündə Ermənistanın gələn il aparılacaq danışıqlarda mövqeyi aydın olacaq”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, XİN rəhbəri Elmar Məmmədyarovda bunu xüsusilə qeyd edir: 

“Bratislava görüşü 2019-cu ilin axırına təsadüf edir. Bu görüşdə atəşkəsin qorunub saxlanılması, jurnalistlərin və digər ictimai şəxslərin səfərlərinin təşkili kimi məsələlər müzakirə olunacaq. Ermənistan həm atəşkəsə nail olur, həm də jurnalistlərin səfərində özünü “sülhpərvər” göstərir. Həmçinin, işğalı davam etdirir, cəbhədə yeni silahlar yerləşdirməklə istehkam işlərini möhkəmləndirir.



Politoloq: "Erməni rəhbərliyi müstəqil siyasətə malik olmadığı üçün danışıqlarda müsbət addım ata bilmir"


Nəzərə alaq ki, bu il ərzində Dilgəm Əsgərov və Şahbaz Quliyev azad edilmədi. Deməli, Ermənistan və həmsədr Rusiyanın etimad mühitinin yaradılması istiqamətində atdığı addımlar sadəcə manipulyasiyadır. Ermənistan etimad mühitinin formalaşmasında maraqlıdırsa, əvvəlcə iki girovumuzu azad etməlidir”. 

M.Əsədullazadənin sözlərinə görə, xarici işlər nazirlərinin Bratislava görüşü sadəcə danışıqların davam etdirilməsi üçün siyasi şərait yaradacaq: 

“Ermənistan hazırda heç bir güzəştə hazır deyil. Erməni rəhbərliyi müstəqil siyasətə malik olmadığı üçün danışıqlarda müsbət addım ata bilmir. Ona görə də Azərbaycan yalnız güc yoluna üstünlük verməlidir”.