“Danışıqların mənasız olduğunu bilən Ermənistan tərəfi təxribatçı addımları ilə rəsmi Bakını danışıqlardan imtina etməyə təhrik edir”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kamran Sultanlı deyib.
Analitikin sözlərinə görə, İrəvan Azərbaycanı müharibə ritorikasında günahlandırmaq niyyəti güdür. Məhz o səbəbdən işğal edilmiş ərazilərimizdə hər cür təxribata əl atır:
“Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi Bakı münaqişənin həllində konstruktiv mövqe sərgiləmək və irəliləyişə nail olmaq üçün İrəvana vaxt verdi. Amma Paşinyan özündən əvvəlki liderlərdən daha sərt ritorika sərgiləməyə başladı. Daxildə baş verən güclü təzyiq, “Qarabağ klanı” və onun dəstəkçisi Rusiya amili baş naziri buna vadar etdi. Ermənistan baş nazirinin tez-tez Qarabağa səfəri, münaqişədə gərginliyi artıracaq fikirləri, o cümlədən təlim şouları Ermənistanın status-kvonun dəyişməməsi üçün çalışdığını göstərir”.
Politoloq: “Ermənistan baş nazirinin tez-tez Qarabağa səfəri, münaqişədə gərginliyi artıracaq fikirləri, o cümlədən təlim şouları Ermənistanın status-kvonun dəyişməməsi üçün çalışdığını göstərir”
Siyasi şərhçinin sözlərinə görə, Ermənistan bütün beynəlxalq qaydaları pozaraq Qarabağda məskunlaşma siyasəti aparır:
“Paşinyan bununla göstərməyə çalışır ki, Qarabağ ermənilərinin yanındadır və onların təhlükəsizliyini düşünür. Baş nazirin addımlarına və işğal olunmuş torpaqlarımızda sərgilənən “təlim” şoularına bu kontekstdən yanaşmaq lazımdır. Bu amil həm də düşmən tərəfin Qarabağdakı qondarma rejimini legitimləşdirmək və işğalın davam etdirilməsi siyasətinin məntiqi davamıdır. Paşinyan Qarabağda özü üçün təhlükə hiss edir. Butun bunlar isə münaqişənin həllini uzadan və müharibəyə aparan davranışlardır”.
Qeyd edək ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında könüllü hərbi birləşmələr yaradır. Erməni KİV-lər bununla bağlı məqalələr və videogörüntülər yayıblar. Məlumata görə, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.