“Avropa Birliyi ilə hansısa məsələdə razılaşma əldə ediriksə, bu o demək deyil ki, öz müqəddəratımızı onlara həvalə edirik”. Bunu Sherg.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Analitik bildirib ki, Dağlıq Qarabağ problemini gec-tez özümüz həll edəcəyik:
“Bu baxımdan ayrı-ayrı təşkilatların, beyin mərkəzlərinin Avropa qurumları ilə daim əlaqədə olması, müzakirələr aparması, təkliflər verməsi normal və qəbul ediləndir. Avropa Birliyi ilə Azərbaycanın əməkdaşlıq məsələsinə ən yüksək səviyyədə münasibət bildirilib. Məsələ ondadır ki, Dağlıq Qarabağ münaqişəsinə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının da münasibəti var. Çünki bu problem hamımızın ağrılı məsələsidir. Ancaq Avropa Birliyi, AŞPA, ATƏT və s. beynəlxalq qurumlar münaqişə ilə bağlı bizi rahatlatmağa çalışırlar. Qərb institutlarının təskinliyinə ehtiyacımız yoxdur. Dövlət və cəmiyyət olaraq uzun illərdir Qarabağ münaqişəsinin həllinə çalışırıq və nə vaxtsa həll edəcəyik. Əslində münaqişənin həll yolunu bilirik. Demək istəyirəm ki, Avropa Birliyi ilə əməkdaşlıq sənədində Qarabağ məsələsinin də olması, bizi problemin həllindən uzaqlaşdırmır. Sadəcə olaraq bütün yanaşmalarla tanış olmalı, təklifləri dəyərləndirməli, ondan sonra qərar verməliyik”.