Ermənistanın “seçki şousu” fiaskoya uğradı - Özünüifşa 


“Bu “seçki” Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu baş tutmadı”

“İşğalçı Ermənistan və qondarma rejim ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək” 


“ErmənistanınAzərbaycanın işğal edilmiş ərazilərində seçki keçirmək cəhdləri bir daha siyasi  fiaskoya uğradı və işğalçı rejimin özünüifşasına səbəb oldu” 
Bu sözləri “Sherg.az”a millət vəkili Hikmət Babaoğlu deyib. 
Onun sözlərinə görə, beynəlxalq hüquq normalarına zidd olan belə bir addımın atılmasının səbəbi işğalçı Ermənisatanın və qondarma rejimin işğalı legitimləşdirmək cəhdləri idi, ancaq bu baş tutmadı:



 “Mart ayının 31 də işğal edilmiş ərazilərimizdə səhnələşdirilən siyasi şou  mötəbər beynəlxalq  və regional təşkilatlar  tərəfindən qınandı və pisləndi . Bu bir daha Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin  beynəlxalq təşkilatlar tərəfindən  dəstəklənməsi və işğalçılıq siyasətinin qəbul edilməməsi kimi qiymətləndirilməlidir . Türk Şurası,  Qoşulmama Hərəkatı ,Türk Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO kimi təşkilatların qəti mövqeyi Ermənisatnın işğalçılıq siyasətinin və status- kvonu legitimləşdirmə cəhdlərinin baş tutmayacağını bir daha göstərmiş oldu”. 

 Deputat hesab edir ki,  regionun və dünyanın aparıcı milli dövlətlərinin  nümayiş etdirdikləri mövqe də   olduqca əhəmiyyətlidir və xüsusi qeyd olunmalıdır: 

“Türkiyə, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, Moldova, Kanada, Avstraliya,  Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran və digərləri tərəfindən  qondarma seçkinin və onun nəticələrinin tanınmaması Ermənistanın işğalçılıq siyasətinin əsla qəbul edilməyəcəyi anlamını ifadə edir . Şübhəsiz ki, yuxarıda adlarının çəkdiyimiz beynəlxalq və regional təşkilatların o cümlədən müstəqil dövlətlərin mövqeyi həm də onların beynəlxalq hüquqa  və Azərbaycana olan münasibəti kimi qiymətləndirlə bilər. Bu isə ölkəmizin beynəlxalq münasibətlər sistemindəki nüfuzundan , dövlətlərarası münasibətlərdə qarşılıqlı maraqlara söykənən  diplomatik strateji əlaqələr qurma bacarığından xəbər verir .Ona görə də işğalçı Ermənistan və qondarma rejim seçki şousu yaratmaqdansa işğal etdikləri ərazilərimizdən çıxmaq barədə düşünsələr daha yaxşı olar . Onsuz da Azərbaycan öz hərbi-siyasi gücüylə Ermənistanı buna mütləq məcbur edəcək” .