Müharibə ehtimalı hər zaman var: Qarşıdakı 2 il ərzində... - ŞƏRH

“Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlardan imtina edə bilməz”.  Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Politoloq bildirib ki, rəsmi Bakının sülh danışıqlarına getməməsi dünya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmaz: 

“Eyni zamanda ermənilər informasiya müharibəsində bu məqamdan ciddi istifadə edərlər. Ona görə də tərəflər arasında təmasların olmasına normal yanaşmaq lazımdır. Həm də nəzərə alaq ki, görüşlərdən birdəfəlik imtina müharibəni seçmək anlamına gəlir. Düzdür, Bratislava görüşü də əvvəlkilər kimi nəticəsiz bitdi. Lakin önəmli olan odur ki, Azərbaycan XİN başçısı Elmar Məmmədyarov qarşı tərəfə və həmsədrlərə rəsmi Bakının konkret mövqeyini bir daha çatdırdı”. 



Zaur Məmmədov: “Çox güman ki, öncə Qarabağ ətrafı, daha sonra isə Dağlıq Qarabağ əraziləri müharibə yolu ilə azad edilə bilər”


Analitikin sözlərinə görə, Ermənistan hər vasitə ilə danışıqların uzadılmasına çalışır: 

“Paşinyanın Qarabağa mütəmadi səfərləri, savaş ritorikasına uyğun açıqlamaları göstərir ki, əslində İrəvanın məqsədi ərazi işğalının coğrafiyasını bir qədər də genişləndirməkdir. İstənilən halda Azərbaycan tərəfi müharibəyə hazırdır. Ölkəmizdə ordu quruculuğu sürətli şəkildə həyata keçirilir. Sadəcə əlverişli beynəlxalq şəraitin yaranmasını gözləyirik. Nəzərə alaq ki, Cənubi Qafqaz regionu böyük güclərin daim diqqət mərkəzindədir. Ona görə də düşünülmüş addımlar atmalıyıq. Lakin müharibə ehtimalı hər zaman var. Qarşıdakı 2 il ərzində çox güman ki, öncə Qarabağ ətrafı, daha sonra isə Dağlıq Qarabağ əraziləri müharibə yolu ilə azad edilə bilər”.