İctimai diplomatiya vacibdir: Amma, prinsipial mövqelərimizdən geri çəkilməməliyik - ŞƏRH

“Dağlıq Qarabağın azərbaycanlı icmasının münaqişə ilə bağlı həqiqətləri dünyada yayması çox müsbət addımdır”. Bunu Sherg.az-a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının dossenti, siyasi elmlər namizədi Elşad Mirbəşiroğlu deyib. 

Analitik bildirib ki, Qarabağdakı qondarma rejim kifayət qədər fəallıq nümayiş etdirir: 

“Separatçılar mütəmadi olaraq xarici səfərlər təşkil edir, müxtəlif ölkələrdə rəsmi səviyyədə qəbul olunur və görüşlər keçirirlər. Gec də olsa artıq Azərbaycan tərəfi də bu istiqamətdə fəalllıq göstərir. İctimai diplomatiya hazırkı mərhələdə təsirli ola bilər. Amma ictimai diplomatiyanı həyata keçirən zaman prinsipial mövqelərimizdən qətiyyən geri çəkilməməliyik. Dəfələrlə bəyan edilib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilə bilər. Bunu da müəyyən şərtlər daxilində verə bilərik. İlk növbədə Qarabağda Azərbaycan və erməni icmalarının bərabər təhlükəsizlik şəraitində yaşamı təmin olunmalıdır. Eyni zamanda beynəlxalq təminat verilməlidir. Bu şərtlər nəzərdən keçirilib və müzakirələr aparılıb. Lakin Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması, müxtəlif bəhanələrlə danışıqları pozması göstərir ki, düşmənlə çox sərt danışmaq lazımdır. İrəvan dinc vasitə ilə danışıqlarda maraqlı olduğunu iddia etsə də, davranışları bunun əksini göstərir”. 



Politoloq: “Dəfələrlə bəyan edilib ki, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status verilə bilər”


E.Mirbəşiroğlunun sözlərinə görə, Qarabağın azərbaycanlı icmasının beynəlxalq səviyyədə fəallaşması hər şeydən öncə Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir: 

“Digər tərəfdən münaqişənin tənzimlənməsi ilə bağlı Azərbaycanın prinsipial istəkləri diqqət mərkəzinə çatdırılır. Vurğulanır ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç bir halda müzakirə oluna bilməz. Bu məsələlər diqqət mərkəzində olmaqla icmalar arasında dialoqun təşkil olunmasına müsbət baxıram”. 

Qeyd edək ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev “erməni icması ilə konstruktiv dialoqa hazır” olduğunu deyib. İcma sədri bildirib ki, Azərbaycan tərəfindən pozitiv ismarıclar göndərilsə də, əfsuslar olsun ki, Ermənistan həmişə mənfi reaksiya verir: “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində sülh şəraitində konstruktiv dialoqun aparılmasına və təmasların bərpa edilməsinə hazırıq.