İşğaldan azad edilmiş ərazilər minalardan təmizlənmə işi başa çatmayıb. Dövlət qurumları mülki şəxslərə dəfələrlə xəbərdarlıq edib. Buna baxmayaraq, insanlar icazəsiz və ya qanunsuz səfər edərək həyatlarını təhlükəyə atırlar. Bu barədə növbəti məlumatı Cəbrayıl Rayon Prokurorluğu yayıb.
Verilən məlumata görə, fevralın 7-də İlqar Əhmədova məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partlaması müəyyən olunub.
Əvvəlcə mərhumun və onunla birgə daha iki şəxsin itkin düşməsi ilə bağlı prokurorluğa müraciət daxil olub. Prokurorluq əməkdaşlarının hadisə yerinə baxışı zamanı həmin ərazidə itkin düşənlərdən birinin meyiti aşkar edilib. Təəssüf ki, işağldan azad olunan rayonlara vətəndaşlarımızın qanunsuz səfərləri bir neçə dəfə müşahidə edilib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı "Sherg.az"a bildirib ki, səbirli olmaq lazımdır:
“Əhali öz doğma torpaqları üçün darıxıb. Müdafiə Nazirliyinin çəkiliş qrupu kəndlərin dağıdılımış vəziyyətini insanların diqqətinə çatdırır. İnsanlar təsəlli etməlidirlər ki, həmin ərazilər ermənilərin işğalından azad edilib. Səbirlə gözləməlidirlər, minatəmizləmə prosesi tamamilə başa çatsın. Nəzərə almalıdılar ki, qanunsuz və ya icazəsiz səfərlər ölümlərə, hər halda şikəstliyə səbəb olur”.