Ermənistan üçün tarixi şans yaranıb: İrəvan işğala son qoysa...

“Azərbaycan Silahlı Qüvvələri 2019-cu il ərzində bir neçə genişmiqyaslı hərbi təlimlər keçirib”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, bu il hərbi təlimlərin intensivliyinə görə, ötən illərdən kifayət qədər fərqlənir: 

“Hər halda Azərbaycan müharibə vəziyyətindədir. Təlimlərdən narahat olan Ermənistan tərəfinin diqqətinə çatdırılmalıdır ki, işğal altında olan bir ölkənin tez-tez hərbi təlimlər keçirməsi normal haldır. Ermənistan tərəfi işğal etdiyi Qarabağ ərazisində ara-sıra təlimlər keçirməyə cəhd edir. Lakin Azərbaycan ordusu öz ərazilərində təlimlər keçirir. Hazırda düşmən ölkənin ordusu ilə Azərbaycan Silahlı Qüvvələrini müqayisə etmək olmaz. Bizim ordumuz düşmənin silahlı qüvvələrindən çox güclüdür. Zaman göstərəcək ki, ermənilərin sülhlə qaytarmadığı torpaqlar vaxtı çatanda savaş yolu ilə geri alınacaq”. 

Siyasi şərhçinin sözlərinə görə, müharibə ermənilər üçün fəlakət deməkdir: 

“O zaman İrəvan heç bir istəyinə çatmayacaq. Çünki müharibədə kompromis olmur, güzəştlər ancaq masa arxasında mümkündür. Ermənistan da buna getmir. Əslində təcavüzkar Ermənistan üçün tarixi şans yaranıb. Düşmən ölkə işğal etdikləri torpaqları azad edərək regional layihələrdən yararlanmaq imkanı əldə edə bilər. Əks halda Ermənistanın iqtisadiyyatı daha da böhranlı vəziyyətələ üşləşəcək və blokadası bir qədər də daralacaq”.